İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətkara lağ eləməzlər – Alim musiqi səmasının şəmsidir

Xan Şuşinskinin ahıl vaxtlarında səhnəyə çıxdığını əks etdirən videolar var, görmüş olarsınız. Ağsaqqal xanəndə əynində ciddi kostyum, ağ köynək, tünd qalstuk, başında buxara papaq, ciddi görkəmdə səhnəyə çıxır və adama elə gəlir ki, o, oxumayacaq, siyasi məruzə ilə çıxış edəcək. Gerçəkdən, rəhmətlikdə o qədər zabitə vardı ki, bəlkə heç o dövrün mədəniyyət naziri o qədər xarizmatik olmayıb.

Alim Qasımov isə belədir: səmimi, sərbəst, komplekssiz, sadə. Ciddiyyəti də var, zarafatı da. Sevənlər belə deyəcək, sevməyənlər başqa söz.

Xan əmi o zabitəsi və sənəti ilə sevilirdi, bəyənilirdi, Alim də bu xasiyyəti və sənəti ilə sevilir, bəyənilir. Təbii ki, ondan razı olmayanlar da var. Zövqlər də müxtəlifdir, qərəzlər də.

Dostlardan biri danışır ki, Çinin uyğurlar yaşayan Sincan bölgəsində hansısa mədəniyyət tədbirində iştirak etmək üçün ölkəmizə gəlmuş uyğur sənətkar Alimə heyranlığını ifadə edərək ona deyib: “Alimin oxuyanda biz ona Buddaya baxan kimi baxırıq”.

Bu, təkcə Alimin səsindəki əsrarəngizliyə görə deyil, həm də onun dərvişanə hərəkətlərinə, davranışlarına görədir. Bu, onun obrazıdır. Alim ciddi kostyum geysə, qalstuk taxsa, standart hərəkətlər etsə, şablon ifadələrlə danışsa, bəlkə də sıradan bir xanəndə olardı.

Alim azad sənətkardır, səhnədə və həyatda nə etsə, nəzərə çarpır, müzakirəyə səbəb olur. Onun səhnədə qonaqları xüsusi ritmlə, repvari salamlaması, inanın ki, başdan-başa koloritdir və illər sonra da insanlara pozitiv enerji verəcək.

Bir şeyi də unutmayaq ki, 35 il öncə ölkəmizdə hit olan estrada mahnısını ("Səni axtara-axtara"- Vaqif Gərayzadə) məhz Alim Qasımov duet ortağı Almaz Ələsgərli ilə oxuyub. O zaman o, artıq tanınmış xanəndə, muğam ustasıydı, amma estrada janrında necə gözəl oxumuşdu.

Alim elə bir sənətkardır ki, sabah hansısa Avropa operasında istənilən partiyanı ifa edə bilər. Qısası, müqtədir sənətkardır Alim Qasımov. Heş Alimin ötən əsrin 80-ci illərinin ortalarında gözdən düşməkdə olan muğamata yeni nəfəs verməsini də unutmayaq. Efir rus estradasının istedadsız kopyası olan musiqi parçaları ilə dolub-daşanda Alim “Şur”la gəldi, “Simayi şəms” ilə səmada günəş kimi doğdu.

Onun dilə-dişə salınması isə təzə xanədən deyil. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasının açılış konsertində onun səhnəyə xalça üzərində oxuya-oxuya endirilməsi Qərbpərəst QHT-çilər üçün satira predmeti, “zəif yer” olmuşdu.

Aydın idi ki, Azərbaycanın “Eurovision” birincisi olması və yarışmanın Bakıda keçirilməsi ölkəmizin bədxahlarına çox yer eləmişdi və onlar var qüvvələri ilə bu tədbiri gözdən salmağa çalışırdılar, ara yerdə xalqımızın sevimli sənətkarına da ümumi rişxənddən pay düşmüşdü.

İndi, deyəsən, yenə o havada olanlar var. Alimin üzərinə yapışdırılan “saray sənətçisi” damğası hələ də solmayıb və onun sənətkarlığına, hərəkətlərinə münasibət bildirərkən bəziləri bu prizmadan yanaşırlar. Dövlət konsertlərində oxuyub, vəssalam, hökumətin adamdır.

Bir ara tanınmış müxalifətçilərin övladlarının xeyir işində oxuyan sənətçilərə də iqtidar düşərgəsində eyni münasibət vardı. Onları “müxalifətə yaxın” sayırdılar, ekrana-efirə buraxmırdılar.

Sənətkar isə xalqa məxsusdur. Onun üçün iqtidar-müxalifət kastaları yoxdur.

Bizim bir yanlışımız da sənətçiləri onlar üçün təyin etdiyimiz obrazda görmək istəməyimizdir. Onlar özləri istəyən kimi, sərbəst geyinə, azad ola bilməzlər, mütləq bizim düzəltdiyimiz qəlibdə olmalıdırlar. Mənsum İbrahimov yalnız muğam və təsnif oxumalıdır – özü də diplomatik korpus təmsilçiləri kimi həmişə ciddi kostyum geyməlidir; Faiq Ağayev heç vaxt bir ağız muğam oxumamalıdır, çünki oxu stili başqadır; Aygün Kazımova artıq ciddi əlbisə geyməli, başına da kələğayı örtməlidir, ona görə ki, artıq 25 yaşlı gənc qız deyil və sair və ilaxır.

Budur, şair dostumuz Şəhriyar del Gerani Alim Qasımovun “rep oxuması”nı tənqid edib və belə bir mülahizə də irəli sürüb ki, Dədə Qorqud cins şalvar geyə bilməz.

Niyə axı? Əgər Dədə Qorqudun dövründə cins şalvar icad edilmiş olsa, nəinki Dədə Qorqud, hətta Qazan xan da, Beyrək də cins şalvar geyəcəkdilər. Sadəcə, o dövrün libası elə olub, elə geyiblər, indi belədir və Bill Qeytsdən tutmuş ölkəmizdəki jurnalistlərə qədər hamı cins şalvar geyir.

3-5 il öncəyə qədər aşıqlarımız NKVD zabitlərinin mundirində gəzirdi, yadınızdadırmı? Bu, ötən əsrin 30-cu illərdindən qalan dəb idi. O vaxt aşıqlar at minərək eldən-elə, obadan-obaya gedərkən ən əlverişli səfər libası belə olub. Amma onlar o “ənənə”ni israrla yaşadırdılar. Axırda yeni dəb və gənc aşıqların zövqü üstün gəldi, nəticədə aşıqlar “voyenni” formalarını mülki paltarla əvəz etdilər. Fəqət aşıq musiqisinin elə mühafizəkar həvəskarları var ki, sırf geyimlərinə görə müasir aşıqları qəbul etmirlər.

Sənətkarlıqda mühafizəkarlığın yeri yoxdur. Sənət xroniki yenilənməni sevir və onunla yaşayır. İndi Qulu Əsgərov, Məmmədbağır Bağırzadə kimi yox, Mərdan Kazımov, “Dərviş Band” kimi oxu tərzləri dəbdir. Sonra bu da dəyişəcək.

Əlbəttə, istənilən sənətkarı tənqid etmək olar. Amma tənqid ciddi olmalıdır, kütləvi lağlağı səciyyəsi daşımamalıdır. Xalqın sənətkarına lağ eləmək, ələ salmaq olmaz. Bəyənməzsən, iradını bildirərsən, xoşun gəlməz, dinləməzsən, amma yeri gəldi-gəlmədi “xalça” məsələsini xatırladıb, “ona nə oldusa, o xalçaya minəndən sonra oldu, hı-hı-hı” rişxəndi etmək düzgün deyil.

Alim Qasımov təkcə “Qaragilə” mahnısını o duyğu ilə oxuduğuna görə böyük sənətkardır, qalan bütün ifalarını kənara qoysaq da, təkcə o bəsdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR