Onlayn ictimai-siyasi qəzet
Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) Ukraynaya genişmiqyaslı işğaldan sonra tətbiq edilən sanksiyaları yumşaltmağı xahiş edib. Reuters-in məlumatına görə, Moskva təyyarə hissələrinin tədarükünə qoyulan məhdudiyyətlərin onun mülki donanmasının təhlükəsizliyinə ciddi təsir göstərməsindən narahatdır.
Qeyd edilir ki, 2022-ci ilin fevral ayından (Ukraynaya qarşı işğalçı müharibə başlayandan - red.) etibarən Qərbin sanksiyaları Rusiyanın yeni xarici təyyarələrə və mövcud təyyarələr üçün komponentlərə çıxışını məhdudlaşdırıb. Mənbələrə görə, Rusiya aviaşirkətləri ilk növbədə Airbus olmaqla 700-dən çox təyyarənin hissələrini mürəkkəb dolayı marşrutlar vasitəsilə almağa məcbur olub. Moskva bu məhdudiyyətlərin beynəlxalq qaydaları pozduğunu iddia edərək, onları aradan qaldırmağa çalışır, eyni zamanda 36 üzvdən ibarət ICAO-nun İdarə Heyətinə üzv olmaq istəyir.
Rusiya aviasiya mənbələrinə görə, Rusiyanın Boeing və Airbus donanması köhnəlir və bütün hissələri hətta dolayı kanallar vasitəsilə əldə etmək mümkün deyil. “Rosaviasiya” və Rusiya Nəqliyyat Nazirliyi kimi rəsmi qurumlar hələ ki vəziyyəti şərh etmir. Lakin son hadisələr, o cümlədən 1976-cı il istehsallı "An-24" təyyarəsinin az öncə Uzaq Şərqdə qəzaya uğraması və 48 nəfərin ölümü ölkənin mülki aviasiyasındakı problemləri önə çəkir.
Moskvanın ICAO-ya təqdim etdiyi sənədlərdə 37 ölkənin hava məkanının Rusiya aviaşirkətləri üçün bağlanması, təyyarələrin uçuşa yararlılıq sertifikatlarının dayandırılması, təyyarələrə texniki xidmət və sığorta qadağası da tənqid edilir.
Göründüyü kimi, Rusiya bu məsələdə faktiki İranın gününə düşüb. Bəs proses hara aparır? Rusiyanın mülki aviaparkı iflic ola bilərmi? Çıxış yolu varmı?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda əlində olan bütün vasitələrlə dünya birliyini təhdid etməkdədir: “Bu dövlətin hər hansı bir qurumunun hər hansı bir beynəlxalq təşkilatdan nələrisə tələb etməsi həyasızlığın son həddidir. Nə qədər ki, ruslar Putinin bu işğalçı müharibəsini dəstəkləyəcəklər, dünya birliyi də bir o qədər onların nəfəsliyini hər yerdə kəsəcək. Rusiyanın aviasiya şirkətləri bu gün özünün ən ağrılı dönəmini yaşayır. Ehtiyat hissələrinin çatışmazlığı səbəbindən artıq Rusiyanın aviasiya şirkətləri 100-ə qədər təyyarənin uçuşunu dayandırmaq zorunda qalıblar. Bu gedişlə qarşıdakı iki ildə Rusiyanın aviaparkında daha 300-ə qədər təyyarə uçuşu dayandırmaq məcburiyyətində qalacaq. Rusiya hökuməti bir neçə il öncə bəyan etmişdi ki, Rusiyada xüsusi dövlət proqramı çərçivəsində yerli təyyarələrin istehsalına başlanılacaq. Lakin illər ötsə də ruslar bunu edə bilmədilər. Çünki Rusiyada müasir təyyarə mühərriklərini istehsal etmək imkanları yoxdur. Bir sözlə, Putinin tutduğu xətt Rusiyanın həyatının bütün sahələri kimi yerli aviasiyanı da tam sürətlə çökdürməkdədir”.
Fikrət Yusifov vurğuladı ki, dünya birliyi bütün məsələlərdə sərt mövqedən çıxış etdikcə, tətbiq olunan sanksiyaların lazımınca işləməsi təmin olunduqca, Rusiya daha sürətlə çökəcək: “İndi Rusiyada dövlətin aviaşirkətlərə dəstək verməsi mümkün deyil. Çünki dövlətin 2025-ci il üçün büdcəsi 1,2 trliyon rubl kəsrlə planlaşdırılsa da bu günə real kəsr 7 trliyon rubldan çoxdur və ilin sonuna bu rəqəmin 10-12 trliyon rubla çatacağı gözlənilir. Belə yırtıq büdcə ilə Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibəni güclə maliyyələşdirirsə, təbii ki, indi onun yadına aviaşirkətlərin hansı durumda olması düşə bilməz. Aviakompaniyalar isə hələlik vəziyyətdən çıxış yolunu uçuşu dayandırılmış təyyarələri söküb ehtiyat hissələri kimi istifadə etməkdə görürlər”.
Sabiq nazir hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə, sanksiyaların sırası genişlənəcək və ölkə daha ciddi problemlərlə üz-üzə qalacaq. Ona görə də yeganə çıxış yolu işğalçı müharibəni dayandırmaqdır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ