İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı ət, balıq, çərəz – Payızda sağlam olmaq üçün daha hansı qidaları qəbul etməliyik?

İnsan orqanizmi təbiətlə sıx bağlıdır – hər fəsil öz rəngini, ritmini və təsirini gətirir. Təbiətdə dəyişikliklər baş verdikcə, bədənimiz də bu dəyişikliklərə uyğunlaşmağa çalışır. Hər mövsümün öz elementi var: hansı orqanın daha çox qayğıya ehtiyac duyacağını, hansı emosiyanın ön plana çıxacağını və həmin dövrdə orqanizm üçün ən faydalı qidanın nə olacağını müəyyənləşdirir. Payız isə həm bolluq, həm də yavaş-yavaş qışa hazırlıq fəsli kimi xüsusi əhəmiyyət daşıyır. Bəs soyuq günlərə doğru irəliləyərkən enerjimizi itirməmək, əksinə, daha güclü və sağlam qalmaq üçün payızda hansı qidaları qəbul etməliyik?

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, hər fəslin öz qidalanma xüsusiyyəti var:

“Hər fəsil yenilənmədə orqanizmin immun sistemi fəaliyyətini dəyişdirir və bədənimiz özünü tənzimləməyə başlayır. Bu proses ətraf mühitin təsirlərinə qarşı müqavimətimizi artırır. Payız fəslində bu xüsusilə önəmli olur, çünki havanın kəskin soyuması və bəzən birdən-birə isinməsi bədənin adaptasiya mexanizmini sınayır. Belə dəyişikliklərə həssas insanlarda təzyiq artımı, revmatizm xəstələrində sinir və onurğa ağrıları müşahidə oluna bilər. Xüsusilə payızdan qışa keçid dövründə revmatizmi olan insanlar daha diqqətli olmalıdırlar.

Eyni zamanda şəkər və arterial təzyiq xəstəliyi olanların qidalanmasına xüsusi önəm verməsi vacibdir.

Payız fəslinə keçid zamanı qidalanma yüksək səviyyədə olmalıdır, çünki mühitdəki infeksiyalardan qorunmağın ilk silahı sağlam qidalanmadır. Strateji baxımdan, qidalanma bütün immun sistemimizin güclənməsində həlledici rol oynayır. Səhər yeməyi bu baxımdan ən vacib yeməkdir. Səhər yeməyi bədənimizi gün ərzində aktiv və enerjili saxlayır, immun sistemini aşağı pillədən yüksək pilləyə qaldırır və qoruyucu funksiyasını aktivləşdirir.

Ağız boşluğunda mövcud olan qoruyucu hüceyrələr nə qədər aktiv olarsa, orqanizm ətraf mühitin infeksiyalarına qarşı bir o qədər güclü olur. Lakin siqaret çəkən, səhər yeməyi yeməyən və ya düzgün qidalanmayan insanlarda bu qoruyucu hüceyrələrin fəaliyyəti zəif olur. Nəticədə belə insanlarda tez-tez baş ağrısı, halsızlıq və infeksiyalara qarşı davamlılığın aşağı olması müşahidə edilir. Xüsusilə arterial təzyiqi yüksək olanlar və miqren xəstələri payız fəslində daha çox risk altındadırlar”.

Ləman Süleymanova vurğulayıb ki, payız-qış dövründə qidalanmada müəyyən prinsiplərə riayət etmək vacibdir:

“Günün ikinci yarısında yüngül qida, saat 15:00-dan sonra isə həzm prosesini yaxşılaşdırmaq üçün az miqdarda yemək tövsiyə olunur. Bəzi insanlar səhər yeməyi etmədən işə gedir, günorta yemək yemir, axşam isə çox yeyir. Bu, mədə-bağırsaq problemlərinə, arterial təzyiqin və şəkərin qalxmasına səbəb olur. Nəticədə artıq çəki, qastrit, mədə və 12 barmaq bağırsaq xorası və digər sağlamlıq problemləri ortaya çıxır.

Menyuya xüsusi diqqət yetirmək lazımdır. Qırmızı ət dəmirlə zəngin olduğu üçün mütləq olmalıdır. Ət məhsullarından qırmızı ət və balığa üstünlük verilməli, həmçinin dəniz məhsulları rasiona daxil edilməlidir. Payız fəslində çərəzlər də vacibdir – günün birinci yarısında qoz, fındıq, badam və digər quru meyvələr qəbul etmək orqanizm üçün faydalıdır. Xüsusilə uşaqların menyusunda bu məhsulların olması sağlam inkişaf üçün önəmlidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR