Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş müxalifətçi və NEXTA kanalının sabiq baş redaktoru Roman Protasyeviçlə bağlı sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı Protasyeviçi Belarus kəşfiyyatının əməkdaşı adlandırıb. Lukaşenko bildirib ki, 2021-ci ildə “Ryanair” təyyarəsinin Minskdə enməsi ilə bağlı hadisə zamanı əslində Protasyeviçin saxlanılması məqsəd deyilmiş:
“Protasyeviç bizim kəşfiyyatın əməkdaşı idi. Onu niyə saxlamalı idik ki? Təyyarə Vilnüsə uçurdu, amma birdən döndülər və Minskdən endilər. Dedilər, guya göyərtədə partlayıcı var. Mən dedim: ‘Əgər Vilnüs üzərindəsinizsə, orada enin’. Amma onlar döndülər, gəlib Minskə endilər. Mən də göstəriş verdim: əməliyyatı həyata keçirin, çünki o, qaçqınların arasında gizli işləyirdi”.
Lukaşenko əlavə edib ki, həmin əməliyyat əslində “formal” xarakter daşıyıb, çünki Protasyeviç artıq Belarus kəşfiyyatı ilə əməkdaşlıq edirmiş:
“Biz onu həqiqətən saxlamırdıq. O, Yunanıstana ezam olunmuşdu, orada bizə lazım olan məlumatları çatdırdı, tapşırıq aldı və geri qayıdırdı. Amma Qərb bizi müxalifətçini həbs etməkdə ittiham etdi və nəticədə sanksiyalar tətbiq olundu”.
Hadisədən sonra Roman Protasyeviç TASS-ın sualına cavab olaraq Lukaşenkonun dediklərini təsdiqləyib:
“Bəli, mən bu məlumatı təsdiqləyə bilərəm. Hazırda bundan artıq heç nə deyə bilmərəm”.
Qeyd edək ki, Roman Protasyeviç 2021-ci ilin mayında Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsinin Minskə məcburi endirilməsi zamanı saxlanılmışdı. O vaxt Qərb dövlətləri bu hadisəni “siyasi təxribat” adlandırmış və Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmişdi.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ