Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Ağasandyan RİA Novosti-yə müsahibəsində İrəvanı hədələyib. Diplomat bildirib ki, Ermənistan birlik haqqında müqaviləni pozarsa, Avrasiya İqtisadi İttifaqı üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.
“Əgər İrəvan buna baxmayaraq, Aİİ qanunvericiliyinə zidd addımlar atsa, bizim fikrimizcə, bu baş verməyəcək, lakin başqa sözlə, Aİİ Müqaviləsini mahiyyətcə pozacaqsa, bizdə ittifaqın qalan üzv dövlətlərinin maraqlarını qorumaq üçün lazımi beynəlxalq mexanizmləri var”, - Ağasandyan söyləyib.
Onun sözlərinə görə, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq daxilində danışıqlarda fəal iştirak edib ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olduğunu təsdiqləyir.
Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzv olmaq üçün nəzərdə tutulan qanun layihəsini təsdiqləyib. Bu isə belə fikirlərə yol açıb ki, Ermənistan Avrasiya İttifaqından uzaqlaşmaq fikrinə düşüb. Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Aİİ-də üzvlüyü ilə bir araya sığmır.
Ermənistanın bir sıra siyasətçiləri, deputatları son illərdə bir neçə dəfə ölkənin Avrasiya İttifaqından çıxması təklifi ilə çıxış ediblər. Bunun üçün xüsusi qanun layihəsi hazırlayıb parlamentə təqdim edən deputatlar da olub. Lakin Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsinə baxmadığını hər dəfə açıqlayıb. Ən son bu barədə yanvar ayında ölkənin iqtisadiyyat naziri Gevork Papoyan keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, hazırda Ermənistan Aİİ-in üzvüdür və hökumətin gündəliyində də Aİİ-dən çıxmaq məsələsi yoxdur. G.Papoyanın sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzvlük gündəliyi paralel gündəlikdir: “Bizim vəzifəmiz bu gündəlikləri müzakirə etmək deyil. Vəzifəmiz Ermənistanın Aİ-də, Aİİ-də, harada olmasından asılı olmayaraq iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaqdır. İqtisadiyyatımız öz rəqabət qabiliyyətini artırmalıdır, məhsuldarlığımız artmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Ağasandyan xəbərdarlıq etməsi isə onu deməyə əsas verir ki, Moskva İrəvana arxayın deyil.
İrəvan Rusiya XİN-in bu xəbərdarlığı necə oxumalıdır?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Rusiyaya ilə münasibətlərini gərginləşdirməklə öz durumunu böyük təhlükə ilə üz-üzə qoymuş olur: “Rusiya bu dövlətin yaradıcısı olduğu üçün onu həmişə özünün yanında görmək istəyir və bu istəkdən də heç vaxt vaz keçməyəcək. Bunu Ermənistan rəhbərliyi başa düşməlidir. Mesaj-xəbərdarlıq əslində bu dediklərimizin dolayısı ilə çatdırılması məqsədi güdür. Bu gün Ermənistanın Rusiyadan hərtərəfli asılılığı elə bir səviyyədədir ki, onun qısa zaman kəsiyində Rusiyanın caynağından qopması demək olar ki, mümkün deyil. Ermənistan iqtisadiyyatı, onun xarici ticarət əlaqələri Rusiya ilə birbaşa bağlıdır. Bu gün Ermənistanın sərhədlərini Rusiya qoruyur. Rusiyanın Ermənistana istər Avrasiya İqtisadi İttifaqı xətti ilə, istərsə də bir çox başqa formalarda təsir göstərmək, yeri gəlsə Ermənistanı cəzalandırmaq rıçaqları kifayət qədərdir”.
Sabiq nazirə görə, sadəcə, Ermənistanın zaman-zaman Qərbə doğru getdiyinə dair yaratdığı görüntülərə Rusiya hələ ki, dözüm nümayiş etdirir, dolayı xəbərdarlıq etməklə kifayətlənir: “Hesab edirəm ki, Ukrayna ilə hərbi münaqişə bitdikdən sonra Rusiya Ermənistanla xüsusi haqq-hesab çəkəcəkdir. Ən azından ona görə ki, Rusiya özünün Ermənistan adlı forpostunun yaradılmasına və onun bu günə qədər bir dövlət kimi yaşamasına zamanla böyük pullar xərcləyib. Moskva öz layihəsini tamamilə onun əlindən çıxmasına imkan verməyəcək. Ermənistan hakimiyyəti bunu əslində bilməmiş deyil. Ona görə də yəqin ki, Rusiyadan verilən son mesaj İrəvan düzgün oxuyacaq və Avrasiya İqtisadi İttifaqından çıxmayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ