Onlayn ictimai-siyasi qəzet
Son zamanlar əhali arasında sağlamlığa dair narahatlıq doğuran məsələlərdən biri də xolesterin səviyyəsinin artması ilə bağlıdır. Əvvəllər daha çox yaşlı insanlarda müşahidə olunan bu problem bu gün uşaqlar və yeniyetmələr arasında da artan templə qeydə alınır ki, bu da ciddi narahatlığa səbəb olur.
Musavat.com xəbər verir ki, mütəxəssislərin fikrincə, bu artımın əsas səbəbləri qidalanma vərdişlərindəki dəyişikliklər, fiziki aktivliyin azalması və artan stress faktorları ilə bağlıdır.
Xolesterinin yüksək səviyyədə olması təkcə bir biokimyəvi göstərici deyil, həm də ürək-damar xəstəlikləri, piylənmə və digər xroniki sağlamlıq problemləri üçün ciddi risk faktoru sayılır. Bu xüsusilə uşaqlar arasında müşahidə olunduqda, vəziyyətin profilaktik tədbirlərlə nəzarətə alınması və geniş maarifləndirmə işlərinin aparılması vacib olur.
Onu da nəzərə çatdıraq ki, xolesterin orqanizmin normal fəaliyyəti üçün vacib maddələrdən biri olsa da, onun normadan artıq səviyyəsi bir sıra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Son illərdə xüsusilə yüksək xolesterinlə bağlı narahatlıqlar artdıqca, bu problemin törədə biləcəyi fəsadlar daha çox diqqət mərkəzinə düşür. Nəzarətsiz və uzun müddət yüksək qalan xolesterin səviyyəsi bir sıra həyati vacib orqan və sistemlərə mənfi təsir göstərərək, müxtəlif xroniki və kəskin xəstəliklərin inkişafına səbəb ola bilər.
Ən çox rast gəlinən fəsadlardan biri ürək-damar xəstəlikləridir. Qanda xolesterin miqdarının yüksək olması damar divarlarında yığılaraq lövhəciklər əmələ gətirir və bu lövhələr damarın daralmasına və ya tam tıxanmasına gətirib çıxarır. Nəticədə ateroskleroz deyilən damar tıxanması prosesi baş verir. Bu, ürəkdə qan dövranının pozulması ilə infarkt, beyində isə insult (beyin qan dövranı pozğunluğu) riskini xeyli artırır.
Bundan əlavə, damarların daralması və elastikliyinin azalması nəticəsində qan təzyiqi yüksəlir və hipertoniya yaranır.
Xolesterin yalnız ürəyə deyil, bədənin digər hissələrinə gedən qan damarlarını da tuta bilər. Belə hallarda periferik arteriya xəstəliyi meydana çıxır. Bu zaman, xüsusilə ayaqlarda qan dövranı zəifləyir, gəzinti zamanı ağrılar, soyuqluq və uyuşmalar baş verir. Bəzi hallarda bu vəziyyət amputasiya ilə nəticələnə biləcək qədər ciddi olur.
Qaraciyər və öd kisəsi də yüksək xolesterindən zərər görə bilən orqanlardandır. Xolesterinlə zəngin ödün tərkibindəki tarazlığın pozulması safra daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda, qanda və toxumalarda yağların artması qaraciyərin piylənməsi – yəni qaraciyər yağlanması (NAFLD) ilə nəticələnə bilər.
Yüksək xolesterin həmçinin şəkərli diabet və metabolik sindromla da sıx əlaqəlidir. Bu zaman piylənmə, yüksək qan təzyiqi, insulin müqaviməti və yüksək qan şəkəri birləşərək orqanizmdə sistemli bir pozuntu yaradır. Bu kompleks vəziyyət xolesterin səviyyəsini daha da artıraraq fəsadların qarşısını almağı çətinləşdirir.
Bundan əlavə, yüksək xolesterin böyrəklərə də təsir edə bilər. Damar tıxanması nəticəsində böyrəklərə qan axınının zəifləməsi onların funksiyasını poza bilər və bu isə zamanla xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər.
Xolesterinin yüksək olması təkcə laborator analizlərdəki bir göstərici deyil, həm də orqanizmin müxtəlif sistemlərində uzunmüddətli və təhlükəli pozuntulara yol açan risk faktorudur. Erkən diaqnostika, sağlam həyat tərzi və mütəmadi tibbi nəzarət vasitəsilə bu problemlərin qarşısını almaq mümkündür. Xolesterin səviyyəsinin nəzarətdə saxlanması uzunmüddətli sağlam həyat üçün vacib şərtlərdən biridir.
Endokrinoloq Hidayət Məmmədzadənin sözlərinə görə, xolesterin yüksəkliyi ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir.
Onun fikrincə, bunun qarşısını almaq üçün həyat tərzində kiçik, lakin təsirli dəyişikliklər kifayət edir. Mütəxəssis ilk növbədə sağlam qidalanmanı tövsiyə edir: doymuş və trans yağlardan uzaq durmaq, meyvə, tərəvəz və lifli qidaların qəbulunu artırmaq, eyni zamanda omega-3 ilə zəngin balıq, zeytun yağı kimi məhsullara üstünlük vermək vacibdir.
Bununla yanaşı, fiziki aktivlik də xolesterin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Hər gün ən azı 30 dəqiqə açıq havada gəzmək, qaçmaq və ya velosiped sürmək, həmçinin kardio məşqlərlə məşğul olmaq ürək və damar sistemini gücləndirir. Artıq çəki isə xolesterin balansını pozduğu üçün çəkiyə nəzarət edilməli, sağlam pəhriz və müntəzəm idmanla normada saxlanmalıdır.
Siqaretin tərk edilməsi də vacib məqamlardandır. Siqaret çəkmək “yaxşı” xolesterin (HDL) səviyyəsini azaldır, “pis” xolesterin (LDL) səviyyəsini isə artırır. Siqaretdən imtina edildikdə damarların sağlamlığı bərpa olunur. Alkoqolun isə nəzarətsiz şəkildə istifadəsi həm xolesterin səviyyəsini artırır, həm də bədən çəkisinə mənfi təsir göstərir. Bu səbəbdən alkoqol qəbulunun məhdudlaşdırılması tövsiyə olunur.
Mütəxəssislər eyni zamanda həkim nəzarətinin vacibliyini vurğulayırlar. Xolesterin yüksəkliyi bəzən irsi amillərlə və ya digər tibbi səbəblərlə bağlı ola bilər. Belə hallarda dərman müalicəsi tələb oluna bilər. Mütəmadi olaraq qan analizləri vermək və həkimlə məsləhətləşmək bu problemlərin erkən mərhələdə aşkarlanmasına və nəzarət altına alınmasına şərait yaradır.
Xolesterin səviyyəsinin nəzarətsiz qalması gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə də bu problemin uşaqlar və yeniyetmələr arasında yayılması cəmiyyət üçün xəbərdarlıq siqnalı olmalıdır. Sadə, lakin davamlı tədbirlərlə bu riskin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi, düzgün qidalanma və profilaktik müayinələr bu istiqamətdə ən vacib addımlar hesab olunur.
Afaq Mirayiq,
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ