Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda tədris ili başa çatdı. İndi valideynlərin qarşısında duran əsas məsələlərdən biri də məktəbli övladlarının yay tətilini necə və harada keçirməsidir. Uşaqlar ilboyu topladıqları psixoloji və zehni gərginlikdən azad olub, yeni dərs ilinə həm sağlam, həm də motivasiyalı şəkildə başlamalıdırlar. Bunun üçün isə düzgün təşkil olunmuş yay istirahəti vacib amillərdən biridir.
Bəs bu il uşaqlar üçün ən uyğun istirahət məkanları hansılardır? Azərbaycanın regionlarında uşaqlar üçün nə kimi imkanlar mövcuddur? Gürcüstan və Türkiyədəki uşaq düşərgələri və istirahət mərkəzləri ilə müqayisədə bizdə qiymətlər və xidmət keyfiyyəti hansı səviyyədədir? Valideynlər xarici ölkələrə üz tutsalar, nə qədər xərc etməli olacaqlar və bu xərcə dəyərmi?
Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi fəaliyyət göstərən uşaq yay düşərgələrinin sayı əvvəlki illərlə müqayisədə azalıb. 1990-cı illərdə ölkədə onlarla dövlət və özəl düşərgə fəaliyyət göstərirdisə, bu gün bu say xeyli azdır. Buna baxmayaraq, bəzi regionlarda, xüsusilə İsmayıllı, Qəbələ, Şəki, Qusar, Lerik və Quba kimi dağlıq ərazilərdə fərdi təşəbbüslərlə təşkil edilən uşaq təbiət düşərgələri, dil və idman yönümlü yay proqramları fəaliyyət göstərir.
Bəzi özəl məktəblər, liseylər və liseyəqədər təhsil müəssisələri də yay aylarında öz şagirdləri üçün mini düşərgələr təşkil edirlər. Bu düşərgələrdə uşaqlara təbiətdə vaxt keçirmək, fərdi inkişaf və komanda işi vərdişləri aşılamaq məqsədilə müxtəlif fəaliyyətlər - yürüşlər, oyunlar, dərnəklər və psixoloji təlimlər keçirilir.
Azərbaycandakı uşaq yay düşərgələrinin qiymətləri proqramın müddəti, yerləşmə şəraiti və xidmət çeşidlərinə görə dəyişir. Orta hesabla 5-7 günlük düşərgə üçün bir uşağa görə qiymətlər 150-400 AZN arasında dəyişir. Premium kateqoriyalı mərkəzlərdə bu rəqəm 600-1000 AZN-ə qədər çata bilər.
Lakin burada əsas problem infrastrukturun qeyri-kafi olmasıdır. Bəzi düşərgələrdə nə psixoloq, nə pediatr, nə də ixtisaslı təlimçilər olur. Təhlükəsizlik, tibbi nəzarət və uşağın yaşına uyğun psixoloji proqramların olmaması bu düşərgələri çox zaman sadəcə “uşağın bir yerdə qalması üçün məkan”a çevirir.
Gürcüstan və Türkiyə uşaq düşərgələri sahəsində daha təkmil və rəqabətədavamlı infrastruktur təqdim edir. Gürcüstanda Qara dəniz sahili, Borjomi, Kazbeqi kimi bölgələrdə yay düşərgələri geniş yayılıb. Burada uşaqlar üçün həm istirahət, həm də təhsil elementləri birləşdirilmiş proqramlar hazırlanır: dil öyrənmə, təbiətə çıxışlar, musiqi və idman təlimləri.
Türkiyədə isə Egey və Aralıq dənizi sahillərində fəaliyyət göstərən yay məktəbləri beynəlxalq standartlara cavab verir. Burada təlimçilər peşəkardır, təhlükəsizlik standartları yüksək səviyyədədir və çox zaman valideynlər üçün onlayn izləmə imkanı da təqdim edilir. Qiymətlərsə, inflyasiyanın təsiri ilə 2024-cü ildən etibarən 1 həftəlik proqram üçün 500-1000 ABŞ dolları arasında dəyişir.
Bu rəqəmlər isə Azərbaycan ailələrinin əksəriyyəti üçün əlçatan deyil və nəticədə çoxları daha münasib variantlara üstünlük verir.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Təəssüf ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə uşaqların yay tətilində dincəlməsi üçün düşərgə infrastrukturu xeyli zəifləyib. Əvvəllər belə düşərgələr daha çox idi, xüsusilə də 1990-cı illərdə. Lakin zamanla nədənsə bu düşərgələr sovet dövrünün irsi kimi qəbul edilərək tədricən ləğv olunmağa başladı. Halbuki bu yanaşma kökündən yanlışdır. Çünki uşaq düşərgələri təkcə sovet sisteminə aid deyil, bu gün də dünyanın əksər ölkələrində geniş şəkildə fəaliyyət göstərir.
Məsələn, ABŞ-da “boy scout” və ya “ranger” tipli yay düşərgələri uşaqları təbiətlə tanış edir, onlara təbiəti sevməyi, açıq havada yaşamağı və komandada işləməyi öyrədir. Eyni zamanda, Avropada da uşaqlar üçün müxtəlif profilli düşərgələr fəaliyyət göstərir: təbiət, dil öyrənmə, incəsənət və s. sahələr üzrə təşkil edilən bu düşərgələr həm əyləncəli, həm də maarifləndiricidir. Demək, düşərgə ideyasının sovetlə heç bir əlaqəsi yoxdur.
Azərbaycanda isə bu infrastrukturun zəifləməsi nəticəsində uşaqların yay tətillərində dincəlməsi əsasən valideynlərin üzərinə düşür. Ən yaxşı halda valideynlər övladlarını regionlara - nənə-baba və ya digər qohumların yaşadığı kəndlərə göndərirlər. Xüsusilə dağ və dağətəyi bölgələrdə yaşayan qohumlara göndərilən uşaqlar tətili daha çox orada keçirirlər. Lakin bu, düşünülmüş, planlı bir yanaşma deyil. Halbuki uşaq düşərgələri həm istirahət, həm də təhsil prosesinin davamı kimi təşkil edilə bilərdi.
Gürcüstan və Türkiyə kimi qonşu ölkələrdə uşaq düşərgələrinin qiymətləri son illərdə artan inflyasiya səbəbindən çox bahalaşıb. Bu səbəbdən valideynlər daha çox ölkə daxilindəki bölgələrə - təbiəti gözəl olan dağ və dağətəyi rayonlara üstünlük verəcəklər. Xüsusilə orada qohumları olan ailələr uşaqlarını həmin bölgələrə göndərməyi seçəcəklər. Bu da o deməkdir ki, Azərbaycanda uşaqların yayda dincəlməsi əsasən bu yolla - qeyri-rəsmi, fərdi təşəbbüslərlə həyata keçiriləcək".
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov isə qeyd edir ki, Azərbaycanın turizm xidmətlərində regionda əsas rəqibləri olan Türkiyə və Gürcüstana uduzması artıq bir reallıqdır:
“Bu, mübahisə predmeti deyil, hamı tərəfindən qəbul olunmuş vəziyyətdir. Bu səbəbdən, təbii ki, uşaq turizmi ilə bağlı da - yəni uşaqların dincəlməsi baxımından Türkiyə və Gürcüstanda vəziyyət daha üstündür. Təbii ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Gürcüstan isə öz növbəsində müəyyən sahələrdə Türkiyəyə uduzur. Yəni bu baxımdan Türkiyə daha yüksək səviyyədədir, xüsusilə infrastrukturun qurulması və xidmət keyfiyyəti baxımından.
O ki qaldı qiymətlərə, düşünmürəm ki, Azərbaycanda qiymətlər bahadır. Yəni Azərbaycanda qiymətlərin baha olması ilə bağlı deyilən fikirlərin ciddi əsası yoxdur. Çünki Azərbaycanda qiymətlərin yüksək olduğu deyiləndə, əsasən yüksək xidmət səviyyəsinə malik, barmaqla sayılacaq qədər az olan turizm mərkəzləri və otellər nəzərdə tutulur. Lakin aşağı səviyyəli, daha əlçatan istirahət məkanları nəzərə alınmır. Həmin yerlərdə isə yalnız bayram və xüsusi günlərdə qiymətlər yüksəlir. Bu da tələbə görədir - çünki həmin kateqoriyada obyektlərin sayı azdır. Gəlin sayaq: 10 milyon əhalisi olan bir ölkədə regionlarımızda neçə yüksək səviyyəli otel var? Əl barmaqlarımızla saymaq mümkündür. Say məhdud olduğuna görə, bayram günlərində həmin məkanlara tələbat kəskin artır. Bu zaman tələb təklifi dəfələrlə üstələyir. Nəticədə, qiymətlərin bahalaşması baş verir. Səbəb də məhz budur.
O ki qaldı tövsiyələrə, hazırkı vəziyyətdə mən valideynlərə konkret bir tövsiyə verməkdə çətinlik çəkirəm. Çünki verəcəyim tövsiyə hansısa valideyn üçün əlçatmaz ola bilər, yaxud əksinə, yüksək gəlirli valideynlər üçün çox sadə və zəif görünə bilər. Buna görə də hər kəs öz ailə büdcəsinə uyğun olaraq mövcud bazarı araşdırmalıdır. İnanıram ki, internet üzərindən yarım saatlıq bir araşdırma kifayət edər ki, insan bütün istiqamətlər barədə ətraflı məlumat əldə etsin və bundan sonra düzgün qərar versin".
Xalidə Gəray,
“Yeni Müsavat”
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ