İnsanlara hürriyət, millətlərə istiqlal!

Tüklü çörək

İndiki uşaqların yadına gəlməz, sovetin vaxtında bizim çörəkbişirmə sənayemiz bərbad vəziyyətdə idi. Çörəyi əllə yoğurur, bişirirdilər, tam antisanitariya hökm sürürdü. Elə bir gün olmazdı ki, çörəyin içindən mismar, sap, ayaqqabı bağı, armatur qırıntısı, sement, Bəxtiyar Vahabzadənin “Seçilmiş əsərləri”, Anarın qəlyanı kimi əşyalar tapılmasın.

Hətta camaat çörək zavodunda işçilərin dəyişdiyini tükə əsasən bilirdi. Əgər keçən həftə sarı, bu gün xurmayı tel çörəyin içərisindən aşkar edilib götürülmüşdüsə, deməli kadr dəyişikliyi baş veribdir.

Lakin Allaha şükür, indi belə problemlər köklü şəkildə aradan qaldırılmışdır. Ümumiyyətlə, bizdə inkişaf göz qabağındadır. Niyə inkişafı gizlətməliyik? Buna heç bir ehtiyac, zərurət yoxdur. Kişinin malı göz qabağında olar. Ehtiyac qul eylər qəhrəmanı da. Həsən də qəlyan çəkər, Hüsən də qəlyan çəkər, tənbəki bol olanda, siçan da qəlyan çəkər.

Yeri gəlmişkən, bilmirəm diqqət elədinizmi, bu yaxında hansısa çox ünlü dünya futbolçusunun videosu paylaşılmışdı, həmin görüntülərdə futbolçu dükandan mal alıb velosipedinin səbətinə doldurur, sürüb gedirdi. Bu arada bir neçə vətəndaş da onu tanıyırdı, şəkil çəkdirir, imza alırdılar. Bizdə futbolçunu dükanda görmək mümkündürmü? Qətiyyən. Bizim futbolçuların bazarlığını məşqçi edir. O cümlədən, həmin əcnəbi futbolçunun bazar qiyməti, maaşı ilə maraqlansan bəlkə bütün liqamızı satın alacaq pulu var, di gəl velik sürür. “Neftçi”də mövsüm ərzində 1 qol, 55 söyüş qazanan oyunçunun isə “Porşe”si var, yolda süpürgəçiləri basdalamaqla tanınır.

Ancaq həyatı büsbütün qara rəngdə görmək də lazım deyil. Məsələn, futbolçularımız, idman xadimlərimiz vaxtaşırı dünya şöhrətli klubların stadionlarında, təlim bazalarında səyahətdə olur, şəkil çəkdirirlər. Təzəlikcə biri də “Barselona”nın düşərgəsində çoxlu fotolar çəkdirmiş, bizi bu qələbə ilə səmimi qəlbdən şad etmişdi. Doğrudan da, unudulmaz uğurdur. Bizim bir qahım da 10-15 il qabaq həmin stadiona səyahət etmişdi, ordan mənə üzərində “Barsa”nın emblemi olan stəkan gətirmişdi. Gərək baxım, inşallah hələ sınmayıbdır, çox dəyərli bir idman uğurumuzdur. Allah hamımıza o stadiona ziyarət qismət eləsin, ilahi, amin. Ümumiyyətlə, stadionu istəməklə olmur, gərək stadion da səni istəsin. Fürsətdən istifadə edərək “Respublika” və “Xalq qəzeti”ni birləşərək “Xalq qəzeti” adı altında çıxmaları münasibətiylə təbrik edirəm. Birlik bizə yaraşır.

Qayıdaq çörək mövzusuna. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Müstəqillik dövrümüzdə, xüsusilə son 15-20 ildə çörək sənayesi məhz onun qədrini-qiymətini bilənlərə tapşırılıb. Açıq, hər kəsin əlləşdirdiyi çörəklər dövrü arxada qalıb. Xalqımız tükü tükdən seçir. Tük demişkən, görün vəziyyət nə yerə çatıb ki, indi bəzi vətəndaşlar çörək zavodlarını ləkələmək, onlara böhtan atmaq üçün özləri çörəyin içərisinə... tük yerləşdirirlər! İnanılmazdır, ancaq faktdır. Çünki istehlakçıların hüquqlarını müdafiə təşkilatından təsdiq edilibdir.  Sitat: “Bir neçə il öncə biz bu məsələnin dərinliyinə getdik. Ardıcıl olaraq bir firmanın çörəklərinin içindən tük çıxırdı. Araşdırdıq, məlum oldu ki, bir qrup istehlakçı tükü iynəyə keçirib çörəyin içinə salırlar, sonra da iynəni çıxarırlar. Belə bir görüntü yaranırdı ki, çörəyin içində bişəndə tük qalır.  Biz bunu ifşa etdik. Çox təəssüf ki, belə hallar mövcuddur. Məqsəd isə qarşı tərəfi şantaj edib pul almaqdır”.

Doğrudan da, çox qabiliyyətli insanlarımız var. Şəxsən mənim başım bunu düşünməyə çatmazdı. Hətta düşünsəm belə, iynəni çörəyin içindən çıxarmaq ağlıma gəlməzdi, nəticədə kimsə iynəni udar, vəziyyət tam dramatik hal alardı. Ona görə atalarımız yaxşı deyib ki, çörəyi ver çörəkçiyə, tükünü də üstəlik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR