Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Qarabağdan köçmüş şəxslərlə bağlı fəaliyyət göstərdiyini iddia edən altı qeyri-hökumət təşkilatı bu gün “əməkdaşlıq memorandumu” imzalayıb.
Musavat.com xəbər verir ki, sənədin məqsədi guya “Qarabağ ermənilərinin sosial problemlərinin həlli və təhlükəsiz qayıdış hüququnun təmin edilməsi” kimi təqdim olunur.
Musavat.com hesab edir ki, bu təşəbbüs gerçəkdən çox, Rusiyanın təsirində olan şəbəkələrin informasiya və siyasi manipulyasiyasıdır.
Çünki artıq nə “Dağlıq Qarabağ” adlı inzibati ərazi var, nə də orada separatçı idarəetmədən əsər-əlamət qalıb. Azərbaycan suverenliyini tam bərpa edib, həmin ərazilərdə reinteqrasiya prosesi dövlətin nəzarəti altında aparılır.
İndi bu mövzunu “geri qayıdış” adı ilə yenidən gündəmə gətirmək – süni şəkildə gərginlik yaratmaq, Paşinyan hökumətini və Bakı ilə sülh prosesini hədəfə almaq cəhdidir.
Ermənistan rəhbərliyi də bu cür QHT təşəbbüslərinə açıq etiraz edir. Baş nazir Nikol Paşinyan və komandası bildirirlər ki, belə qurumlar “ictimai təşəbbüs” adı altında Moskva və onun xüsusi xidmət orqanları tərəfindən idarə olunur.
Yəni, bu kampaniyalar nə Ermənistanın dövlət siyasəti, nə də onun gələcək kursu ilə bağlıdır - əksinə, Paşinyanın Qərbə inteqrasiya cəhdlərinə qarşı yönəlib.
Parlamentin spikeri Alen Simonyan da bir neçə gün əvvəl bu məsələyə toxunaraq açıq şəkildə demişdi:
“Qarabağdan köçən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəmir. Onlar üçün bu məsələ artıq bitib”.
Simonyanın sözlərinə görə, həmin şəxslərin bir hissəsi artıq Ermənistanda da yaşamır - ən azı 20 mindən çoxu Avropa ölkələrinə, Rusiya və Kanadaya köç edib.
Azərbaycan tərəfi bu istiqamətdə hər hansı müzakirənin indiki anda mənasız olduğunu dəfələrlə bəyan edib. Rəsmi Bakı vurğulayır ki, “geri qayıdış” yalnız Azərbaycanın suveren qanunvericiliyi çərçivəsində mümkündür və bu məsələ 2023-cü ilin payızında bölgədə separatçı rejimin süqutu ilə tam bağlanıb.
Hazırda Azərbaycanın reinteqrasiya siyasəti yalnız öz vətəndaşlarını əhatə edir, Ermənistanın və ya Rusiyanın “təşkilatlaşdırılmış geri dönüş” cəhdlərinə isə heç bir hüquqi əsas yoxdur.
Analitiklərin fikrincə, İrəvanda QHT adı altında baş verən bu cəhdlər həm Ermənistanın daxili sabitliyinə, həm də Bakı-İrəvan sülh prosesinə yönəlmiş təxribatlardır.
Bu qurumların bəzilərinin maliyyə mənbələri birbaşa Rusiya kəşfiyyat strukturlarına bağlıdır və məqsəd Paşinyan hökumətini təzyiq altında saxlamaq, Cənubi Qafqazda “köhnə münaqişə ocaqlarını” yenidən qızışdırmaqdır.
Reallıq isə tam fərqlidir: nə Qarabağda “qayıdış” üçün sosial baza var, nə də qayıtmaq istəyənlər. Qarabağdan köçmüş ermənilərin böyük əksəriyyəti artıq yeni həyatlarını Ermənistanın hüdudlarından kənarda qurublar və heç biri geri dönmək niyyətində deyil.
Beləliklə, Ermənistanda “Qarabağlılar üçün QHT birliyi” adı altında baş verən bu proses, əslində, Moskvanın Cənubi Qafqazda təsirini qorumaq üçün hazırladığı köhnə ssenarinin davamıdır.
Bu, nə real sosial təşəbbüsdür, nə də sülhə töhfə. Sadəcə, boş və köhnə “Qarabağ kartı”nın yenidən masaya atılması cəhdidir.
Musavat.com
02 Noyabr 2025
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ