Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ölkənin əmək bazarı ilə bağlı may ayı üçün gözləniləndən daha yaxşı məlumatlar fonunda Federal Ehtiyat Sistemini (FED) əsas faiz dərəcəsini dərhal 1 faiz bəndi endirməyə çağırıb.
Musavat.com xəbər verir ki, bundan əvvəl Tramp dəfələrlə FED sədri Cerom Pauelli uçot dərəcəsini aşağı salmağa çağıran statuslar dərc edib. Tramp əvvəllər FED rəhbərini “cənab çox ləng” Pauell adlandırırdı və indi də öz yazılarında daim bu ifadədən istifadə edir.
Bu dəfə də Truth Social hesabından FED rəhbərinə hücum edib: "FED-də 'cənab çox ləng” fəlakətdir! Buna baxmayaraq, ölkəmiz əla işlər görür. Faizləri bir anda tam faiz bəndi aşağı salın, təsiri raket yanacağı kimi olacaq! Faktiki olaraq heç bir inflyasiya qalmayıb, amma geri qayıdarsa, onu saxlamaq üçün dərəcələri qaldırın. Çox sadə! Yüksık faizlər ölkəmizə sərvət bahasına başa gəlir. Borc xərcləri xeyli aşağı olmalıdır!"
O, həmçinin qeyd edib ki, “Avropa artıq 10 dəfə uçot dərəcəsini endirib, biz isə bir dəfə də olsun endirməmişik”.
Qeyd edək ki, FED keçən ilin sentyabr ayından etibarən faiz dərəcələrini 1 faiz bəndi azaldıb, ECB isə bu faiz endirmə tsiklində (2024-cü ilin iyunundan bəri) 5 iyunda səkkizinci dəfə (0,25 faiz bəndi) dərəcələri endirib.
Əmək Departamentinin məlumatına görə, may ayında ABŞ iqtisadiyyatında iş yerlərinin sayı 139 min nəfər artıb. Trading Economics-ə görə, analitiklər orta hesabla 130,000 iş yeri artımı proqnozlaşdırmışdılar. Yenidən işlənmiş məlumatlara görə, aprel ayında bu rəqəm əvvəllər bildirilən 177 min əvəzinə 147 min artıb.
ABŞ-da işsizlik may ayında gözlənildiyi kimi 4,2 faiz səviyyəsində qalıb.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ