İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qırağındakı ölüm ağacları – Belə şey yalnız bizim ölkədədir

Güzarım və yolum Zobucuğa tərəf düşmüşdü. Qəsəbəyə doğru irəlilədikcə yolun hər iki tərəfində sırayla əkilmiş, böyüyüb böyük çinar olmuş ağaclara, onların yola düşən kölgələrinə baxıram, xoşuma gəlir və yerli yol yoldaşıma deyirəm: “O vaxt bu ağacları əkərkən əla iş görüblər”.

Yoldaş razılaşır və dərhal da əlavə edir ki, keşkə, daha iki metr yoldan kənarda əkəydilər.

Elə bilirəm, o, bu sözü yolun gələcəkdə genişləndirilməsi üçün deyir, nə ehtiyac var, deyirəm, Zobucuq böyüyüb meqapolis olası deyil ki, yolu bundan artıq enlətmək lazım gəlsin.

Bəradər deyir, ona görə yox, ağaclar yoldan kənarda əkilmiş olsalar, sürücülər qəza edərkən maşınları ağaca dəyməz, ölməzlər. “Əzilməzlər?”, “Yox, ölməzlər”.

Mat qalıram. Deyirəm, ay qardaş, axı sürücülər bu düz yolda niyə qəza etməlidirlər ki, hələ bir yoldan çıxıb ağaca çırpılsınlar, düz sürüb getsinlər dəə.

Qardaş deyir, nə bilim, burda belə sürürlər və bəzən ağaca dəyirlər.

Eyni mükaliməni bir də Örənqala yolunda davam etdiririk. Fikir verirəm ki, sürət həddi saatda 60 km olan və hər iki tərəfində ağaclar sıralanan yolda ən asta gedən avtomobil 100-lə şütüyür. Deyirəm, bu yolda sürət 60-dır axı, bunlar niyə belə gedir.

Eloğlu deyir, burada sürət 60-dan başlayır, 120-150-yə qədər yeri var, elə bil, 90-dan aşağı sürənə söyüş qoyublar.

“Bəs qəzalar olmur?” – soruşuram.

“Niyə olmur? Hər həftə olur”, - o deyir və yol boyunca qəza yerlərini göstərir: “Bax, 3-4 ay əvvəl burada bir cavan kəndçimizi mərdiməzarın biri 140-la vurdu, bir az irəlidə yük maşını bir şagirdi vurmuşdu, bayaq döngə keçdik ha, keçən həftə orada iki maşın toqquşdu, 3 adam öldü, əmioğlunun qaynı cipini burda aşırmışdı”.

Bəlkə də o, çox sadalayacaqdı, amma dedim, yaxşı, bu qədər hadisə olur, insanlar anlamırmı ki, yüksək sürət həyat üçün təhlükəliidir.

Həmsöhbətim dedi, belə çıxır ki, anlamırlar, ya da arxayındırlar ki, heç nə olmaz, deyirlər, DYP yox, radar yox, niyə yavaş gedək.

Bəli, əsas qənaət budur: bir yolda DYP və radar yoxdursa, demək, avtomobili son sürətlə sürmək olar. Yola sürət həddinə dair nişan qoyanların ağlı kəsmir, amma bunlar bilirlər ki, hessad olmaz, maşın sürmək üçündür, sürünmək üçün yox.

Ona görə də bədbəxt hadisələr və faciəvi qəzalar tez-tez olur. Ancaq bu, hadisədən yarım saat sonra o yola çıxan sürücülər üçün ibrətlik hal deyil. Onlar yenə də yüksək sürətlə şütüyüb gedirlər.

Şəhər sürücülərində o imkan yoxdur, hər tərəfdə radarlar, dairələr, işıqforlar, YPX əməkdaşları, öndə gedən avtomobillərın sıxlığı var, hər dəqiqə 120 sürət yığmaq olmur. Amma rayon yolları sürət həvəskarları üçün əlverişlidir, bas qaza, qoy uçsun.

Bu üzdəndir ki, Avropanın Azərbaycan boyda olan, ancaq ümumi avtomobil sayı ölkəmizdəkinin iki mislinə çatan ölkələrində il ərzində yol qəzalarında ölənlərin sayı 50-ni keçmədiyi halda, bizdə bir ildə qəzada ölənlərin sayı 1000 civarında olur, xəsarət alanları sayı isə üç o qədər.

Əldə statistika ola, adam müqayisə edə, görə ki, məsələn, İsveçrədə ildə nə qədər avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca dəyir. Əlbəttə, elə statistik göstərici olmaz. Əvəzində sürət həddinə əməl etməyənlərin, ağır qayda pozuntusuna yol verənlərin sürücülük hüququndan məhrum edilməsinə dair statistik məlumat tapmaq olar.

Bizdə yolda 2-3 adamı birdən xurd-xəşil edən, bu iş üstdə məntəqə tipli koloniyada bir müddət cəza çəkən adamlar hazırda hərəsi bir avtomobilin sükanı arxasındadır və maşınlarına yenə “ĞORRR” səsi verdirə-verdirə sürürlər.

Bu, milli identifikasiya məsələsidir. Dünya bizi sürətsevərliliyimizlə tanımalıdır. “O hansı rusdur ki, sürəti sevmir” kəlamı onlara yox, bizə yaraşır. Çünki biz bomba oğlanıq, “Formula” pilotu Alonso pitsa yeyir bizim yanımızda və sair və ilaxır. Aşağı-yuxarı düşüncə budur.

Bu mövzuda danışa-danışa mənzil başına qayıtdığımız yerdə bayaqdan bəri yanımda oturan yol yoldaşım axırda sürüşümdən bezdi və dedi: “Mən sürsəydim, çoxdan çatmışdıq, DYP yox, radar yox, bas, getsin dəə”.

P.S. Əgər bu yazıdan sonra adı çəkilən və çəkilməyən yollara radar qoyulacaqsa, mərdiməzara söyüş söyənlərin söyüşü özünə getsin. Müəllif istəyir ki, gənc insanlar öz maşınlarını yol kənarlarındakı ağaca çırpıb ölməsilnər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR