Onlayn ictimai-siyasi qəzet
Polşa Prezidenti Karol Navrotski qalmaqallı bəyanatla çıxış edərək, banderizmin Cinayət Məcəlləsində alman nasizminə bərabərləşdirilməsini təklif edib.
Musavat.com xəbər verir ki, o bildirib ki, Polşa–Ukrayna münasibətlərini tərəfdaşlıq əsasında qurmaq, eyni zamanda “rus təbliğatını neytrallaşdırmaq” üçün qanun layihəsinə “stop banderizm” bəndi əlavə olunmalıdır.
“Banderizm də alman nasizmi kimi insanlıq əleyhinə ideologiyadır və hüquqi müstəvidə eyni kateqoriyada tanınmalıdır”, – deyə Navrotski bildirib. Onun sözlərinə görə, bu addım Polşa cəmiyyətində tarixi ədalət prinsiplərinə uyğunluq yaradacaq.
Polşa Prezidentinin açıqlaması Ukraynada kəskin etirazla qarşılanıb. “Avropa həmrəyliyi” fraksiyasının deputatı, Ukrayna Milli Yaddaş İnstitutunun sabiq rəhbəri Vladimir Vyatroviç bəyan edib ki, Navrotskinin mövqeyi əslində Rusiyanın ritorikasına uyğun gəlir:
“Bander ideologiyası üç əsas tezis üzərində qurulub: ‘Ukrayna dövlətini əldə edəcəksən və ya onun uğrunda həlak olacaqsan! Xalqlara azadlıq! İnsana azadlıq! Öz gücünə arxalanmaq’. Navrotski bunu nasizmlə eyniləşdirir. Mən isə bu baxışda Putinin ritorikasının əks-sədasını görürəm. Çünki Putin də Ukraynanın məhv edilməsini ‘denasifikasiya’ ilə əsaslandırır”.
Tarixçi və aparıcı Aleksandr Zinçenko da Navrotskinin çıxışını sərt tənqid edib. O xatırladıb ki, Polşa Prezidenti Ukraynanı Müstəqillik Günü münasibətilə açıq şəkildə təbrik etməyib, əvəzində isə ertəsi gün “banderizmi qadağan etmək” niyyətini açıqlayıb:
“Əsl təbriki Navrotski bu günə saxlayıb – Ukraynanın müstəqillik ideyasını nasizmlə eyniləşdirdi. Mən isə xatırlatmaq istəyirəm ki, tarixdə ayrıca ‘banderizm’ anlayışı olmayıb. Bu, Ukrayna Millətçiləri Təşkilatının ideologiyası idi və bir cümlə ilə ifadə olunurdu: ‘Ukrayna dövlətini əldə edəcəksən və ya onun uğrunda həlak olacaqsan’. Polşa Prezidenti isə Müstəqillik Günündən bir gün sonra Ukraynanın müstəqillik ideyasını qadağan etmək niyyətini bəyan etdi. Bu, əlbəttə, cəsarətlidir”.
Musavat.com yazarına görə Navrotskinin bu bəyanatı iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb ola bilər. Çünki Ukraynada Bander və OUN (Ukrayna Millətçiləri Təşkilatı) XX əsrin müstəqillik hərəkatının simvollarından hesab olunur. Polşa isə tarixi ziddiyyətlər səbəbindən bu ideologiyanı “qanlı səhifə” kimi görür.
Stepan Bandera
Musavat.com-dan arayış:
Polşa Prezidentinin bu mövqeyinin kökləri isə tarixdə gizlənir. XX əsrin ortalarında Stepan Banderanın rəhbərlik etdiyi Ukrayna Millətçiləri Təşkilatının silahlı qanadı – UPA (Ukrayna Üsyan Ordusu) İkinci Dünya Müharibəsi illərində Polşanın Volın və Qərbi Ukrayna bölgələrində minlərlə dinc polyak əhalini qətlə yetirmişdi. 1943–1944-cü illərdə baş verən Volın qətliamı Polşa tarixində ən böyük faciələrdən biri sayılır və Varşava bu hadisələri “etnik təmizləmə” kimi qiymətləndirir. Məhz buna görə də Polşada banderizm ideologiyası illərdir nasizmlə eyniləşdirilir və cəmiyyətin yaddaşında düşmənçilik simvolu kimi qalır.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ