İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Zifəroğlu: “Azərbaycana qarşı məqsədli kampaniya aparılır”

“Rusiya, İran, Ermənistan və Qərb mediası üçün xarakterik olan bu tip dezinformasiya axınının Türkiyə mediasında da özünü göstərməsi Azərbaycan cəmiyyətində dərin təəssüf doğurur”.

Bunu Türkiyə mediasında artıq neqativ tendensiya halını almaqda olan məsələ ilə bağlı APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib. O qeyd edib ki, bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı zaman-zaman dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur: “Sentyabrın 23-ü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Türkiyənin sosial media seqmentində və Azərbaycana qərəzli mövqeyi ilə seçilən bəzi media qurumları tərəfindən yayılan saxta xəbərlərin ”Hürriyyət" və “Sabah” qəzetləri də daxil olmaqla, bir sıra ciddi informasiya resurslarında da tirajlanmasından, Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, şübhəli mənbələrə istinad edilərək dezinformasiyaların dərc olunmasından dərin təəssüf hissi keçiririk".

O bildirib ki, qardaş ölkənin aparıcı media qurumlarının belə yanaşması “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu ilə formalaşdırılmış Azərbaycan-Türkiyə Birgə Media Platformasının mahiyyətinə ziddir.

Xatırladaq ki, Birgə Media Platformasının əsas hədəflərindən biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizənin aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır. “Əmin olmaq istərdik ki, qardaş ölkənin media və kommunikasiya sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumları Türkiyənin media mühitində Azərbaycanla bağlı artan dezinformasiya axınının qarşısını almaq üçün izahedici iş aparacaqlar”, - Natiq Məmmədli qeyd edib.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu “Yeni Müsavat”a açıqlamasında operativ mərkəzin yaradılmasını təklif etdi: “Son günlər bəzi xarici informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı məqsədli dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur. Xüsusilə, guya ölkəmizin üçüncü dövlət vasitəsilə Ukraynaya silah göndərməsi, eləcə də Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsində İsrail faktoru ilə əlaqədar iştirakdan imtina etməsi barədə yayılan iddialar tamamilə əsassız və həqiqəti əks etdirməyən xarakter daşıyır. Bu cür informasiyalar Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq və dost-müttəfiq ölkələrlə münasibətlərinə kölgə salmaq məqsədi güdür. Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq dezinformasiyaya qarşı birgə mübarizəni strateji prioritet hesab edir. Bizim bu sahədə əməkdaşlığımız var. Bu istiqamətdə ilk növbədə rəsmi dövlət qurumlarının vaxtında, operativ və koordinasiyalı şəkildə açıqlama verməsi, ictimaiyyətə dəqiq və sənədlərlə təsdiqlənmiş məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Həmçinin saxta xəbərlərin aradan qaldırılması və ya yanlış etiketlərlə işarələnməsi istiqamətində tədbirlər görülməsi önəmlidir. Vurğulamaq istərdim ki, hər iki qardaş ölkənin informasiya manipulyasiyasi və feyklərlə mübarizə sahəsində mütəxəssislərinin cəmləşdiyi operativ mərkəzin yaradılması son dərəcə əhəmiyyətli addım olardı. Belə mərkəzin yaradılması strateji kommunikasiya sahəsində ortaq fəaliyyət planının hazırlanması, saxta xəbərlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, birgə fakt-yoxlama mexanizmlərinin yaradılması və ictimaiyyətin media savadlılığının artırılmasına əhəmiyyətli töhvə vermiş olardı. Azərbaycan və Türkiyə həm regional, həm də beynəlxalq müstəvidə informasiya təhlükəsizliyinin qorunmasına sadiqdir. İki ölkənin koordinasiyalı addımları dezinformasiyanın qarşısının alınmasına, qərəzli yanaşmaların ifşa olunmasına və ictimaiyyətin düzgün məlumatlandırılmasına xidmət edir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR