İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Papa dilemma qarşısında

 

Siyasi şərhçi deyir ki, yeni Papanın mövqeyi həm katolik ənənəsinə, həm də Qərb dəyərlərinə balanslı yanaşma tələb edir, amma...

2025-ci ilin mayında Kardinal Robert Frensis Prevostun Papa Leo XIV adı ilə seçilməsi dünya ictimaiyyətində böyük maraq doğurub. Bu hadisə təkcə dini deyil, həm də siyasi və mədəni mənada əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir. Yeni Papanın LGBT məsələsində sərt və mühafizəkar mövqe sərgiləyəcəyi gözləntiləri isə geniş ictimai müzakirələrə səbəb olub. Katolik Kilsəsinin ənənəvi dəyərləri ilə Qərbin liberallaşan cəmiyyətləri arasında yaranan ziddiyyətlər bu gərginliyi daha da artırır.

Azər Hüseynov: “Bu, Kremlə verilən incə bir mesajdır” | Hafta.az

Siyasi analitik Azər Hüseynov “Yeni Müsavat”a açıqlamasında bu məsələnin dini, ideoloji və diplomatik aspektlərini əhatəli şəkildə təhlil edib: “2025-ci ilin mayında ABŞ vətəndaşı Kardinal Robert Frensis Prevostun Papa Leo XIV adı ilə Katolik Kilsəsinin başçısı seçilməsi yalnız dini deyil, həm də siyasi və mədəni səviyyədə əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu seçki ilə birlikdə, xüsusilə LGBT məsələsində Kilsənin hansı istiqamətə yönələcəyi geniş müzakirə mövzusuna çevrilib. Əvvəlki Papa Fransiskin dövründə müşahidə edilən nisbətən yumşaq və dialoqa açıq mövqe artıq dəyişə bilər. Leo XIV-ün əvvəlki bəyanatları onun bu məsələdə daha mühafizəkar və sərt bir xətti təmsil edəcəyinə işarə edir. Lakin məsələ təkcə bir şəxsin dini görüşlərindən ibarət deyil, burada böyük bir tarixi, teoloji və ictimai kontekst vardır. İslam, Xristianlıq və Yəhudilik kimi dinlərə görə insan cinsi kimliyi Allah tərəfindən yaradılıb və müəyyən edilib. Bu mənada istər homoseksual, istərsə də digər qeyri-ənənəvi cinsi münasibətlər insan fitrətinə və yaradılışın məqsədinə zidd sayılır. "Quran"da Lut qövmünün məhvi bu gün də İslam cəmiyyətlərində bu məsələyə münasibətin əsas arqumentidir. Katolik kilsəsində də eyni cinslər arasında münasibət “günah” olaraq dəyərləndirilir və bu mövqeyi dəfələrlə Kilsə sənədlərində görmək mümkündür. Yeni Papanın da bu doktrinal xətti qoruyacağı, LGBT münasibətlərini “İncilə zidd” adlandırması ilə bir daha təsdiqlənib. Əlavə olaraq, Kilsədə rahiblik institutu məsələyə daha həssaslıqla yanaşılmasına səbəb olur. Rahiblərin evlənməməsi və cinsəllikdən uzaq qalması onları həm simvolik, həm də praktiki baxımdan ictimai gözləntilərin mərkəzinə çəkir. Quranın Hədid surəsi, 27-ci ayəsində rahibliyin Allah tərəfindən vacib buyurulmadığı, lakin bəzilərinin buna riayət etmədiyi qeyd edilir. Bu, Katolik kilsəsinin daxilindəki bəzi ziddiyyətlərə Qurani bir baxışı da təklif edir. Məhz bu ziddiyyətlər son dövrdə baş verən uşaq istismarı skandallarında da ortaya çıxıb və Kilsənin ictimai nüfuzuna ciddi zərbə vurub".

Analitik əlavə edib ki, LGBT məsələsinin geniş ictimai qəbulu təkcə hüquqi və siyasi sahədə deyil, mədəni və informasiya məkanında da baş verir: “Qərb cəmiyyətlərində televiziya, kino və sosial media vasitəsilə LGBT həyat tərzinin normallaşdırılması sürətlə gedir. Populyar mədəniyyət LGBT-yə qarşı olan dini və ənənəvi yanaşmaları "köhnəlmiş", “geridə qalmış” kimi təqdim edir. Bu sahədəki ən güclü təbliğat isə şou-biznes sektorundadır. Bəzi məşhurların cinsəl kimliklərini açıq bəyan etmələri və bunun media tərəfindən təşviq olunması, xüsusilə gənclər arasında yeni cinsəl normaların yaranmasına səbəb olur. Belə bir atmosferdə yeni Papanın sərt mövqeyi, şübhəsiz ki, Kilsənin bu cəmiyyətlə münasibətlərində yeni gərginliklər doğura bilər. Avropa liberalizmi əvvəllər sadəcə iqtisadi və siyasi sahələri əhatə edirdisə, bu gün artıq ailə, cinsəllik və dini inanclar kimi şəxsi sahələrə qədər uzanıb. Bu liberallaşma cinsi yönəlmələrin də hüquqi və sosial tanınmasını zəruri edir. Bu müstəvidə formalaşan hüquqi sistemlər, LGBT-yə qarşı dini əsaslı tənqidləri nifrət çıxışı (hate speech) kimi qiymətləndirməyə başlayıb. Bu da dini liderlər, o cümlədən Papa üçün çox dar bir manevr sahəsi yaradır. Papa Leo XIV-ün ABŞ vətəndaşı olması, özünün Latın Amerikası kökləri olsa da, onu bu liberal ideologiyanın mərkəzində qərarlaşdırır. Onun mövqeyi bu səbəbdən həm Katolik ənənəsinə, həm də Qərb dəyərlərinə balanslı yanaşmanı tələb edir. Bu balanssızlıq isə ya dini legitimliyin, ya da ictimai nüfuzun zəifləməsi ilə nəticələnə bilər. Katolik kilsəsi son 20 ildə ciddi böhranlar yaşadı. Xüsusilə ABŞ, İrlandiya və Almaniyada yüzlərlə rahibin uşaq istismarı ilə ittiham olunması və bunların üstünün uzun müddət bağlanması Kilsənin etibarlılığına ağır zərbə vurdu. Papa Fransisk bu etimad böhranını yumşaldaraq dialoqa açıq, mərhəmətli və daha daxilədönük bir kilsə təsviri yaratmağa çalışdı. LGBT məsələsində də “Kilsə hər kəsi sevməlidir”, “Onlar da Allahın övladlarıdır” kimi fikirlərlə daha çox qəbuledici ritorika qurdu. Bu mövqe Kilsənin əsas teoloji prinsiplərini dəyişməsə də, yeni sosial münasibətlərə uyğunlaşmaq cəhdi kimi dəyərləndirildi. Papa Leo XIV-ün isə ABŞ mənşəli olması bu məsələyə yeni siyasi kontekst əlavə edir. ABŞ-da Donald Trampın LGBT ideologiyasına qarşı açıq ritorikası və dini dəyərləri siyasi həyata qaytarmaq istəyi bəzi dairələrdə yeni Papanın da bu xəttə yaxın ola biləcəyi fikrini gücləndirir. Trampın fikrincə, dinlə siyasət arasında ciddi ayrım qoyulması Amerikadakı mənəvi deqradasiyanın səbəblərindən biridir. Bu baxımdan, yeni Papa da Kilsənin ictimai rolunu gücləndirmək, ailə institutunu və ənənəvi cinsiyyət anlayışını bərpa etmək üçün daha sərt mövqe tuta bilər. Lakin unutmaq olmaz ki, Vatikan yalnız dini deyil, həm də diplomatik bir qurumdur və onun başçısı olan Papa yalnız bir din xadimi deyil, həm də dövlət başçısı statusuna sahibdir. Bu səbəbdən onun hər hansı radikal mövqeyi, xüsusilə Qərbdəki tolerantlıq çərçivəsində, çox da sərbəst şəkildə ifadə oluna bilməz. Nəticə olaraq, Papa Leo XIV-ün LGBT məsələsində mövqeyi daha mühafizəkar ola bilər, lakin bu mövqe, sadəcə, teoloji deyil, həm də mədəni və siyasi təzyiqlərin təsirində formalaşır. O, Katolik Kilsəsinin minillik ənənəsini qorumaq istəyərkən, eyni zamanda liberal Qərb dünyasında fəaliyyət göstərən dini lider kimi yeni bir kommunikasiya dili tapmaq məcburiyyətində qalacaq. Bu səbəbdən də onun mövqeyi yalnız şəxsi inanclarla deyil, həm də Vatikanın diplomatik və sosial mövqeyi ilə müəyyən olunacaq".

 Hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR