Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında “çoxsaylı əsirin dəyişdirildiyini” bəyan edib.
Musavat.com xəbər verir ki, onun bu açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub.
Trampın bəyanatından az əvvəl Kremlin mətbuat xidməti tərəflərin əsir siyahılarını qarşılıqlı şəkildə təqdim etdiyini, lakin bu qədər böyükmiqyaslı mübadilənin həyata keçirilməsi üçün zaman tələb olunduğunu açıqlamışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndələri 1000-ə 1000 əsir mübadiləsi aparmaq barədə razılığa gəlmişdilər.
Rusiya mənbələrinin bu gün yaydığı məlumatlara görə, həmin razılaşma artıq reallaşma mərhələsindədir. Belə ki, hazırda Ukrayna ilə Belarus sərhədində bu günə qədər ən böyük əsir mübadiləsi prosesi keçirilir. Məlumatda bildirilir ki, hər iki tərəf min nəfərlik əsir siyahısını qarşı tərəfə təhvil verir.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna rəsmiləri hələlik bu mübadiləni rəsmən təsdiqləməsə də, hadisənin görüntülərinin və daha ətraflı məlumatların yaxın saatlarda yayımlanacağı gözlənilir.
Bu mübadilə həm də Rusiya-Ukrayna münaqişəsinin humanitar ölçüsündə mühüm irəliləyiş kimi qiymətləndirilir.
Lakin Ukrayna tərəfi bu mübadilənin başa çatdığını hələlik təsdiqləmir. “RBK-Ukraina” nəşrinin istinad etdiyi mənbələr bildiriblər ki, əsir mübadiləsi prosesi hələ davam edir.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ