Onlayn ictimai-siyasi qəzet
Göygöl Rayon Məhkəməsinin inzibati binasında insident baş verib. Kişi keçmiş baldızına bıçaq ataraq ona xəsarət yetirib.
Musavat.com xəbər verir ki, hadisəyə səbəb tərəflər arasında uzun müddətdir davam edən mübahisə və ədavət olub.
40 yaşlı Edman Rzayev keçmiş baldızı Tünzaləyə (ad şərtidir) bıçaq ataraq ona xəsarət yetirib. Tərəflər məhkəmə binasında görüşüblər. Zərərçəkmiş Tünzalə məhkəmə binasına uşaqlarını görmək üçün gəlibmiş. Bir müddət əvvəl ərindən boşanan Tünzalə məhkəmə qərarı ilə uşaqlarını görmək üçün məhkəmə binasında yerləşən Göygöl rayon İcra və Probasiya şöbəsinə gəlib.
Həmin vaxt onun yanında rəfiqəsi olub. Tünzalənin əri isə məhkəmə binasına qardaşı Edmanla gəlib. Lakin onlar uşaqları gətirmədiyi üçün Tünzalə övladlarını görə bilməyib və mübahisə yaranıb. Bu zaman Edman cibində olan bıçağı çıxararaq Tünzaləyə atıb. Ayağından xəsarət alan Tünzaləyə tibbi yardım göstərilib, hadisə yerinə polis əməkdaşları gəlib. Edmanın qanunsuz hərəkətlərinin qarşısını isə ilk olaraq qardaşı almağa çalışıb.
Edman üzərində bıçaq gəzdirməsininin səbəbini izah edərkən deyib ki, dişlərində problem olduğu üçün yediyi qidaları çeynəyə bilmirmiş. O, qəbul etdiyi qidaları həmin bıçaqla kiçik hissələrə bölərək yeyirmiş.
Zərərçəkmiş qadın keçmiş qaynından şikayətçi olmayıb. Xuliqanlıqda təqsirli bilinən Edman Rzayevə şərti cəza verilib.
İ.Muradov
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ