Onlayn ictimai-siyasi qəzet
Keçmiş prezident Ter-Petrosyanla diplomat Kopırkin seçki ərəfəsi yenidən bir araya gəlib; bəs Bakıda niyə müxaliflərlə Moskvanın elçisi danışıqlar aparmır?
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. Rəsmi məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Görüş Ter-Petrosyanın malikanəsində baş tutub və bir saatdan çox davam edib. “Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, həmçinin Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyi” xüsusi diqqətdə olub. “Birinci prezident Rusiyanın Cənubi Qafqazda mövcudluğuna fövqəladə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, Ermənistanın etibarlı və səmimi dostları İran, Gürcüstan, Fransa, Yunanıstan, gələcəkdə isə Hindistan və Çindir”, - məlumatda qeyd edilib.
Maraqlıdır ki, son vaxtlar rusiyalı diplomatın müxalifət təmsilçiləri ilə təmasları intensivləşib. Elə Ter-Petrosyanın özü sonuncu dəfə bu ilin fevralında Kopırkinlə bir araya gəlmişdi. Nə baş verir? Nədən eyni təmaslar Rusiyanın Bakıdakı səfiri ilə Azərbaycanda müxalifət təmsilçiləri ilə də keçirilmir?
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda müxalifət Rusiya rəsmiləri ilə heç zaman təmaslar qurmağa zərurət görməyib. Onun sözlərinə görə, zaman-zaman Rusiya liberalları və demokratları ilə bəzi görüşlər olub, amma indi bu da yoxdur: “Çünki Rusiyada bu qüvvələr demək olar ki, sıradan çıxarılıb. Hazırkı Kreml iqtidarı isə despotdur və Rusiya rəhbərliyi Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunaraq barəsində həbs orderi çıxarılıb. Eyni zamanda Azərbaycan təyyarəsini vurub üzr istəməyiblər, kompensasiya ödənilməyib. Belə bir Rusiyanın Azərbaycandakı səfiri ilə niyə görüş olsun ki?!”
Partiya sədrinin müavini qeyd edib ki, Ermənistanda isə müxalifət birbaşa Rusiyadan qidalanır: “Hətta özünü demokrat kimi qələmə verməyə çalışan Ter-Petrosyanın da, göründüyü kimi, Rusiya ilə bağlantıları üzə çıxır. Əka halda, rus səfir onun iqamətgahına getməzdi. Bu görüşlərin yeganə məqsədi Ermənistanda hakimiyyət çevrilişi həyata keçirmək imkanlarını müzakirə etməkdir. Lakin Ter-Petrosyan Kopırkinə izah etməyə çalışır ki, hazırda dəyişiklik üçün o potensial yoxdur. Üstəlik, onun özü və digərləri gözdən düşmüş erməni siyasətçiləridir. Əslində, belə görüşlər Paşinyanın işinə yarayır. O, cəmiyyətə təqdim edir ki, hakimiyyətə qayıtmaq istəyən qüvvələr Rusiyaya bağlıdır, səfirlə danışıqlar aparırlar. Yəni Ermənistanı yenidən qaranlıq keçmişə, inkişafdan cəhənnəmə, Rusiya vassalığına dəvət edən siyasi qüvvələr onun rəqibləridir. Paşinyan xalqa göstərir ki, özü ABŞ-də sülh sazişini paraflayır, Avropa İttifaqına inteqrasiya tərəfdarıdır, Türkiyə ilə sərhədləri açmaqda qərarlıdır, ölkəyə investisiya cəlb edir. Bax, belə bir müxalifət Paşinyana sərf edir. Çünki belə görüşlərlə özlərini ifşa edirlər. Azərbaycandan fərqli olaraq, Ermənistan müxalifəti özünü və ölkəsini Rusiyanın yanında görür”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə hesab edir ki, səfirlə keçmiş prezidentin görüşlərində seçkilər daha çox müzakirə edilir: “Bundan əvvəl də onların danışıqları olmuşdu. Rusiya müxalifətin imkanlarını öyrənməyə çalışır. Amma Ermənistanda müxalif qüvvələr əvvəlki qədər güclü deyil. Kilsədə aparılan həbslər də buna təsir edib. Həmçinin regional proseslər erməni cəmiyyətinin ovqatını dəyişib. Doğrudur, keçirilən rəy sorğularında sülh əleyhdarları diqqəti cəlb edir, amma müxalifətin bundan istifadə edə biləcəyini görmürəm. Sadəcə, cəmiyyət yeni reallıqlara tam hazır deyil. Bu da başadüşüləndir”.
E.Mehdiyevə görə, çünki zəhərlənmiş bir cəmiyyətdir, 44 günlük müharibədəki məğlubiyyətin şokundan hələ indi-indi ayılırlar, bir növ terapiya keçirlər: “Təsəvvür edin, onlara təbliğ olunub ki, Qarabağ ermənilərindir, "artsax" adlı ikinci erməni dövləti qurulacaq, dənizdən dənizə guya böyük Ermənistan yaradılacaq. Belə puç xəyallarla beyni doldurulmuş xalq indi tamamilə hər şeyə razılıq verə bilməz. Hətta onları inandırmışdılar ki, azərbaycanlılar döyüşməzlər, guya bizim gücümüz yoxdur, Türkiyə düşməndir, Rusiya qardaşdır. İndi bu miflər dağılıb, erməni xalqı hələ də inana bilmir ki, başlarına nələr gəlib. Ona görə də bəzi qruplar ümidlə yaşayırlar ki, bəlkə yenə Qarabağı geri aldılar, yaxud ora qayıtdılar. Müxalifət də müntəzəm şəkildə təbliğat aparır ki, hələ heç nə bitməyib, “artsax” davası gedəcək".
Onun fikrincə, Rusiya da bu propoqandanın arxasında dayanıb: “Amma ermənilərin çoxu buna inanmır. Odur ki, Ter-Petrosyan və digərlərinin rus diplomatla görüşləri effekt verməyəcək. Hətta seçki yaxınlaşdıqca danışıqların intensivləşməsi də istisna deyil. Sadəcə, Paşinyan administrasiyası da boş oturmayıb və iş görür”.
Qeyd edək ki, Ermənistanda Rusiyanın hərbi bazaları var. Həmçinin sərhədlərini rus əsgərləri qoruyur. Ermənistanın dəmiryolları Rusiyanın mülkiyyətidir. Baş nazir Paşinyan isə Rusiyanın Ermənistanda hərbi varlığını təhdid adlandırıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ