İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan paytaxt və bölgələrlə bağlı SENSASİON faktlar

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə, hökumət üzvlərinin də iştirakı ilə keçirilən büdcə ilə bağlı müzakirələrdə çox mühüm məsələlərə diqqət çəkib.

Musavat.com komitə sədrinin çıxışını təqdim edir:

“Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz qlobal sarsıntılardan yan keçərək bütövlük və suverenlik şəraitində Böyük Qayıdışla yeni Vətən quruculuğunu həyata keçirir.

Büdcə siyasətində uğurlarımız çoxdur, eyni zamanda, layihə ilə bağlı vacib saydığımız üç məsələyə toxunmaq istərdik.

2005-ci ildə neft gəlirlərinin artdığı bir dövrdə İpoteka Fondunun yaradılması mühüm hadisə oldu. Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3.5 milyard manat təşkil edir.

Təkcə ötən il kredit alanların 3000 nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər – 1800-dən bir qədər çox və 1754 müəllim tutur. Lakin Fond tərəfindən verilən kreditlərin coğrafiyası dərc olunsaydı, görərdik ki, onların 90 faizi Bakı və Abşeron yarımadasının payına düşür.

Səbəb kimi ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki, sirli dairədən çıxmağın yolları var.

Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün ipoteka siyasətini dəyişmək - paytaxtdan bölgələrə yönəltmək olar.

Digər siyasət tariflərdir. Ölkəmizdə 4244 kənd var. Bu, böyük sərvətdir.

Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisadi, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilib.

Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq.

Halbuki, qeyri-rəsmi məlumatlara görə, həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonunun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır.

4244 kəndin yalnız 92-də əhali sayı 5000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır. Ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3.9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib.

Yəni ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edilib.

Yəni ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır.

Biz təklif edirik ki, əhalinin paytaxta axınının qarşısı almaq, kəndlərə Böyük Qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.

Üstəlik, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali üçün differensial tarifləri tətbiq etməyin əsası var. Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artıqdca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq.

Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik”.

Zahid Oruc daha sonra bildirib ki, biz ötən illərin büdcələrinin icrası, gəlirlər və xərclərimizin effektivliyinə, hökumətin öhdəliklərini yerinə yetirməsi vəziyyətinə qiymət verəndə bir xətt aydın görünür - neftin qiyməti azalanda islahatlar da onunla sinxron sürətlənir, qiymətlər artıqda isə hökumət orqanlarının saxlanması xərcləri kəskin böyüyür:

“Təbii resurs asılılığı və xarici birjalarla pararel çalışmaq özü ilə bərabər riskləri də gətirir. Struktur və kadr islahatları artıq ənənəyə çevrilib. Hər gələn sahəvi rəhbər əvvəlki strukturu kardinal dəyişir.

Sənədlərin və onunla bərabər büdcə planlaşdırılmasının kəskin dəyişməsi məsələnin ağrılı hissəsi olsa da, əvvəlki dövrün təcrübəli kadrlarına münasibət dəyişir. Nəticədə idarəçilikdə varisilik ənənələri itir, institusional yaddaş - hər bir dövlət qurumunun tarixi silinir, dövlət qulluğundan kənarda idarəçilik sistemində paralel strukturlar meydana çıxır.

Halbuki, hər bir nazirlik, komitə və səhmdar cəmiyyətin strukturunun 10-15 il sabit qalması və peşəkar kadrların çalışmasına zəmanət vətəndaş məmnuniyyəti, effektivliyi, optimallaşmanı təmin edərdi.

İslahatların əsas ideologiyası Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri tam dolğunluğu ilə yerinə yetirmək, idarəçiliyin sabitliyini və peşəkar kadr korpusunu qorumaq olmalıdır.

Prezidentin bir nömrəli tapşırığı ölkəmizin sabit siyasi və idarəetmə elitasının yaradılmasıdır. Büdcənin icrası ilə bağlı sənəddə hər il xüsusi yeri vergi güzəştləri ilə bağlı siyasət təşkil edir.

İnvestisiyaların təşviqi nəticəsində biznes üçün 7 il müddətinə mənfəət vergisinin 50 faizi, əmlak, torpaq vergiləri və ƏDV-dən tam azad olunma nəzərdə tutulur.

Sənaye və texnologiya parklarında da oxşar siyasət tədbirləri görülür. Şəffaflıq üçün verilən güzəştlərin maliyyə tutumu, nə qədər sahibkarı əhatə etməsi, faktiki dövriyyələri, büdcənin itkisi kimi görünsə də, əvəzində yaradılan əlavə dəyər və iş yerləri təqdim olunarsa, büdcə hesabatlığı və gələcək vergi siyasəti üçün əhəmiyyətli olar.

Bir daha dünyada təhlükəsizlik böhranları, iqtisadi-ticarət şəbəkələrinin dağıldığı və enerji bazarlarında yaşanan qeyri-sabitlik fonunda Prezident İlham Əliyevin sərkərdəliyi ilə xalqımızın həyati mənafelərinin qorunması, büdcə öhdliklərinin bütövlükdə yerinə yetirilməsi və gələcək strateji planları nəzərə alaraq layihəyə müsbət səs verəcəyik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR