Onlayn ictimai-siyasi qəzet
İran ABŞ və İsrailə növbəti dəfə meydan oxuyub. Prezident Məsud Pezeşkian bildirib ki, İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.
Bu barədə "Report" məlumat yayıb.
"Alimlərimizin şüurundadır, (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", - deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı Pezeşkianın sözlərini yayıb.
Cənub qonşumuz bununla nə etmək istəyir? Bu, "yeni müharibəyə hazırıq" mesajıdır?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a söyləyib ki, İran prezidenti hətta uranın zənginləşdirilməsi prosesi başa çatdıqdan sonra belə bir açıqlama verə bilər:
"12 günlük İsrail-İran müharibəsi tərəflərdən heç birinin nə qələbəsi, nə də məğlubiyyəti ilə nəticələndi. Ona görə bu münaqişəni hələ də bitmiş hesab etmək mümkün deyil. Birləşmiş Ştatların hava zərbələrindən sonra İranın nüvə obyektlərinin sıradan çıxarıldığı bildirilsə də, bu fikir təsdiqini tapmadı. Dərin yeraltı sığınacaqlarda qurulmuş və uranın zənginləşdirilməsini həyata keçirən qurğuların tamamilə məhv edilməsi ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.
Pezeşkianın açıqlaması göstərir ki, İran nüvə proqramının icrasını dayandırmayıb. Adətən siyasilərin belə ciddi məsələlərlə bağlı bəyanatları işin başlanğıcında deyil, son mərhələlərində verilir. Ona görə də ola bilsin ki, İran uranın zənginləşdirilməsi ilə bağlı qarşısına qoyduğu hədəfə çatıb. Dağılmış obyektlərin bərpasını isə atəşkəsdən dərhal sonra həyata keçirib. Çünki əsas diqqət nüvə obyektlərinin xarici görünüşünə deyil, daxili strukturunun işləkliyinə yönəldilməlidir.
Pezeşkianın ofisinin yaydığı bu informasiya İsrailə qarşı mübarizənin yeni yüksək mərhələyə keçdiyinin siyasi ifadəsidir. ABŞ-yə isə İranla münasibətlərdə daha ehtiyatlı olmağa çağırışdır. Bu açıqlama ilə İran bir daha regionda gedən sürətli siyasi oyunlardan kənarda qalmaq istəmədiyini və onun da fikrinin nəzərə alınmasının vacibliyini çatdırmaq istəyib".
Cavanşir ABBASLI
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ