İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə Rusiyadan qorxmağa başlayıb 

Ermənistan nə Avrasiya İqtisadi İttifaqından gedir, nə rus qoşunlarını çıxarır; analitikə görə, hazırkı geosiyasi reallıqda bunun əksi baş nazir üçün siyasi intihar olardı...

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada keçirilən “Globsec-2025" forumunda deyib ki, Ermənistan eyni vaxtda həm Avropa, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) ola bilməz, lakin Aİ standartlarına mümkün qədər cavab vermək üçün demokratik islahatları davam etdirə bilər. Musavat.com xəbər verir ki, Paşinyan Ermənistanın belə qərar qəbul edəcəyini, lakin bunun Ermənistan vətəndaşları tərəfindən, təbii ki, hökumətin və parlamentin rəhbərliyi altında qəbul edilməsinin vacibliyini vurğulayıb.

O, rus qoşunlarının mövcudluğundan tamamilə imtina etməyi istisna edib və eyni zamanda etiraf edib. “Keçən il biz Rusiya qoşunlarının sayını azaltdıq, lakin digər tərəfdən, qarşımıza Ermənistanda rus qoşunlarının mövcudluğuna son qoymaq vəzifəsi qoymuruq. Bizim başqa vəzifəmiz var: region ölkələri ilə davamlı və sabit sülh qurmağı bacarmaq”, - Paşinyan bildirib. Vurğulayıb ki, İrəvanın Brüssellə əməkdaşlığa daha da yaxınlaşsa da, Moskva ilə münasibətləri kəsmək niyyətində deyil.

Baş nazir Ermənistanın xarici siyasətini balanslaşdırılmış adlandırıb, lakin qeyd edib ki, ölkə eyni vaxtda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməyəcək və gələcəkdə hansısa məqamda qərar qəbul etməli olacaqlar. Ermənistan ərazisində Rusiya qoşunları Gümrüdə 1995-ci il dövlətlərarası müqaviləyə əsasən oradadırlar. 2010-cu ildə Rusiya qüvvələrinin mövcudluğu müddəti 2044-cü ilə qədər (ilkin olaraq 2020-ci ilə qədər) uzadılıb. Erməni ekspertlər hesab edirlər ki, Paşinyanın Çexiyada auditoriyanın “qulağına xoş gələn” bəyanatlar verib, nitqini “əgər” və “o zaman” kimi ifadələrlə bəzəməsi onu göstərir ki, baş nazirin Ermənistan ətrafında baş verən proseslərin hara aparacağı barədə heç bir fikri yoxdur.

O da xüsusi vurğulanır ki, Ermənistan istər ticarət-iqtisadi, istərsə də enerji təhlükəsizliyi baxımından Rusiya ilə əməkdaşlıqdan, digər Aİİ ölkələri ilə ticarət-iqtisadi əlaqələrdən tamamilə asılıdır. Bu kontekstdə aydındır ki, Ermənistan hakimiyyəti Aİİ-dən çıxmaq məsələsini öz daxili diskursunda qaldırmır, çünki belə siyasət erməni dövlətinin dağılmasına gətirib çıxaracaq.

Xatırladaq ki, Ermənistanın Aİİ-dən nəzəri çıxması ilə bağlı söhbətlər Ermənistan parlamentinin 2025-ci il martın 26-da ikinci və yekun oxunuşda ölkənin Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı qanun layihəsini qəbul etdikdən sonra yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan izah edib ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır. Daha sonra o bildirib ki, Ermənistan Aİİ-də özünü “yaxşı hiss edir”.

Həm Aİİ ilə bağlı mövqeyi, həm də xüsusilə Rusiya qoşunları ilə bağlı söylədiklərinin balanslı siyasətlə əlaqəsi yoxdur, əslində Ermənistanın dalana dirəndiyini göstərir. Paşinyan nə qədər çalışsa da, bəzəkli sözlərlə Rusiyadan yenidən qorxmağa başladığını gizlədə bilmir. “Moskva ümid edir ki, İrəvan Rusiya ilə münasibətlərə xələl gətirəcək addımlar atmayacaq və bu münasibətləri qoruyub saxlayacaq”. Bunu iyunun 13-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Diplomatın sözlərinə görə, Moskva beynəlxalq əlaqələrin genişləndirilməsində Ermənistana yardım etməyə hazırdır: “Eyni zamanda biz ondan çıxış edirik ki, erməni tərəfi bizim çoxşaxəli əməkdaşlığımıza xələl gətirəcək və qardaş xalqlarımızın çoxəsrlik əlaqələrinə xələl gətirəcək addımlar atmayacaq”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam - Yeni Çağ

Qabil Hüseynli 

“Yeni Müsavat”a Moskva-İrəvan əlaqələrini şərh edən professor Qabil Hüseynli isə indiki şəraitdə Paşinyanın manevr etmək məcburiyyətində olduğunu fikirləşir. Onun qənaətinə görə, regionda vəziyyət kəskin şəkildə dəyişəndə yenidən anti-Rusiya siyasətini gücləndirəcək. Q. Hüseynli hesab edir ki, dünyada və Cənubi Qafqazda şərtlər Ermənistan üçün hələ məqbul deyil, bu səbəbdən Moskvaya qarşı ritorika xeyli dəyişib: “Çünki Paşinyan hakimiyyətinə əvvəlki dəstək yoxdur. Fransa və ABŞ-ın başı münaqişələrə qarışıb, Ermənistan heç yada düşmür. Üstəgəl, seçki yaxınlaşır deyə ruspərəst qüvvələr fəallaşıb. Paşinyan məcburdur ki, addımları ilə Rusiyanı və onun himayəsində olanları neytrallaşdıra bilsin. Ancaq birdəfəlik unutmayaq ki, Paşinyan nə olur-olsun, Qərbin adamıdır, onun Rusiyadan xoşu gəlmir, yeni imkanlar yarananda rus hərbçilərini çıxarmaq, Gümrüdəki bazanı bağlamaq istiqamətində addımlarını yenidən sürətləndirəcək”.

Professorun fikrincə, Ermənistanın Aİİ üzvü olması hesabına ticarət dövriyyəsi artır, hazırda onu tərk etmək aktual deyil: “Buradan uzaqlaşmaq o demək sayılmır ki, Ermənistanı dərhal Avropa İttifaqına üzv edəcəklər. Gürcüstanla Moldova uzun illərdir ki, növbədə gözləmədədir. Ukrayna belə bu təşkilata qoşulmayıb. Paşinyan yaxşı başa düşür ki, bu məsələdə kəmhövsələlik etsə, "Əli aşından da olar, Vəli aşından da...""

Politoloqun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri Paşinyan hakimiyyəti dövründə həmişə belə ziqzaqdan ibarət olub: “Lakin erməni baş nazir ölkəsinin gələcəyini Avropaya inteqrasiyada görür. Sadəcə, sabit və müstəqil xarici siyasət kursu yoxdur. Onun qarşısında Rusiya əngəli qalmaqdadır, Qərbdən də lazımi dəstəyi ala bilmir, Avropaya çıxışını təmin edəcək Türkiyə ilə münasibətlərin tam normallaşmasının da şərtləri rəsmi İrəvana aydındır. Hazırda Rusiya Ermənistanın Tramp administrasiyasından yüksək dəstək almadığını bildiyi üçün onu sıxışdırır. Paşinyan da bu vəziyyətdə reallıqla razılaşmalı olur. Zənnimcə, Ermənistanda Rusiyanın hərbi-siyasi varlığı hələ uzun müddət qalacaq, təsirlərini saxlayacaq. Hər şey Ukrayna cəbhəsində gedişatdan asılı olaraq inkişaf edir. Paşinyan bilir ki, Avrasiya İqtisati İttifaqından çıxmaq hazırda siyasi intihar olar. Bunun nəticəsində Avropa İttifaqı ilə olan ticarət dövriyyəsi onu xilas etməyəcək. Ona görə adını "balanslı siyasət" qoymağa çalışır. Halbuki Kremldən çox çəkinir və radikal qərarlar verməyə risk etmir".

Həmsöhbətimiz güman edir ki, Putin Paşinyana güvənmir: “Onun paradda iştirakı, təbrik məktubları, zənglərinə baxmayaraq, Rusiya lideri "Soros" Fondunun sponsorluğu ilə iqtidara gələn birinə inanmır. Ona görə də Paşinyanın devrilməsi onun Ermənistanda ən böyük arzusudur. Sadəcə, hazırkı reallıqlar buna imkan vermir. Gələn il keçiriləcək seçkidən Paşinyanın necə çıxacağı qeyri-müəyyəndir. Kreml ondan birdəfəlik canını qurtarmaq istəyindədir. Rusiya anlayır ki, Paşinyan hakimiyyətdə qaldıqca Ermənistanı istədiyi kimi idarə edə bilməyəcək. Odur ki, hakimiyyəti dəyişməlidir. Kilsənin aktivləşməsi də buna hesablanıb”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR