Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik - yeni qanun
Parlamentin iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik müzakirə edilərək qəbul olunub.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, şəxsiyyət vəsiqəsinin qanunvericiliyin tələbi ilə müəyyən olunan yeni standartlarla təyin olunan vəsiqələrin alınması məcburi deyil. Komitə sədri qeyd edib ki, yeni vəsiqənin əldə olunması qanunda nəzərdə tutulan hallarda baş verəcək: “Vəsiqənin müddəti, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, vətəndaşın yaşı 15-ə çatdıqda və qanunla nəzərdə tutulan digər hallarda vətəndaşların vəsiqəsi yeni standartlarla nəzərdə tutulan formada veriləcək”.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, bu, əhalini maraqlandıran məsələdir.
Onun sözlərinə görə, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən, hazırkı şəxsiyyət vəsiqələrindən fərqli olaraq yeni nəsil şəxsiyyət vəsiqələrində yaşayış yeri və vəsiqənin verilmə tarixi göstərilməlidir: “Bəs şəxsiyyət vəsiqələri hansı müddətdə dəyişdirilməli olacaq?”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavabında bildirib ki, vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsi veriləcək:
“Mövcud şəxsiyyət vəsiqələri isə qüvvədədir. Yəni heç kim üçün əlavə ödənişdən söhbət getməyəcək".
Komitə sədri dəyişikliklərin beynəlxalq aviasiyanın tələblərindən irəli gəldiyini bildirdi.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ