Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Nevşehir və Kayseri şəhərlərində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbirlər keçirilib.
Bu barədə Musavat.com-a Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı məlumat verib.
“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin icra etdiyi “Ermənistanın siyasi təxribatlarına qarşı milli strategiya – Qərbi Azərbaycan faktoru” adlı layihə çərçivəsində Türkiyənin Nevşehir və Kayseri şəhərlərində tədbirlər keçirilib.
Nevşehir Hacı Bektaş Veli Universitetində konfrans keçirilib, Kayseri şəhərində isə Yasevi dərnəyində dəyirmi masa təşkil olunub.
Qafar Çaxmaqlı bildirib ki, Nevşehir Hacı Bektaş Veli Universitetinin dosenti Telli Akhun Korkmaz Azərbaycan torpaqlarında ədalətsizcəsinə yaradılmış Ermənistan Respublikasında Azərbaycan Türklərinin acı taleyindən və etnik təmizləmə siyasəti nəticəsində xalqımızın tarixi ərazilərindən zorla çıxarılmasından danışıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaşanan hadisələrə münasibət bildirib.
Hər iki tədbirdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, düşüncə mərkəzləri, akademik dairələr, media nümayəndələri, müəllim və tələbə heyəti iştirak etmiş və mövzular ətrafında müzakirələr aparılıb.
İctimai Birliyin sədri Qafar Çaxmaqlı və digər çıxışçılar Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıdış mübarizəsinin perspektivlərini, siyasi və hüquqi aspektlərini, beynəlxalq normalara uyğunluğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılmış, Ermənistan hakimiyyəti isə bu ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini talan edib. UNESCO və digər beynəlxalq təşkilatların bu məsələyə diqqətsiz yanaşması da tədbir iştirakçılarının diqqət mərkəzində olub.
Qafar Çaxmaqlı bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı ideoloji təxribatlarını araşdırmaq, onları beynəlxalq səviyyədə ifşa etmək və Azərbaycanın Qərbi Azərbaycana qayıdışla bağlı milli strategiyasını geniş ictimaiyyətə çatdırmaqdır.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ