Onlayn ictimai-siyasi qəzet
Rusiya paytaxtı yaxınlığında təhlükəsizlik vəziyyəti yenidən gərginləşib.
Musavat.com xəbər verir ki, Moskva ətrafında gecə saatlarında bir sıra partlayış səsləri eşidilib.
Moskva meri Sergey Sobyanin hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri paytaxta doğru hərəkət edən pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib: “PUA-nın qalıqları şəhər kənarına düşüb. Hadisə yerində fövqəladə xidmətlərin mütəxəssisləri işləyirlər”.
Eyni zamanda, Jukovski şəhərində elektrik enerjisi kəsilməsi qeydə alınıb. Şəhər dairə administrasiyasının məlumatına əsasən, bu, 10 kilovoltluq avadanlığın avtomatik sönməsi nəticəsində baş verib.
Ukrayna mənbələri isə kəsintiləri “dron hücumlarının nəticəsi” kimi təqdim edərək, bütün Moskva vilayətinin, o cümlədən paytaxtın bir hissəsinin işıqsız qaldığını bildiriblər.
Moskvaətrafı bölgələrdə genişmiqyaslı enerji kəsintisi müşahidə olunur. Diqqətçəkən məqam odur ki, TASS, RİA Novosti, RT, 360.ru və Solovyov Live kimi aparıcı prokremil media orqanları hadisə barədə heç bir məlumat yaymır.
Hazırda enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Hadisənin dəqiq səbəbləri ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ