Onlayn ictimai-siyasi qəzet
Xankəndi sammitinə görə yuxusu qaçan ölkələrdən biri də şübhəsiz, Hindistandır. Çünki iki gün öncəki ali tədbir iqtisadi mövzulara həsr olunsa da, əslində hər şeydən öncə bölgədə hərbi güc balansının kimin tərəfində olduğunu, özəlliklə Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini qabarıq şəkildə dünyaya nümayiş etdirdi.
Dərin və dayanıqlı bünövrəyə söykənən bu üçlüyün nəyi yoxdur ki. Böyük enerji resurslarından tutmuş, əlverişli logistika imkanları və coğrafi mövqeyə, mükəmməl və döyüşkən ordulara, nəhayət, atom silahınadək. Yəni məntiqlə bu üç dövlətlə dost olmaq gərəkir. Hindistan isə cırtdan Ermənistana görə hər üç ölkə ilə mənasız düşmənçilik aparmaqla öz ayağına faktiki güllə sıxmaqdadır...
Digər paradoks ondadır ki, Ermənistanın özü Azərbaycan Ordusunun Güney Qafqazda yaratdığı yeni reallıqla faktiki barışıb. 4 ay öncə Bakı ilə sülh sənədi mətninin razılaşdırılması buna sübutdur. Sənədin imzalanması tarixi də əhəmiyyətli dərəcədə yaxınlaşıb.
İrəvan həmçinin Rusiya boyunduruğundan qurtulmaq üçün Türkiyə və Azərbaycanla anlaşmanı yeganə və həlledici amil kimi dərk etməyə başlayıb. Kapitulyant ölkə rəhbərliyinin ECO-nun Xankəndi sammitinə hər hansı qıcıqlı reaksiya bildirməməsi ən əvvəl bu narrativlə bağlıdır. Halbuki vaxtilə Bakıdan Şuşaya adicə əcnəbi diplomatların səfərlərinə isterik münasibət göstərirdilər. Qısası, Paşinyan hökuməti Güney Qafqazda əsas güc sahibinin hansı ölkə və ya hansı hərbi-siyasi ittifaq olduğunun fərqindədir.
Odur ki, rəsmi Yeni Dehli “qatardan” qalmamaq üçün öz milli maraqları naminə nə qədər gec deyil, Azərbaycanla bağlı siyasətinə təzədən baxmalıdır, nəinki Bakı, Ankara və İslamabada qarşı düşmənçilik ritorikasına davam etməlidir. Axı saxta “erməni soyqırımı”nı tanımaq Hindistana və onun xalqına nə verə bilər? Əlbəttə ki, digər 10-15 ölkəyə nə veribsə, onu – özünə pislikdən savayı heç nə...
Ən absurdu isə budur ki, heç Paşinyan hökumətinin özü buna can atmır. Aylar öncə rəsmi İrəvan açıq bəyan edib ki, “soyqırımı tanıtmaq” məsələsi Ermənistanın xarici siyasət prioritetləri sırasında deyil. Baş nazir Nikol Paşinyan hətta uydurma genosidi, 1.5 milyon rəqəmini şübhə altına alan açıqlamalar səsləndirib və buna görə daxildə hələ də ciddi şəkildə tənqid olunur, hətta satqın kimi damğalanır.
Məsələ ondadır ki, Paşinyana qədər onun sələflərindən heç kim buna getməyib. Ona görə ki, Nikol Bakı və Ankara ilə ortamı yumşaldacaq qərarların Ermənistanın köklü maraqlar baxımından qat-qat vacib olduğunu anlayır. Əks təqdirdə bu ölkə nə təcriddən çıxa biləcək, nə də Hindistanın, ABŞ-ın silahları onu xilas edəcək.
Son həftələr Ermənistanda yaşananlar, o cümlədən Rusiyaya bağlı radikal-revanşist qüvvələrə - kilsəyə, “5-ci kolon”çulara qarşı açılan cəbhə, bır sıra odioz şəxslərin həbsi ilk növbədə bununla bağlıdır. Yeri gəlmişkən, Rusiya uydurma genosidi tanıyan ölkələrdəndir (1995, 2005).
Ən mühümü, erməni xalqı üçün müharibə limiti bitib. İndi qonşularla dil tapıb əmin-amanlıq içində yaşamaq, inkişaf yoluna çıxmaq, normal qonşu olmaq zamanıdır. Bu şans bir daha ələ keçməyəcək. Dəfələrlə yazmışıq, Ermənistan adlı simvolik dövlətin varlığına ən güclü zəmanəti Rusiya, ABŞ, İran və ya Fransa deyil, məhz qonşu Türkiyə və Azərbaycan verə bilər və verəcək. Yolu bəlli. Velosipedi təzədən kəşf etməyə lüzum yox...
Z.SƏFƏROĞLU
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ