Onlayn ictimai-siyasi qəzet
Bu həftə Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə 23-cü Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Bundan öncəki iclas Bakıda keçirildiyi üçün növbəti toplantı Rusiyada reallaşdırılacaq. İclasın həmsədrləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir. Hesab olunur ki, bu iclaslar tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və mövcud layihələrin irəliləyişi üçün vacib platforma rolunu oynayır.
Son ayların hadisələri, daha doğrusu, Rusiyadan birtərəfli qaydada hücumlar, təhdidlər, düşmən baxışları olmasaydı, yəqin ki, qarşıdakı iclas indiki qədər geniş müzakirə predmeti olmayacaqdı. Amma baxın, iki ölkənin hökumət təmsilçilərinin birgə müzakirələri hansı şəraitdə keçirilir...Elə bir az əvvəl məlumat yayıldı ki, Rusiya 2025-ci il sentyabrın 1-dən etibarən Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları üçün yeni iş məhdudiyyətləri tətbiq edəcək. Yeni qaydalara əsasən, bu şəxslərin patentlə işləməsinə icazə veriləcək, lakin topdansatış və pərakəndə ticarətlə məşğul olmaları, həmçinin nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmiri qadağan olunacaq. Bildirilir ki, bu addım Rusiya Federasiyasının bəzi regionlarında xarici vətəndaşların iqtisadi fəaliyyətlərini məhdudlaşdırma siyasətinin bir hissəsi hesab olunur və Yamal-Nenets Muxtar Dairəsində fəaliyyət göstərən Azərbaycan vətəndaşları üçün iş imkanlarına təsir göstərə bilər.
Səhər saatlarında isə bəlli oldu ki, Rusiya Azərbaycana məxsus SOCAR şirkətinin Odessadakı enerji obyektinə növbəti dəfə hava zərbələri endirib.
ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında rus hərbçilərinin Ukraynanın müxtəlif regionlarına zərbələrindən danışarkən bildirib ki, Azərbaycana məxsus SOCAR şirkətinin Odessadakı enerji obyektinə də şüurlu şəkildə hücum edilib. “Bu, münasibətlərimizə və enerji müstəqilliyimizə zərbədir”, — deyən Zelenski əlavə edib ki, Rusiya hərbi maşını həyatın məhv edilməsini davam etdirir və Putin hələ də Ukrayna və Avropaya təzyiq göstərmək, diplomatik səyləri zəiflətmək məqsədilə nümunəvi terror aktları həyata keçirəcək. “Müharibəni sona çatdırmaq lazımdır. “Dayan” sözünü məhz Moskva eşitməlidir”, - deyə Ukrayna Prezidenti bildirib.
Birləşmiş Ştatlar prezidentinin təşəbbüsü ilə Ukrayna böhranının çözülməsi, Rusiyanın işğalının dayandırılması ilə bağlı növbəti təşəbbüsün nə ilə nəticələnəcəyini demək çətindir. Amma bu qədər dərinə işləmiş konfliktin bir gecəyə dayandırılması da müşkül görünür. Amma birləşmiş Qərb ən azı Rusiyanı Ukraynanın enerji obyektlərinə, o cümlədən Azərbaycana məxsus şirkətlərə zərbə endirməkdən çəkindirmək üçün çalışmalı idilər. Deyilə bilər ki, Rusiya heç mülki əhalini də nəzərə almır və qətliamlar törədir, o ki qaldı enerji obyektləri, SOCAR müəssisələri. Belədirsə, heç olmasa Avropanın Ukraynaya “canı yanan” paytaxtları bu ölkənin enerji obyektlərinin mühafizəsi üçün gərəkən addımları atmalı idilər.
Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdə isə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilib. Elə bir neçə gün əvvəl Prezidentin Sərəncamı əsasında dost ölkəyə 2 milyon dollarlıq yardım göndərildi. Baxmayaraq ki, humanitar yardım Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsini əhatə edir, amma Rusiya buna da çox qəzəbli reaksiya verir. Bundan əvvəl, avqustun 10-da da Ukraynadakı Azərbaycana məxsus obyektlərin hədəfə alınmasının ardınca, Azərbaycan və Ukrayna prezidentlərinin telefon danışığı olmuşdu. Liderlər SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləmişdi, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulamışdılar. Bundan sonra şimaldan ölkəmizə Duma üzvləri, təbliğat ruporları, ayrı-ayrı “qırğılar” səviyyəsində təhdidlər yağmağa başladı. Rusiyadakı Azərbaycan düşmənləri özlərini elə aparırlar ki, sanki Azərbaycanın Çeçenistan səmasında vurulan mülki təyyarəsinə atəşi Uçan Naməlum Obyektlər açıb. Heç şübhəsiz, bu, dəhşətli bir beynəlxalq cinayətin unutdurulmasına yönəlik qabaqdangəlmişlikdir, amma keçməz. Çünki Prezident sözünü Xankəndi Forumunda da demişdi. Sitat: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq”.
Elə bu gün Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı aparıb. Musavat.com xəbər verir ki, söhbət zamanı Stefançuk regionda uzunmüddətli sülhün vacibliyinə diqqət çəkib və Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib. O, Ukraynanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan bütün təşəbbüsləri dəstəklədiyini bildirib. Ukrayna parlament rəhbəri Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiyaları və Ukraynada SOCAR obyektlərinə edilən hücumları eyni təcavüz zəncirinin tərkib hissəsi adlandırıb: “Bu cinayətlər eyni təcavüz zəncirinin halqalarıdır və biz onları qətiyyətlə pisləyirik”, – Stefançuk vurğulayıb. O əlavə edib ki, Kiyevin iştirakı olmadan bölgə ilə bağlı hər hansı qərarın qəbul olunması yolverilməzdir. Telefon danışığı zamanı Stefançuk Sahibə Qafarovanı Ukraynaya səfərə və Stokholmda keçiriləcək Krım Platformasının parlament sammitində iştirak etməyə dəvət edib.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafı heç şübhəsiz ki, Prezident İlham Əliyevin prinsipial mövqeyinin, qətiyyətli siyasətinin nəticəsidir. Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan Liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən bütün dünyaya nümunə olacaq qətiyyətli mövqe sərgiləmişdi: “Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın”. Bax, budur İlham Əliyevin böyüklüyü. Onun böyüklüyünü Putin başda olmaqla Rusiya rəhbərliyi də bilir və bu barədə etirafları da olub. Amma bu gün 2022-ci ilin müttəfiqlik sənədinə etimadsızlıq göstərənlər, Azərbaycanı təxribata çəkmək istəyənlərin səsi nədənsə çox möhkəm çıxır, rəhbərlik də onları dayandırmaqda maraqlı deyil. O cümlədən Ukraynadakı Azərbaycan maraqlarına endirilən zərbələri. Amma heç olmasa Qərb liderləri ukraynalıları qaranlıqdan çıxartmaq üçün yardım əlini uzadan Azərbaycanın maraqlarının hədəfdən yayındırılması və ya qorunması üçün nələrsə etməlidir. Bunu da etmirlər və daha çox öz talelərinə görə narahat görünürlər. Elə ABŞ-yə onları çəkib aparan da əsasən budur – Rusiyanın Ukraynanı bitirib onları hədəfə alacağı qorxusu.
Prezident İlham Əliyev ABŞ-də də bir daha mövqeyini bildirdi. Bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışarkən qeyd etdi ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. Sitat: “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”. Əslində bu mövqe Rusiyaya dayanmaq, düşünmək, normal münasibətlərə qayıtmaq üçün şans verir. Bəli, hələ istintaq başa çatmayıb, amma Rusiya ən azı ilkin olaraq atılmalı olan addımlarla bağlı qərar verməlidir. Yoxsa Azərbaycanın Ukraynadakı obyektlərini vurmaq, suyunu kəsməklə bağlı təhdid etmək, “dağları aşmaq” nədir? Rusiyadakı bu sərsəmləmələrin müəllifləri doğrudanmı düşünmürlər ki, Azərbaycan 1920-ci ilin Azərbaycanı deyil və tək də deyil. Azərbaycanın Şuşa Bəyannaməsi ilə müttəfiqliyini zirvələrə qaldırmış Türkiyə kimi qardaşı var və ölkəmizə qarşı təhdid dərhal Türkiyəyə qarşı təhdid sayılacaq. Həmçinin Pakistan kimi dar günün dostu-qardaşı var. Amma Azərbaycan dövləti bütün dünyada sülhün bərqərar olunmasını hədəfləyən ölkə olaraq şimal qonşusu ilə də problemlərin aradan qalxmasını istəyir, necə ki, ötən illərdə cənub qonşumuzla bəlli problemlər məhz Bakının uzaqgörən, təmkinli, həm də qətiyyətli siyasəti ilə çözüldü.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, Rusiya gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə edəcək. Təsəvvür edin, Bakı və Moskva Zəngəzur dəhlizini müzakirə edir, şimaldakı “qırğılar” isə ölkəmizi hədələyir, Rusiyadakı azərbaycanlılar hədəfə alınır. Məntiqlə Rusiya Zəngəzur dəhlizindən keçib getmək üçün Azərbaycanla münasibətləri üst səviyyəyə qaldırmalıdır. Kəsəsi, Kreml Zəngəzurdan keçmək üçün Azərbaycanın könlünü xoş eləməlidir, daha bizimlə təhdid dilində danışmamalıdır, SOCAR-dan qisas almamalıdır! Bu, acizlik əlamətidir. Bizlərdə “Örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçər” misalı var. Görəsən, Rusiyada bu misalı bilirlərmi?..
Elşad Paşasoy,
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ