Onlayn ictimai-siyasi qəzet
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Neft Şirkəti (TPAO) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman təbii qaz yatağında 30% payla tərəfdaş olacaq.
“Bizim tərəfdaşlarımız Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "British Petroleum" (bp) şirkətləridir. Biz Xəzər dənizində layihələr çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə davam edəcəyik”, - türkiyəli nazir qeyd edib.
Bayraktar Türkiyə və Azərbaycanın enerji layihələrinin “Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini” vurğulayaraq, “Avropaya əlavə və alternativ mənbələrdən qaz tədarükü üçün yeni layihələrin həyata keçiriləcəyinə” ümid etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. Türkiyənin regionda yerləşəndən sonra Xəzərdə də pay almasının siyasi və iqtisadi tərəfləri nə ola bilər?
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, qardaş ölkə enerji təhlükəsizliyini elə öz qardaş ölkəsinə həvalə edir: “Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın Azərbaycana səfəri bir sıra siyasi istiqamətlər baxımından olduqca önəmlidir. Ankara ilk növbədə öz enerji təhlükəsizliyini Bakıya həvalə etməkdə israrlıdır. Bir millət-iki dövlət prinsipindən də öndə duran məsələ, siyasi-iqtisadi təhlükəsizliyin əmin əllərə ötürülməsidir. Azərbaycan da öz müttəfiqinin enerji təhlükəsizliyinə zəmanət verməklə yanaşı, Türkiyənin Xəzərdə və Xəzərin o tayında möhkəmlənməsinə şərait yaradır. Burada diqqətçəkən önəmli nüanslardan biri də İran və Rusiyanın siyasi basqılarını Türkiyə vasitəsilə neytrallaşdırmaqdır. Türkiyə Neft Şirkətinin (TPAO) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman təbii qaz yatağında 30% payla tərəfdaş olacağı gözlənilir. Bu, gələcəkdə BP vasitəsilə Azərbaycana qarşı ola biləcək hər hansı siyasi-iqtisadi təsir rıçaqlarını azaltmaq niyyəti daşıyır. Azərbaycanın bu cür gedişi bütün parametrlərdə bizim xeyrimizədir. Bunu indi hər kəs etiraf edə bilər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın, o cümlədən Özbəkistanın enerji ehtiyatlarının Xəzər dənizi vasitəsilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Türkiyə burada Asiyadakı Türk Birliyi ölkələri üçün əsas zəmanətçi statusunu öz öhdəliyinə götürür. Bununla da Ankara Türküstan regionuna Kremlin basqılarını neytrallaşdırmaq üçün Xəzərdə daha da möhkəmlənməyə çalışacaq. Digər tərəfdən, Türkiyə dərin dövləti bp ilə münasibətlərini daha da dərinləşdirmək, iqtisadi-siyasi oyun quruculuğunda kart paylayan tərəf olmaq niyyətindədir. Təbii ki, bu da Azərbaycan üçün olduqca önəmlidir. Ankara Xəzərdə əsas siyasi fiqura çevrilməklə Orta Asiya regionunun siyasi-iqtisadi cəhətdən Avropaya rahat şəkildə istiqamətlənməsinə "yaşıl işıq" yandıracaq. Bu baxımdan, Britaniyanın Türkiyəyə Xəzərə giriş icazəsi verməsi daha aydın başa düşülür".
Günay Hüseynova
Türkiyədə yaşayan iqtisadçı ekspert Günay Hüseynova bu istiqamətlərdə sırf iqtisadi tərəfdən diqqətçəkən fikirlər səsləndirdi: “Son dönəmlər Azərbaycanın Avropanın Enerji təhlükəsizliyində xüsusi rola malik olması, iqtisadi səviyyədə yüksəlişi bir çox dövlətləri maraq dairəsinə əsaslanaraq ölkəmizlə əməkdaşlığa təşviq etdi. Əslində bu kimi ölkələrlə iqtisadi əməkdaşlığımız var idi. Lakin qlobal iqtisadiyyatda zəifləmə, digər ölkələrlə real gəlirli investisiya ölkəmizə marağı artırdı. Türkiyə iqtisadiyyatının enerji, neft və buna bağlı sahələrinin 90%-i idxaldan asılıdır. 30% hissəyə sahib olmaq həm daxili bazarda ucuzlaşma, həm də inflyasiyadan qaynaqlı qiymət artımının aradan qaldırılması üçün əhəmiyyətlidir. Bununla belə, 30%-lik hissə regional sahələrə multiplikativ təsir deməkdir. Belə ki, bu sahədən gələn gəlirlər qeyri-neft sektorunun kölgədə qalan sahələrinin inkişafı üçün potensial gəlir mənbəyidir.
SOCAR, bp kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq yeni konsorsiumlar baxımından, həmçinin də türk şirkətlərinin beynəlxalq imicinə dəstəkdir. Bu layihə çərçivəsində gələn gəlirlər də, əlbəttə ki, Azərbaycan iqtisadiyyatı üçün investisiyadır.
Lakin məsələnin digər vacib və əsas tərəfi var. Bu da yerli iqtisadiyyatın, vətəndaşların qorunması baxımından əhəmiyyətlidir. Belə ki, Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Bildiyimiz kimi, son dönəmlər bir çox ölkələrlə əməkdaşlığımız artır, yeni layihələr var. Azərbaycan vətəndaşları bu layihədən kənarda qalmamalı, hətta müəyyən yerli işçi qüvvəsi olduqdan sonra xarici vətəndaşın müəssisədə çalışdırılmasına icazə verilməli, minimum əməkhaqqı minimum əməkhaqqının 1.5 misli olmalıdır. Unutmayaq ki, hər bir layihə, görülən iş Azərbaycan vətəndaşının sosial iqtisadi rifahının yaxşılaşdırılması üçündür.
30% lik hissədarlıq Türkiyənin neft şirkəti üçün həm də divident və kapitalın artması deməkdir. Ölkəmizdən fərqli olaraq Türkiyə Cümhuriyyətinin dövlət büdcəsinin əsasını qeyri-neft sektorundan gəlirlər, yığımlar təşkil edir. Bu gəlirlər də qeyri-sabit olduğu üçün ölkənin pul kütləsinin dayanıqlığına, inflyasiyanın sürətlənməsinə təsir göstərir. 30%-lik pay Türkiyə iqtisadiyyatı üçün həm də stabil gəlirli valyuta axını deməkdir. Hər bir ölkə üçün xarici aktivlər maliyyə və pul siyasətinin tənzimlənməsi üçün olduqca əhəmiyyətlidir. Bu layihənin icra olunması da TAP/TANAP layihələri baxımından iqtisadi əhəmiyyət kəsb edir .
Daha öncə Türkiyə Rusiya, Gürcüstan, İran vasitəsilə idxal edirdi. Lakin siyasi proseslərdən dolayı iqtisadi baxımdan bir o qədər də əlverişli deyildi. Bu layihə həm də alternativdir. Layihənin gəlirliyinə qaldıqda isə bu, tamamilə neft qiymətlərindən asılıdır. Qlobal bazarda neft qiymətlərinin dəyişməsi birbaşa gəlirə təsir edək.
Dəniz yataqlarında quruculuq işləri yüksək xərc tələb etdiyindən dolayı bu risklərin mövcudluğunu da qeyd etmək istərdim.
Müvafiq yatağın ehtiyatları 700-800 milyon barel neft ekvivalentidir. Günlük ortalama hasilat 100 milyon bareldir. Daha dəqiq iqtisadi hesablama ilə desək, 30%-lik hissə il ərzində 10,95 milyon bareldir. Bu il üçün proqnoz bir barel üçün 80$ nəzərdə tutulub. Bu da 10,95 milyon*80 (USD) =876 milyon (USD) gəlir deməkdir. Xərclər çıxıldıqda xalis gəlir təqribi 614 milyon dollardır. Bununla yanaşı, bu layihə çərçivəsində əldə edilən neft enerji sektorunun 3%-ni təşkil edəcək.
Türkiyə iqtisadiyyatında 2024-cü ilin statistikasina əsasən 95,60 milyard dollar ödənib, bu sektorda büdcəsin profisiti yaranıb. Neft qiymətlərini proqnoza əsasən 80 $ nəzərdə tutsaq, cari kəsirdə 0,5% yaxın azalma deməkdir. Lakin risklər də qaçılmazdır. Neft qiymətlərinin aşağı düşməsi, geosiyasi arenada dəyişiklik gəlirləri 45-50% qədər azalda bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ