İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan deportasiya olunan Elşən İbrahimov kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi Elşən İbrahimov Rusiyadan deportasiya olundu.

Bir neçə gün əvvəl onun Rusiya vətəndaşlığı ləğv olunub, deportasiya qərarı çıxarılıb.

Musavat.com-un əldə etdiyi yeni məlumatlara görə, o, növbəti reyslə Moskvanın Şeremetyevo hava limanından Bakıya göndəriləcək.

Elşən İbrahimov kimdir?

Elşən İbrahimov 1967-ci ildə Azərbaycanda anadan olub. 1997-ci ildən Moskva vilayətinin İstra şəhər rayonunda yaşayır. Sahibkardır və onun Moskva vilayətində 10-dan çox qeydiyyatdan keçmiş şirkəti var. Əsas fəaliyyət sahəsi tərəvəz və meyvələrin topdan və pərakəndə satışıdır.
2012-ci ildən İstra Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, 2018-ci ildən isə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olub. Eyni zamanda, Moskva vilayətinin İctimai Palatasının üzvüdür. “Mədəniyyətlərarası ünsiyyətin” inkişafına görə çoxsaylı sertifikat və təşəkkür məktubları alıb. 2023-cü ildə Moskva vilayətinin qubernatoruna təqdim etdiyi ZOV layihəsi çərçivəsində Ukraynada döyüşən rusiyalı döyüşçülərə humanitar yardım toplanması təşəbbüsündə olub.

Vətəndaşlıqdan məhrum olunması və deportasiya səbəbləri

2025-ci ilin iyulun 4-də Elşən İbrahimov yaşadığı ünvan üzrə polis bölməsinə çağırılıb. Ona Rusiya Daxili İşlər Nazirliyinin vətəndaşlıqdan məhrum edilmə qərarı təqdim olunub. Qanunvericiliyə əsasən, bu ildən polis məhkəmə proseduru olmadan vətəndaşlıqdan məhrum etmə səlahiyyətinə malikdir.

İbrahimov “Vətəndaşlıq haqqında” qanunun 22-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vətəndaşlıqdan məhrum edilib. Həmin bənddə “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etmək” əsas gətirilir. Lakin qurum rəsmiləri konkret hərəkətlər barədə açıqlama verməyib.

Elşən İbrahimovun mövqeyi və hazırkı vəziyyət

Deportasiya qərarının özü üçün gözlənilməz olduğunu bildirən Elşən İbrahimov, “Bilmirəm, vallah bilmirəm” cavabını verib və əlavə şərh verməkdən imtina edərək “İcazə verin sakitcə gedim” deyib. O, Azərbaycana qayıtdıqdan sonra mövzu ilə bağlı açıqlama verməyi vəd edib.

Diqqət ediləsi məqam:

Son illərdə Rusiya hökumətinin regional diaspor liderlərinə qarşı sərtləşməsi müşahidə edilir. Bu, Kremlin diaspor üzərində nəzarəti gücləndirmək istəyi ilə əlaqələndirilir. Elşən İbrahimovun deportasiyası da bu kontekstdə dəyərləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR