Onlayn ictimai-siyasi qəzet
Yeni Klinikada 2025-ci il "Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş “Təbiblər – Cəmiyyətin Sağlamlıq Qalası” tədbiri baş tutub.
Musavat.com xəbər verir ki, Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyulma mərasimi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rəşad Mahmudov, Vüqar İskəndərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin müavini Ramin Şirinov, Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, Yeni Klinikanın direktoru Barat Yusubov eyni zamanda tibb müəssisəsinin tibb və qeyri-tibb heyəti iştirak ediblər.
Tədbirdə rəsmi çıxışlardan öncə “Cəbhə qəhrəmanlarının ağ xalatlı qəhrəmanlara təşəkkürü” adlı videoçarx nümayiş etdirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tibb işçilərini təbrik edərək onların cəmiyyətin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz rolu xüsusi vurğulayıb. O, çıxışında ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də bu şərəfli peşənin daşıyıcılarına göstərdiyi yüksək diqqət və qayğını vurğulayıb, son illərdə səhiyyə sistemində aparılan islahatların və həyata keçirilən dövlət proqramlarının bu sahədə çalışan mütəxəssislərin fəaliyyətinə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək bildirib ki, qarşıya qoyulan məqsədlərə məhz səhiyyə işçilərinin əzmi və peşəkarlığı sayəsində nail olunacağına inanır.
Milli Məclisin deputatı Vüqar İskəndərov müstəqil Azərbaycanın səhiyyə işçilərinə verdiyi yüksək dəyərdən bəhs edib. O, ölkədə səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında fədakar həkimlərin əvəzsiz rolunu xüsusi vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxışında bildirib ki, Agentlik olaraq əsas məqsədimiz vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və rahat çıxışını təmin etməkdir. O, bu prosesdə səhiyyə işçilərinin peşəkarlığının, bilik və bacarıqlarının sistemin uğurla tətbiqində mühüm rol oynadığını xüsusi vurğulayıb.
TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev Vətən müharibəsi dövründə tibb işçilərinin yüksək peşəkarlıqları, misilsiz fədakarlıqları və vətənpərvərlik ruhu ilə əsgərlərimizin yanında dayandıqlarını xüsusi vurğulayıb. O, döyüş meydanında hərbçilərimizin göstərdiyi qəhrəmanlıqla yanaşı, tibb personalının göstərdiyi əvəzsiz xidmətin bu xalqın birlik və həmrəylik ruhunun bir daha sarsılmaz olduğunu sübut etdiyini qeyd edib.
Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tibb işçilərini təbrik edərək bildirib ki, səhiyyə işçilərinin fədakarlığı və yüksək peşəkarlığı sayəsində ölkəmizdə sağlamlıq sahəsində əhəmiyyətli uğurlar əldə olunub.
Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin müavini Ramin Şirinov, Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, Yeni Klinikanın həkim-travmotoloq-ortopedi, ehtiyyatda olan tibb xidməti kapitanı, Vətən müharibəsi veteranı Türkel Hüseynov çıxış edərək tibb işçilərini təbrik ediblər.
Tibb müəssisəsinin direktoru Barat Yusubov çıxışında bildirib ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasını daim prioritet istiqamət kimi müəyyən etmiş, bu sahədə ardıcıl islahatlar həyata keçirib. Onun sözlərinə görə, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasət çərçivəsində tibb işçilərinə göstərilən diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır.
“Tibb yalnız bir peşə deyil – bu, vicdanın, məsuliyyətin və yüksək mənəviyyatın təcəssümüdür. Siz hər gün insan həyatını qoruyan, fədakarlıqla çalışan, zaman və məkan tanımadan insanlara ümid bəxş edən qəhrəmanlarsınız. Pandemiya, Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə bir daha sübut etdiniz ki, tibbi biliklərlə yanaşı, ruh yüksəkliyi və peşə etikasına sadiqlik bu peşənin əsas dayaqlarıdır,” – deyə Barat Yusubov vurğulayıb.
Daha sonra 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təşəkkürnamə ilə təltif edilib. Eyni zamanda Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul edilmiş tibb müəssisəsi əməkdaşlarına vəsiqələr təqdim olunub
Tədbirin bədii hissəsində tarzən Şəhriyar İmanovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Etibar Seyidağa,
Musavat.com
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ