Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda məhkəmə qərarlarının icrasının illərlə uzanması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmə əsasən, Elnur Rauf oğlu İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elnur İbrahimov tərəfindən zərərçəkmiş Fərman Xeyrulla oğlu Məmmədova maddi ziyan vurulduğunu təsdiq edib. Məhkəmə Fərman Məmmədovun Elnur İbrahimova qarşı mülki iddiasını əsaslı sayıb və təmin edib. Lakin Elnur İbrahimov bu günədək mülki iddia üzrə 1 qəpik belə ödəməyib. Zərərçəkmiş deyir ki, səbəb Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin fəaliyyətsizliyidir. Fərman Məmmədov 1 ay öncə ədliyyə naziri Fərid Əhmədova müraciət edərək bu vəziyyətə son qoyulmasını və icra məmurlarına nəzarətin gücləndirilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(101)-75/2019 saylı hökmü ilə Elnur İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, zərərçəkmiş Fərman Məmmədova maddi ziyanı ödəməlidir. Qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib və icra üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Lakin son 6 ildən artıq müddətdə zərərin ödənilməsinə dair heç bir irəliləyiş yoxdur. Zərərçəkmişin sözlərinə görə, icra məmuru Vüqar Əliyev tərəfindən hələ 2019-cu ilin iyulunda icra işi açılıb. Amma bu günədək borclunun əmlakı siyahıya alınmayıb, heç bir məcburi tədbir görülməyib. Zərərçəkmiş məsələ ilə bağlı dəfələrlə müraciət etsə də, nəticə olmayıb. Sabunçu Rayon Məhkəməsi 3 may 2024-cü il tarixli qərardadı ilə icra məmurunun fəaliyyətsizliyini qanunsuz sayıb. Maraqlı və eyni zamanda ziddiyyətli məqam odur ki, Elnur İbrahimovun ödəmə qabiliyyəti var. Elnur İbrahimov mülki iddiası belə olmayan Həbib Axundova 55 min manat zərər əvəzi ödəyib. Bu isə onun ödəmə qabiliyyətinə malik olduğunu sübut edir.
Fərman Məmmədov bildirir ki, əgər vaxtında məcburi icra tədbirləri həyata keçirilsəydi, bu vəsait ona yönləndirilə bilərdi.
“Mülki iddiam təmin olunub, yəni hüquqi baxımdan tanınmış zərərçəkmişəm. Amma dövlətin adından məhkəmənin verdiyi qərar icra olunmadığına görə, bu gün ədalətin bərqərar olduğuna inamım sarsılıb”, – deyə o qeyd edir.
Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə məhkəmə qərarlarının icrasının vacibliyini vurğulayıb. 13 fevral 2017-ci il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” sərəncamında məhkəmə qərarlarının vaxtında və tam icrasının hüquqi dövlətin əsas şərtlərindən biri olduğu qeyd olunur. Həmçinin, 3 aprel 2019-cu il tarixli “Ədliyyə sistemində islahatların davam etdirilməsi haqqında” fərmanda bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun artırılması əsas vəzifələrdən biri kimi göstərilir.
Fərman Məmmədovun ədliyyə naziri Fərid Əhmədova ünvanladığı müraciətində Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin fəaliyyəti üzrə xidməti araşdırma aparılmasını xahiş edib. Fərman Məmmədov borclu Elnur İbrahimovun ödəmə qabiliyyətli olması nəzərə alınaraq əmlakı və gəlirləri üzrə yenidən axtarış aparılmasını, məcburi icra tədbirlərinin görülməsi, əmlaka həbs qoyulmasını, bank hesablarının bloklanması və digər addımların atılmasının mövcud qanunvericiliyin tələbi olduğunu vurğulayıb.
Zərərçəkmiş əlavə sənədlərlə də müraciətini əsaslandırıb. Bunlara Sabunçu Rayon Məhkəməsinin qərardadı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və borclunun digər şəxsə etdiyi ödənişə dair sənəd daxildir.
Fərman Məmmədov bildirir ki, hüquqlarını qorumaq üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcək:
“Azərbaycan Respublikası adından çıxarılmış hökmün icra olunmaması artıq 8 ilə yaxındır davam edir. Bu, yalnız mənim yox, ölkədə hüquqi dövlət prinsipinə inanan hər bir vətəndaşın problemidir. Əgər məhkəmə qərarları icra olunmursa, ədalət yalnız kağız üzərində qalır”.
Elşən Məmmədəliyev,
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ