İnsanlara hürriyət, millətlərə istiqlal!

100 məktəbə 85 milyon - dəyişən nə olacaq?

Şagirdlərin repetitor yanına getmək məqsədilə başqa bölgələrin məktəblərinə yazdırılmasına son; ekspertlər deyir ki, şagird sayı az olan məktəblərin maliyyəsi azaldılacaq 

Növbəti ildən etibarən ölkənin ümumi təhsil sistemində mühüm yenilik gözlənilir. Belə ki, 2026-cı ildə Azərbaycanda 100 məktəbin adambaşına maliyyələşmə mexanizminə keçidi planlaşdırılır. Yeni model hələlik pilot proqram çərçivəsində həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hələlik bu mexanizmin hansı məktəblərdə tətbiq ediləcəyi açıqlanmayıb. 

Bəzi ekspertlərə görə, adambaşına düşən maliyyələşmə sisteminin məktəblərdə tətbiq edilməsi məktəblərin bir sıra izafi xərclərinin azalmasına, o cümlədən tədrisin təşkilində təkcə məktəb direktorunun yox, bütün məktəb kollektivinin maraqlı olmasına gətirib çıxara bilər. 

Maraqlıdır, adambaşına maliyyələşmə mexanizminin məqsədi nədir və onun tətbiqi müəllimlərin əməkhaqlarına necə təsir göstərəcək?

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi 

Təhsil mütəxəssisi Elçin Əfəndi mövzunu “Yeni Müsavat”a şərh edib: “Növbəti ildən etibarən pilot layihə olaraq maliyyələşmə prinsipi tətbiq olunacaq. Burada məqsəd məktəblər arasında rəqabət mühitinin formalaşdırılması, təhsil verənlərin və idarə heyətinin əməkhaqlarının artırılması, eləcə də təhsil müəssisələrində "kənara çıxma halları"nın qarşısının alınmasıdır. “Kənara çıxma halları” dedikdə, tədris prosesinin zəifləməsi və ya nəticəsiz qalması kimi hallar nəzərdə tutulur. Hər bir məktəbdə təhsil alan şagirdlərin sayına uyğun olaraq həmin məktəbə müəyyən ödəniş ayrılır və bu vəsaitlər əsasında məktəbin fəaliyyət xərcləri formalaşır. Həm təhsil verənlər, həm də məktəb rəhbərliyi çalışacaq ki, şagird sayı çoxluq təşkil etsin. Hər sinifdə müəllimlər belə bir rəqabət aparacaq ki, bir sinifdən digər sinfə keçid olmasın, daha çox şagirdin təhsil alması təmin edilsin, siniflərdə şagird çatışmazlığı yaranmasın. Çünki adambaşına maliyyələşmə mexanizminə əsasən, məktəblərin maliyyə vəsaiti məhz şagird sayından asılı olacaq.

Təbii ki, bu sistem ölkədəki bütün təhsil müəssisələrinə - hazırda 4400-dən çox orta təhsil müəssisəsinə - təsir göstərəcək. Beləliklə, hər bir məktəb arasında müəyyən rəqabət mühiti formalaşacaq. Bu rəqabət nəticəsində şagirdlərin bir məktəbdən digərinə keçməsi halları da əvvəlki illərlə müqayisədə bir qədər azalacaq. Məktəblər çalışacaq ki, şagirdlər təhsili yarımçıq qoymasın və məktəbi tərk etməsin. Bu sistem tətbiq olunarsa, onun müsbət nəticə verməsi üçün məktəblərin idarəetmə mexanizmi də mütləq şəkildə uyğunlaşdırılmalıdır".

Ekspertə görə, hazırda bölgələrdə elə məktəblər var ki, orada şagird sayı çox azdır: “Məsələn, sinifdə 10 şagird var, amma onlar üçün çəkilən xərc paytaxtda 20-25 şagirdi olan sinif üçün çəkilən xərclə eyni idi. Bu halda adambaşına maliyyələşmə prinsipi tətbiq olunduqda, şagird sayı az olan və çox olan məktəblər arasında kifayət qədər fərq yaranacaq. Əlbəttə, belə bir mexanizmin tətbiqi şagirdlərin repetitor yanına getmək məqsədilə başqa bölgələrin məktəblərinə yazdırılması və digər mənfi halların aradan qaldırılmasına da imkan yaradacaq”. 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu sistem Azərbaycanda müəyyən təhsil pillələrində artıq tətbiq olunur: "2011-ci ildən etibarən ali və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsili müəssisələri adambaşına maliyyələşmə mexanizmi ilə fəaliyyət göstərir. 2024-cü il iyunun 13-də isə publik hüquqi şəxs statuslu ümumtəhsil məktəbləri üçün nümunəvi nizamnamə təsdiqləndi. Bu, kifayət qədər kompleks və ciddi prosesdir. Yeni mexanizmə əsasən, dövlət hər bir təhsilalana düşən maliyyə vəsaitini birbaşa təhsil müəssisəsinin hesabına köçürür, həmin məktəb isə bu vəsaiti qanunvericiliyə uyğun idarə edir. Təhsil naziri isə prosesin şəffaf həyata keçirilməsinə nəzarət funksiyasını icra edir". 

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov 

Kamran Əsədov əlavə edib ki, ötən il dövlət məktəbəqədər təhsildə bir uşaq üçün orta hesabla 4 370 dollar (ÜDM-in 26 faizi), orta təhsildə 3 765 dollar (22 faiz), ali təhsildə isə 3 972 dollar (23 faiz) xərcləyib: “Amma dövlət büdcəsində təhsilə ayrılan ümumi vəsaitin payı digər sahələrlə müqayisədə çox deyil. Məsələn, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsilə bunun təxminən üçdə biri qədər vəsait yönəldilir”.

Ekspert əlavə edib ki, sertifikasiya, Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanları və digər göstəricilər nəzərə alınarsa, Bakıda təhsil keyfiyyəti ilə seçilən məktəblərin sayı çox azdır.

Kamran Əsədovun fikrincə, yeni sistemin əsas mahiyyəti “şagirdin arxasınca maliyyənin gəlməsi” prinsipinə əsaslanır: "Bu halda məktəblər daha çox şagird cəlb etməkdə maraqlı olacaqlar. Hazırda hər şagirdin təhsilinə illik təxminən 1300 manat sərf olunur, lakin bu vəsaitin konkret istiqamətlərə necə xərcləndiyi bəlli deyil. Azərbaycanın coğrafi şəraitinə baxsaq, 4400 məktəbdən təxminən 2000-də şagird sayı 200 nəfərdən azdır". Ekspert həmçinin beynəlxalq təcrübəyə də toxunub: "ABŞ-nin  bəzi ştatlarında hər uşaq üçün ayrılan dövlət vəsaiti vauçer formasında təqdim olunur. Bu vauçer yalnız təhsil məqsədilə istifadə edilə bilər. Valideyn həmin məbləği övladının oxuduğu məktəbə yönəldir. Bu, məktəblər arasında sağlam rəqabət mühiti yaradır və təhsilin keyfiyyətini artırır. Bəzi hallarda ayrılan məbləğ şagirdin nəticələrinə görə dəyişir: uğurlu şagirdlər üçün maliyyə artır, zəif nəticə göstərənlər üçün isə azalır".

ABŞ-də bir şagirdin illik təhsil xərci orta hesabla 14 418 dollardır. Ümumilikdə 12 illik təhsil sistemi üzrə bu ölkə hər il 586,4 milyard dollar xərcləyir. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. ABŞ-da dövlət xərclərinin 11,6 faizi təhsilə yönəlir ki, bu da beynəlxalq standart olan 15 faizlik göstəricidən aşağıdır. Hər şagirdə düşən illik xərc 12 624 dollardır və bu, OECD-yə üzv 37 ölkə arasında ən yüksək beşinci göstəricidir. Digər ölkələrdə bu rəqəmlər dəyişir: Lüksemburqda ibtidai siniflər üzrə bir şagird üçün illik 21 143 dollar, yuxarı siniflər üçün isə 25 421 dollar ayrılır. Koreyada bu göstərici müvafiq olaraq 12 535 və 14 978 dollar, Fransada isə 8 724 və 13 006 dollardır. İndoneziyada isə bu məbləğ ən aşağı səviyyədədir - ibtidai siniflər üçün 1 514, yuxarı siniflər üçün 1 435 dollar.

Ekspert sonda qeyd edib ki, beynəlxalq təcrübə göstərir: “Adambaşına maliyyələşmə sistemi orta məktəblərdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Şagird sayı az olan məktəblərdə adambaşına düşən vəsait daha çox olur. Məsələn, Daşkəsən rayonunda hər sinifdə cəmi 3-5 şagird təhsil alır, buna görə də bir uşağa çəkilən xərclər daha yüksəkdir. Amma müəllimlərin maaşı ölkə üzrə eyni sistemlə hesablandığı üçün bu fərq balanslaşdırılmır. Odur ki, adambaşına maliyyələşmə modelinə keçid təhsil sistemində rasionallaşmanı zəruri edir”.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil xərcləri üçün cəmi 5,02 milyard manat (2,95 milyard ABŞ dolları) ayrılması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 78,6 milyon manat (46,2 milyon dollar) və ya 1,6%, 2024-cü ilin icra səviyyəsi ilə müqayisədə isə 625,8 milyon manat (368,1 milyon dollar) və ya 14,3% artım deməkdir. Sənədə əsasən, 2,41 milyard manat (1,42 milyard dollar) və ya 48,1% - ümumi təhsilə, 796,1 milyon manat (468,3 milyon dollar) və ya 15,9% - ali təhsil və dövlət sifarişi ilə maliyyələşən universitet proqramlarına,468,2 milyon manat (275,4 milyon dollar) və ya 9,3% - məktəbəqədər təhsilə yönəldiləcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR