İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski nə etməlidir?” -Prezident İlham Əliyevin bir il əvvəlki cavabı, Qərbin bugünkü etirafı

 

Rusiya və Ukrayna arasında atəşkəs müzakirələri davam edir. Tərəflər arasında İstanbulda mayın 15-də birbaşa görüşün keçirilməsi gündəmdədir. Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların İstanbulda başlanmasını və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski isə Putini mayın 15-də Türkiyədə gözləyəcəyini və atəşkəsin dərhal elan edilməsinin vacibliyini vurğulayıb. Zelenski Putinin görüşə qatılmamasının "tam məğlubiyyət" kimi qəbul ediləcəyini deyib.

Zelenski jurnalistlərlə söhbətində Putinlə şəxsi görüşə hazır olduğunu bildirib:

"Putinlə indi hər şeydə razılaşmaq mümkün deyil, amma müharibəyə son qoymaq üçün bir format tapmalıyıq," – deyə qeyd edib. Onun fikrincə, Putinin İstanbula gəlməsi Rusiyanın müharibəni bitirmək istəyib-istəmədiyini göstərəcək.

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə danışığında ABŞ-ın prioritetinin dərhal atəşkəsin elan edilməsi olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp isə Ukraynanı mayın 15-də Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlara razılaşmağa çağırıb. Tramp eyni zamanda danışıqlarda iştirak edə biləcəyini qeyd edib.

Görüşə bir gün qalmış Rusiya hələ də orada öz nümayəndəsini açıqlamayıb. Bəzi mənbələr Putinin İstanbula getməyəcəyini iddia edir. Ukrayna Prezidenti Zelenski isə Putindən başqa heç kimlə danışıqların mənasız olduğunu vurğulayıb. ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Trampın İstanbula gəlişi Putinin iştirakından asılı olacaq.

Mayın 13-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İstanbul danışıqlarına hazırlığını davam etdirdiyini, lakin hansı səviyyədə təmsil olunacağını açıqlamadığını bildirib.

 Peskov əlavə edib ki, Rusiya Federasiyasını kimin təmsil edəcəyi Putinin qərarından asılı olacaq.

Ukraynanı Rusiya ilə müharibəyə sürükləyən və sülh çağırışlarını görməzdən gələrək münaqişənin davamına şərait yaradan Qərb dövlətləri, xüsusilə Fransa indi  atəşkəsə və sülh danışıqlarına çağırış edirlər. Üstəlik, bunun vacibliyini vurğulamaqla kifayətlənməyib, əks halda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi ilə hədələyirlər.

Göründüyü kimi dövlət başçısı İlham Əliyevin bir il əvvəl Şuşada keçirilən Qlobal Media Forumunda səsləndirdiyi fikirləri Qərb liderləri hələ indi etiraf edirlər.  Ukraynanı müharibəyə sürükləyən Makron kimiləri də, müharibənin davam etməsini istəyən digər Qərb dövlətləri də, Ukraynanın özü də.

Avropa və Qərb bu gün atəşkəsin vacibliyi ilə bağlı bəyanatlar verir və çağırışlar edirlər. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev hələ bir il əvvəl atəşkəsin zəruriliyini gündəmə gətirərək, uzaqgörən və güclü lider yanaşmasını bir daha sübut etmişdi.

Dövlət başçısı hələ ötən il Şuşa Media Forumunda Ukrayna ilə bağlı jurnalist Mariana Qonçarukun sualına cavabında demişdi:

 “Zənnimcə, danışmaq lazımdır. Sizə bir analogiya gətirə bilərəm: bizim münaqişə davam etdiyi dövrdə Ermənistanla daimi prosesimiz var idi. Əlbəttə, onun heç bir nəticəsi olmadı, ancaq bu proses davam edirdi. ATƏT-in keçmiş Minsk Qrupu - biz onların fəaliyyətindən narazı idik və buna haqqımız da var idi, ancaq buna baxmayaraq, bu proses davam edirdi, danışıqlar var idi. Ermənistanın liderləri ilə dəfələrlə görüşmüşəm, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar aparmışam. Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək? Məncə, bəli, onların xeyri oldu. Detallara varmaq istəmirəm, ancaq bir çoxları anlayır, mən nə haqda danışıram və bütün o illər ərzində biz bunu edirdik. Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu, çox çətin qərar idi, sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq".

Azərbaycan Prezidenti bu fikirləri ilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukrayna üçün Rusiya ilə danışıqlara getmək tövsiyəsini çox ustalıqla həmin vaxt vermişdi.

Prezident İlham Əliyev bir neçə gün əvvəl Ağdama səfəri zamanı da atəşkəs mövzusuna toxundu: “Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir”.

Azərbaycan atəşkəsə nail olduqdan sonra  öz ordusunu formalaşdırdı, iqtisadi gücünü artırdı,  "Əsrin müqaviləsi" kimi tarixi layihələrə imza atdı. Nəticədə bu gün suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, güclü və sabit bir Azərbaycan mövcuddur. Bütün bunlara isə ölkəmiz böyük çətinliklər, Qərbin maneələri şəraitində nail oldu.

Prezident İlham Əliyevin bir il əvvəl səsləndirdiyi atəşkəsin vacibliyi ilə bağlı çağırışları bu gün daha aydın görünür. Ukraynanı müharibəyə sürükləyən Makron kimi Qərb liderləri və münaqişənin uzanmasında maraqlı olan digər dövlətlər –gec də olsa atəşkəsin nə qədər zəruri olduğunu etiraf edirlər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR