Onlayn ictimai-siyasi qəzet
“Ermənistan qlobal süni intellekt hərəkatına müşahidəçi kimi yox, yeni imkanların yaradıcısı kimi qoşulur. Aylarla davam edən hazırlıq işlərindən sonra Firebird, Ermənistan hökuməti və NVIDIA regionumuzun texnoloji xəritəsini kökündən dəyişdirəcək birgə layihəyə start verir”.
“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, layihə 500 milyon dollar investisiya cəlb edəcək, minlərlə Blackwell GPU-ları yerləşdirəcək və 100 meqavatdan çox gücə malik infrastruktur yaradacaq. Başlanğıc 2026-cı ilə planlaşdırılıb.
“Süni intellekt fabriki innovasiya, təhsil, elm və sahibkarlıq platformasına çevriləcək. Bu, yerli və beynəlxalq startapların inkişafına təkan verəcək, elm və texnologiya arasında əlaqəni təmin edəcək və Ermənistanı regional texnoxaba, süni intellektin yaradılması məkanına çevirəcək. İrəvan bu təşəbbüslə təkcə qlobal texnoloji dəyişikliklərə cavab vermir, eyni zamanda proseslərin iştirakçısına çevrilir. Yerli potensialın beynəlxalq inkişafa uyğun müasir həllər yaratmaq imkanının olacağı yeni platforma formalaşır. Bu, ölkəmizin uzunmüddətli texnoloji tərəqqisi üçün strateji sərmayədir”, - nazir qeyd edib.
Azərbaycan ona qarşı rəsmi ərazi iddiasından hələ də əl çəkməyən Ermənistanın bu iddialı projesindən narahat olmalıdırmı?
Natiq Cəfərli
Mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verən iqtisadçı Natiq Cəfərli deyib ki, Ermənistanın bu tipli layihələrdə iştirakı hələ ki kağız üzərindədir: “İnvestisiyaların qoyulması, infrastrukturun yaradılması, müəyyən elmi araşdırmaların aparılması illərlə zaman alacaq. Amma təbii ki, Ermənistanın belə bir layihədə yer alması düşündürücüdür. Çünki süni intellekt, yeni texnologiyalar dünyanın gələcəyidir. Azərbaycanın bunun əks addımlarını atmaq üçün kifayət qədər ciddi fürsətləri var. Azərbaycanla iş görmək, yatırım etmək istəyən şirkətlərin sayı heç də az deyil. Ona görə Ermənistanla iş görən şirkətin dünyada onlarla rəqibi var. Azərbaycan da həmin rəqib şirkətlərlə danışıqlara başlayıb, ölkə ərazisində bəlli bir infrastruktur qurulmasına, ona bənzər istehsal sahələrinin yaradılmasına çalışa bilər. Bu zaman Ermənistanla iş quran şirkət beş dəfə düşünəcək ki, bəlkə Azərbaycana daha yaxşı təkliflərlə çıxış etsin. Bu biznesin qızıl qaydasıdır. Azərbaycanın Ermənistan üzərində daha böyük üstünlüyü var, həm maddi, həm də təhlükəsizliklə bağlı üstünlüyümüz var. Əhali bizdə üç dəfə çoxdur. Resurslarımız daha çoxdur. Azərbaycan Ermənistanı bütün parametrlərdə geridə qoya bilər”.
Osman Gündüz
Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz də mövzu ilə fikrini bildirib: “Ermənistan süni intellektin inkişafı üçün NVIDIA ilə 500 milyon dollarlıq müqavilə imzalayıb və regionda texnologiya yarışında ciddi bir addım atıb. ”Firebird" adlı süni intellekt bulud şirkəti və Ermənistan hökuməti ABŞ-ın texnoloji nəhəngi NVIDIA ilə strateji əməkdaşlıq mühüm addımdır. Bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə minlərlə NVIDIA Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi qurulacaq.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 500 milyon dollar təşkil edir. Müqavilə lisenziya, infrastruktur quruculuğu, qabaqcıl elmi-tədqiqat layihələrinin dəstəklənməsi və beynəlxalq universitetlərlə ortaq təşəbbüsləri əhatə edir. Bu layihənin məqsədi Ermənistanı süni intellekt üzrə qabaqcıl mərkəzə çevirmək, yeni texnologiyalarla yerli iqtisadiyyatı canlandırmaq, innovasiya mühitini gücləndirmək və qlobal bazara çıxış üçün dayanıqlı platforma formalaşdırmaqdır. NVIDIA-nın rəhbəri Jensen Huang, Ermənistanın Baş nazir Nikol Paşinyan və bu ölkədəki ABŞ səfiri layihəni yüksək dəyərləndiriblər. Düşünürəm ki , bütün bunlar Ermənistanın regional rəqabətdə önə çıxmaq cəhdini daha da gücləndirəcək. Onlar bununla da ABŞ-da mövcud baryerləri aşaraq yüksək texnologiyalara birbaşa çıxış imkanı qazanacaqlar. Dünya nəhəngi NVİDİA-nın da iştirakı ilə 500 milyonluq müqavilə ciddi hadisədir. Fikrimcə, Ermənistanın süni intellekt və yüksək hesablama sahəsində qabaqcıl infrastruktur qurması, regionda texnoloji liderlik uğrunda rəqabətdə Azərbaycanın geri qalmasına səbəb ola bilər.
NVIDIA kimi qlobal texnoloji liderlərlə birbaşa əməkdaşlıq qurulması Ermənistana strateji üstünlük verir və beynəlxalq texnologiya şəbəkələrinə daha tez inteqrasiya imkanı yaradır.
Bu təşəbbüs Ermənistanı investorlar, startaplar və beynəlxalq universitetlər üçün daha cəlbedici texnoloji mərkəzə çevirə bilər ki, bu da Azərbaycanın “rəqəmsal regional mərkəz” olmaq iddialarını zəiflədə bilər. Texnologiyalar hesabına büdcəsini artırmaq imkanları əldə edən məğlub ölkədə revanşistlərin mövqeyi daha da güclənə bilər. Fikrimcə biz süni intellekt strategiyasında nəzərdə tutulanların tez reallaşmasına diqqət yetirməliyik. Hər iki Superkompüter Mərkəzlərini tezliklə istifadəyə verməliyik, süni intellekt sahəsi üzrə kadrların hazırlanmasını gücləndirməliyik. Azərbaycan süni intellekt sahəsində real texnoloji tərəfdaşlarla əməkdaşlıq, yüksək səviyyəli infrastruktur və yerli ekosistemə geniş dəstək sahəsində səylərini çox gücləndirməlidir".
Misal üçün, kənd təsərrüfatı sektoru iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Ənənəvi üsullarla aparılan kənd təsərrüfatı istehsalı, bəzən yüksək resurs xərclərinə və azalan məhsuldarlığa səbəb ola bilər. Burada süni intellektin tətbiqi, məsələn, aqrotexniki məlumatların toplanması və təhlil edilməsi, məhsuldarlığın artırılması, ziyanvericilərin və xəstəliklərin daha sürətli aşkar edilməsi, suvarma sistemlərinin optimallaşdırılması və məhsulun nəzarət altına alınmasında ciddi üstünlüklər yarada bilər. Süni intellekt, kənd təsərrüfatında fərdi tarlaların analizi üçün böyük verilənləri (big data) toplaya və təhlil edə bilər. Məsələn, hava şəraiti, torpaq tərkibi və suvarma şərtləri kimi məlumatlar əsasında süni intellekt sistemləri gələcəkdə məhsulun necə inkişaf edəcəyini proqnozlaşdıra bilər. Bu, fermerlərə resurslarını daha effektiv şəkildə istifadə etməyə və yüksək məhsuldarlıq əldə etməyə imkan tanıyır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ