İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Türk-İslam xətti: Türkiyə, Pakistan və Azərbaycanın güc üçbucağı formalaşır

Ankara–İslamabad–Bakı ittifaqı İslam dünyasının yeni strateji dayağına çevrilir


2023-cü ildə Türkiyə 5,5 milyard dollarlıq hərbi texnika ixrac edib. 2024-cü ildə bu göstərici 7 milyard dollara yüksəlib. Bu il isə hərbi ixracat 8 milyard dolları keçəcək. Rəsmi statistikaya görə, Türkiyə dünyada silah ixracatı baxımından 11-ci yerdədir.

Bu, sadəcə xaricə satışdır. Türkiyənin daxili tələbatı da yerli silahlarla ödənilir. Yəni Türkiyə silah ehtiyacının 80 faizini daxili imkanlar hesabına həll edir. Bu da ən azı 15 milyard dollar deməkdir. Bu qədər vəsait ölkənin daxilində qalır.

Bu məsələdə ən önəmli olan bilirsiniz nədir? Uzun müddət Qərb texnologiyası dünya bazarında dominantlıq edib. Müsəlman ölkələri isə həmin texnologiyanı almaq zorunda idilər. Elə indi də elədir. Ancaq tendensiya dəyişir. Öncə Asiya ölkələri bu tilsimi sındırdı. İndi isə müsəlman ölkələri bu baxımdan xeyli irəli gediblər.

Ankara-Bakı-İslamabad ittifaqına qarşı ÇİRKİN PLAN

Heç şübhəsiz ki, bu işin başında Türkiyə dayanır. Pakistan da bu sırada öndədir. İran da texnoloji baxımdan Qərbin əhatəsindən çıxmaq üçün nələrsə etməyə çalışır. Dünyada mövcud olan 51 müsəlman ölkəsindən 3-ü bu baxımdan diqqət çəkir. Digərləri isə 100 il əvvəl olduğu kimi Qərb texnologiyasını idxal edirlər. Bu isə o deməkdir ki, müsəlman ölkələri bütün varını-yoxunu yığıb texnologiya müqabilində Qərbə verirlər. Qərb isə əldə etdiyi vəsaitə istinadən əlində olan texnologiyanı daha da inkişaf etdirir.

Türkiyə bu tilsimi qırır. Özü də son dərəcə uğurlu şəkildə. Əlbəttə, Türkiyə bunu Ərdoğan iqtidarından öncə də edə bilərdi. Ancaq kollektiv Qərb Türkiyəni çağdaş texnologiyadan uzaq tutmaq üçün mümkün olan və olmayan hər şeyi edib. İndi də Türkiyənin texnoloji inqilaba gedən yolunu kəsmək üçün araya Çin səddi çəkməyə çalışır. Lakin proses geridönməz xarakter alıb.

Belə bir fonda Pakistan-Türkiyə əlaqəsi və bu ölkələr arasında genişlənən hərbi ittifaq Cənubi Asiyada diqqətlə izlənir. Türkiyə Hindistanın Kəşmirdəki əməliyyatlarını pisləyən Pakistanın yeganə Qərb müttəfiqi kimi özünü göstərir. Bir çox Körfəz ölkələri Pakistanı dəstəkləməkdən çəkinsələr də, Hindistana daha çox rəğbət bəsləsələr də, hətta Qərb dövlətləri də Yeni Dehliyə qarşı neytrallıq və ya həssaslıq nümayiş etdirdikdə Türkiyənin Pakistan ilə sarsılmaz həmrəyliyi ortada ciddi fərq yaratdı.

Bir çox ekspertin fikrincə, ortaq İslam bağı və kimliyi Türkiyə ilə Pakistan arasında möhkəm tərəfdaşlığın təməlində dayanır. Tarixən Moğol və Osmanlı imperiyaları arasında dostluq əlaqələri vardı. Bu əlaqələr də bu günə təsir edir.

SENTO — Vikipediya

Soyuq Müharibə dövründə Türkiyə və Pakistan Mərkəzi Müqavilə Təşkilatı (CENTO, 1955–1979) və İnkişaf Naminə Regional Əməkdaşlıq Təşkilatı (RCD, 1964-cü ildə yaradılmış) çərçivəsində müttəfiq olublar. İki ölkə böhran zamanlarında demək olar ki, həmişə bir-birini dəstəkləyib. Məsələn, Pakistan Türkiyənin Yunanıstana qarşı Kiprlə bağlı iddialarına qahmar çıxıb və indi Ankara Kəşmir məsələsində Pakistana dəstək verməklə sanki buna qarşılıq verir. 1964-cü ildə və yenə 1971-ci ildə Pakistan Kipr böhranı zamanı Ankaraya hərbi yardım göstərib.

Son illərdə İslamabad və Ankara arasında ideoloji yaxınlıq daha da dərinləşib. Türkiyə varlı Körfəz ölkələrinin təsirini tarazlaşdırmaq üçün Pakistan və Malayziya kimi Körfəzdən kənar müsəlman dövlətləri ilə əlaqələrini strateji cəhətdən gücləndirib. Bəs Pakistan Türkiyənin iştirakından necə faydalanır? Prezident Ərdoğan dəfələrlə Türkiyənin Kəşmirlə həmrəy olduğunu bəyan edib və Türkiyə Pakistanın əsas silah ixracatçısına çevrilib. 2020-ci ilə qədər Türkiyə İslamabadın Çindən sonra ikinci ən böyük silah təchizatçısı olub və Pakistan donanmasının modernləşdirilməsində mühüm rol oynayıb.

Türkiyə Hindistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Onilliklər ərzində iki ölkə arasında səmimi münasibətlər olub. Ancaq Hindistanda 220 milyon müsəlmanın ən iyrənc şəkildə diskriminasiyaya məruz qalması rəsmi Ankara tərəfindən laqeyd qarşılana bilməz. Qərb və NATO Türkiyə silahlarının Pakistan tərəfindən Hindistana qarşı hücumlarda istifadə edilməsinə göz yumaq zorundadır. Yəni Qərb Türkiyə-Pakistan ittifaqına qarşı çıxaraq açıq şəkildə Hindistanın yanında yer ala bilmədi. Niyə? Çünki kollektiv Qərb Ukrayna üzərindən Rusiya ilə münaqişədədir. Belə bir ortamda Türkiyə kimi müttəfiqi itirmək Qərbə baha başa gələ bilərdi.

Bakı-Ankara-İslamabad geosiyasi xətti: Yeni güc nə vəd edir? - ŞƏRH

Türkiyədən başqa hansı böyük dövlət Pakistanı dəstəkləyir? 1990-cı illərdə ABŞ İslamabaddan uzaqlaşdıqdan dərhal sonra Çin Vaşinqtonun buraxdığı boşluğu dolduraraq Pakistanla münasibətlərini dərinləşdirdi. Çinin Pakistandakı iştirakının dərinliyini anlamaq üçün Pekin uran, tritium və texniki ekspertizanı təmin etməklə Pakistanın nüvə sahəsində inkişafında mühüm rol oynadı. Çinin yardımı olmasaydı, Pakistanın nüvə arsenalının mövcud olması sual altına düşə bilərdi. Soyuq Müharibədən sonrakı dövrdə Çin Hindistanın ən çətin iki qonşusu, yəni Pakistan və Banqladeş üçün aparıcı müdafiə təchizatçısı kimi ortaya çıxdı və Banqladeşin təxminən 86%-ni, Pakistanın isə silahlarının 82%-ni təmin etdi – bu da Çinin Cənubi Asiyada aparıcı müdafiə təchizatçısı kimi rolunu göstərir.

Türkiyə islam xalqları ilə əlaqələri gücləndirməyi hədəfləyir və onun Cənubi Asiyada genişlənən təsir dairəsi Hindistan üçün ciddi problem yaradır. Hindistanı daha çox narahat edən odur ki, Ankara Yeni Dehliyə hər hansı hərbi texnikanın satışını tamamilə qadağan edib. Bölgədə Türkiyənin iştirakı Çininkindən xeyli fərqlənir: Ankara təkcə Pakistana hərbi dəstək vermir, həm də Cənubi Asiyadakı müsəlman icmaları arasında Hindistan kimi müttəfiq olmayan ölkələrə qarşı rəqəmsal və ya kiber əməliyyatlar aparır. Ən azı bəzi Qərb mənbələri belə bir iddiadadır.

Ось Баку — Анкара — Исламабад и месседжи Лачина - От ИИ до космических  технологий

O da maraqlıdır ki, Pakistan-Türkiyə ittifaqı təkcə Qərbdə yox, müsəlman Şərqində də qısqanclıqla qarşılanır. Məsələn, Pakistanın Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə isti münasibətləri var. Xüsusən Səudiyyə Ərəbistanı Pakistanın daxilində gedən ən mürəkkəb siyasi proseslərə belə müdaxilə etmək imkanına malikdir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sirr deyil ki, hər bir dövlətin müxtəlif və mürəkkəb ittifaqlar şəbəkəsində yeri var. Pakistan və Türkiyənin dostluğu tarixi irsə, ideoloji yaxınlığa və qarşılıqlı təhlükəsizlik maraqlarına söykənir. Ankaraya dəstək İslamabadın hərbi qüdrətini artırır və onun siyasi müstəvidəki mövqeyini yüksəldir. Türkiyə İslam ölkələri ilə əlaqələri gücləndirir, Çin isə Pakistanın müdafiə qabiliyyətini daha da artırır və müxtəlif istiqamətlərdən Yeni Dehli üçün təzyiq rıçaqları yaradır…

Türkiyə-Pakistan ittifaqında Azərbaycanın da xüsusi yeri var. Azərbaycan da son Hindistan-Pakistan müharibəsində rəsmi İslamabada ən yüksək səviyyədə dəstək verib. Bu ittifaqın Türkistanın hesabına daha da güclənməsi ehtimalı son dərəcə yüksəkdir. Belə bir ittifaq isə bütövlükdə İslam dünyasının Qərbin imperialist ambisiyalarından qurtulmasına təkan verə bilər.

Tarixdən bəllidir ki, VIII–XIII əsrlərdə İslam Dünyası qızıl dövrünü yaşayıb, elm və mədəniyyət baxımından intibah dövründən keçib. Çağdaş Qərb elminin əsası məhz o dövr islam alimlərinin elmi nailiyyətlərinə söykənir. Süni intellekt dövründə İslam Dünyası yenidən keçmiş əzəmətinə qovuşa bilər. Türkiyə inqilab xarakterli texniki uğurları ilə bunun mümkün olduğunu aydın şəkildə ortaya qoyub.

Elbəyi Həsənli,
Sürix

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR