Onlayn ictimai-siyasi qəzet
Euroclear depozitarının baş direktoru Valeri Urben “Financial Times” qəzetinə müsahibəsində Aİ-nin riskli qiymətli kağızlara investisiya qoymaqla bloklanmış Rusiya aktivlərinin gəlirliliyini artırmaq planlarını “özgəninkiləşdirməyə” (“ekspropriasiya”) bərabər adlandırıb.
Urben xəbərdarlıq edib ki, belə bir qərar Rusiyanın “bütün formalarda” cavab tədbirləri görməsinə səbəb olacaq və Euroclear-ın reputasiyasına xələl gətirə bilər.
Hazırda Rusiya qoşunlarının Ukraynaya tammiqyaslı müdaxiləsi başladıqdan sonra bloklanan Rusiya aktivlərinin əsas hissəsi Euroclear-da yerləşdirilib.
Avropa İttifaqı bu vəsaitləri Aİ-nin idarə etdiyi, riskli qiymətli kağızlarda yerləşdirə biləcək xüsusi fonda köçürülməsi imkanlarını nəzərdən keçirir. Bunun Ukraynanı dəstəkləməyə yönəldilmiş investisiyaların gəlirliliyini artıracağı gözlənilir.
Urbenin sözlərinə görə, Euroclear, dondurulmuş Rusiya aktivlərinin investisiya fonduna köçürülməsinin əleyhinədir və bunu "özgəninkiləşdirmə" kimi qiymətləndirir və depozitarın Rusiya Bankı qarşısında bu vəsaitlərə görə məsuliyyət daşıyacağını vurğulayır.
Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankının 260 milyard avrodan çox məbləğdə aktivlərini bloklayıb. Bu pulun əsas hissəsi (təxminən 190 milyard avro) Belçikanın Euroclear depozitarındadır.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ