Onlayn ictimai-siyasi qəzet
Kremlə yaxınlığı ilə tanınan “Sberbank” rəhbəri German Qrefin qızı Mariyanın beynəlxalq idman yarışlarında iştirakına icazə verilib - lakin “neytral status”la.
Musavat.com xəbər verir ki, bu statusu almaq üçün o, Rusiya bayrağından və simvollarından imtina edib, Ukraynadakı müharibəni dəstəkləmədiyini bildirən sənədi imzalayıb.
Mariyanın adı bu günlərdə Beynəlxalq Atçılıq Federasiyasının (FEI) qərarı ilə gündəmə gəlib. O, hazırda Londonda yaşayır və məşq edir. Atçılığın “drezaj” (idarəetmə və itaətkarlıq üzrə nümayiş) sahəsində çıxış edən Mariya Qref bu ilin iyun ayı etibarilə “neytral status” alan 27 rus idmançısından biridir.
FEI-nin sözçüsü açıqlamasında bildirib ki, Mariyanın siyasi baxışları və fəaliyyəti araşdırılıb. Onun atası German Qref ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiya altına alınmış yüksək rütbəli məmur olsa da, bu status yalnız ataya aiddir və Mariyanın özü barəsində kompromat və ya müharibəyə dəstək izləri tapılmayıb. Nəticədə Mariya Qref beynəlxalq turnirlərdə iştirak edə biləcək, lakin Rusiya bayrağı və simvolları olmadan. Bundan əlavə, onun idman forması və sosial media paylaşımlarında da Rusiya ilə bağlı heç bir istinad görünməməlidir.
Mariyanın atçılıq karyerası 2004-cü ildən başlayıb. Moskva ətrafındakı elit “Otrada” klubunda o, “Don’t Give Up” (Givi adlandırılırdı) adlı atla yeniyetmələr kateqoriyasında çıxış edirdi. Hazırda Givi Londona gətirilib və Mariya burada həm oxuyur, həm də məşqlərini davam etdirir.
Ailənin üç başqa bahalı atı da var - məsələn, Mariyanın instaqramda paylaşdığı “Golden Aventure” adlı atın qiyməti təxminən 200 min avrodur.
Məlumata görə, Rusiya daxilində bir atın illik saxlanması 1,5 milyon rubl təşkil edir - bura yarışlar və ləvazimat xərcləri xaricdir.
Antikorrupsiya tədqiqatçısı İlya Şumanov hesab edir ki, Mariyanın beynəlxalq idmanda iştirakı sanksiya sistemindəki “boşluqların” nəticəsidir. Onun sözlərinə görə, ata sanksiya altındadır, lakin qızı onun yaratdığı imkanlardan istifadə edərək elit həyat tərzini davam etdirir.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ