İnsanlara hürriyət, millətlərə istiqlal!

"Outlet qaraj"da “brend oyunu”: endirimlərin arxasındakı hiylə - REPORTAJ/FOTOLAR 

Oktyabrın 25-dən şəhərin “Park Bulvar” adlanan ticarət mərkəzində “Outlet Garage Günləri” start götürüb. Girişdə iri hərflərlə yazılmış “70–90 faiz endirim” lövhələri göz qamaşdırır. Alıcılar bir-birinin ardınca mağazalara axışır, içəridə isə sanki hər kəs “xəzinə” axtarır.

Musavat.com əməkdaşı da ticarət mərkəzində olub, qiymətlərlə maraqlanıb.

e98655cc-f7e5-4368-a5ce-6ea9e62c8f22.jpg (230 KB)

Önümüzdə endirim vərəqi, “Pierre Cardin” – “Karaca” brendlərinin adını daşıyan mağazaya daxil oluruq. Girişdə iki firmanın iri loqosu vurulub, insanın ağlına ilk gələn odur ki, burada həmin markaların malları satılır. Lakin içəridə mənzərə tamam fərqlidir. Rəflərdə müxtəlif, tanımadığımız markaların geyimləri. Qış geyimləri çoxdur, qiymətlər doğrudan da aşağı – 50, 70, hətta 90 faizlik endirimlərlə. Amma “Pierre Cardin” və ya “Karaca” etiketi olan bircə məhsul tapmaq çətindir.

97252e32-d04e-45ff-8997-07d0e27665b4.jpg (203 KB)

– Bəs bu brendlərin malları hanı? – satıcıya sual veririk.

O, bir qədər tərəddüdlə cavab verir:

– “Əvvəl var idi, amma artıq satılıb. İndi qarışıq mallardır. Hamısı keyfiyyətlidir, narahat olmayın”.

Endirim lövhəsində yazılan brend adları isə hələ də yerindədir. Alıcılar baxır, inanır, alış-veriş edir.

91b5f254-49c3-422b-9435-32c4c1065a61.jpg (253 KB)

Növbəti diqqət çəkən “Daniel Klein” brendi oldu, saat mağazasının qapısının üstündə par-par yanan loqo, içəridə isə vitrində müxtəlif modellər var idi. Amma diqqətlə baxanda anlayırsan ki, heç biri “Daniel Klein” deyil. Qiymət də maraqlıdır: heç birinin üzərində endirim faizi yazılmayıb.

Soruşuruq:

– Bu saatlar neçəyədir?

Satıcı vitrini açarla açır, birini göstərir:

– Bu 300 manatdır, 40 faiz endirim edirik.

– Bunlar əsl Daniel Klein saatlarıdır?

-Xeyr, O brendin adını sadəcə tutacaqların üzərinə vurmuşuq.

- Bəs niyə o brendin adı altında başqa markalar satırsınız?

Satıcı əvvəlcə gülümsəyir, sonra müdafiə tonunda danışır:

– Bunlar da keyfiyyətli mallardır, orijinaldır. Sadəcə qarışıq gəlir, amma fərqi yoxdur, hamısı yaxşıdır.

Daha çox kürk və ziyafət geyimlərinin satışınə həyata keçirən “Sassafone” mağazasında vəziyyət bir qədər fərqlidir. Girişdəki satıcıya yaxınlaşırıq:

– Sizdə də qarışıq mallar satılır?

Təəccüblə cavab verir:

– “Xeyr, bizdə yalnız firmanın öz məhsullarıdır. Başqa ad altında mal satmaq bizdə qadağandır. Əgər kimdəsə belə hallar varsa, bu, düzgün deyil”.

Ticarət mərkəzinin bir küncündə kitab stendi də diqqət çəkir. Burada da endirim elan olunub, amma digər mağazalardakı kimi izdiham yoxdur. Alıcılar paltar, çanta, saat üçün növbəyə dayandığı halda, kitab rəfləri qarşısında sükut hökm sürür.

abebd9ef-f175-4bbe-a34e-eb2e5eb319e7.jpg (160 KB)

Bir gənc satıcı zarafatla deyir:

– Endirim kitabda olsa da, maraq geyimdədir.

Əslində “Outlet Garage Günləri”nin məqsədi alıcılara sərfəli alış-veriş imkanı yaratmaqdır. Amma reallıqda bəzi mağazalarda brend adlarının yalnız “reklam” üçün istifadə olunduğu görünür. Alıcı isə “ucuzluq” sevinci ilə bu təzadın fərqinə varmır. Əslində, bu kimi kampaniyalar şəffaflıq tələb edir: mağaza qapısında yazılan brend adı içəridə də eyni keyfiyyətlə təqdim olunmalıdır. Əks halda, “endirim” sadəcə etiketdə qalır.

a7b7ae5c-3d4b-4233-9bd9-6ed4779af528.jpg (270 KB)

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, bir brendin adı altında başqa malların satılması istehlakçının aldadılması və qeyri-qanuni fəaliyyət hesab olunur. “Qeyri-səmərəli rəqabət haqqında” Qanunun 3-cü maddəsində istehlakçıların aldanması qeyri-səmərəli rəqabətin forması kimi göstərilir. Eyni qanunun 4-cü maddəsində qeyd edilir ki, başqa bir sahibkarlıq subyektinin ticarət markasından, ticarət adından və ya xidmət markasından qanunsuz istifadə etmək qadağandır. Yəni hər hansı mağaza tanınmış bir brendin adından istifadə edib, lakin həmin brendə məxsus olmayan mallar satırsa, bu qanunun pozulması kimi qiymətləndirilə bilər.

Eyni zamanda “Ticarət nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, qeydiyyatdan keçmiş ticarət markasından yalnız onun sahibi və ya onun icazə verdiyi şəxs istifadə edə bilər. Başqasının markasından istifadə etməklə alıcını yanıltmaq və ya malların mənşəyi barədə yanlış təsəvvür yaratmaq qadağandır. Belə hallar ticarət markasının qanunsuz istifadəsi və istehlakçının aldanması kimi hüquqi məsuliyyət yaradır.

Buna görə də, mağaza vitrinində “Daniel Klein” kimi brend adlarının yazılıb, içəridə bu firmalara aid olmayan məhsulların satılması, faktiki olaraq alıcıda yanlış təəssürat yaradaraq, həm ticarət nişanı, həm də istehlakçı hüquqları haqqında qanunların tələblərini pozmuş olur.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR