Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri bir çox baxımdan tarixi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, səfər çərçivəsində imzalanacaq sənədlər bu əhəmiyyəti daha da artırır və iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Qrupunun rəhbəri, politoloq Zaur Məmmədov bildirib.
“Artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Bunun əsas nümunələrindən biri səfər zamanı imzalanacaq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”dur. Bu sənədlə yeni Strateji İşçi Qrupu formalaşacaq və əməkdaşlıq üç əsas istiqamətdə aparılacaq: enerji, ticarət və tranzit də daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr; müdafiə, silah satışı və terrorizmə qarşı mübarizəni əhatə edən təhlükəsizlik sahəsi,” – deyə Zaur Məmmədov vurğulayıb.
O qeyd edib ki, Strateji İşçi Qrupu həm regional bağlantılar və enerji sahəsində sərmayələrin genişləndirilməsi, həm də süni intellekt kimi innovativ sahələrin inkişafı ilə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı isə ABŞ texnologiyası və sərmayəsinin ölkəmizə gəlməsi, iqtisadi fəallığın artması deməkdir.
Zaur Məmmədov həmçinin diqqətə çatdırıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda görüşü və Birgə Bəyannamənin imzalanması gözlənilir:
“Bu sənəddə ATƏT-in Minsk Qrupunun ləğvi üçün Baş Katibə birgə müraciət yer alır. Eyni zamanda, sülh sazişinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılmasının vacibliyi tanınır. Burada əsas məqamlardan biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin təsdiqlənməsidir. Bundan əlavə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru yolunun təmin olunması məsələsi də sənəddə öz əksini tapır ki, bu da “Zəngəzur dəhlizi”nin reallaşması deməkdir”.
Politoloq bildirib ki, səfərin digər mühüm məqamlarından biri Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair sazişin mətninin paraflanmasıdır. Bu, tərəflərin bütün bəndlər üzrə razılığa gəldiyini və hüquqi öhdəliyi olan sülh müqaviləsinə hazır olduqlarını göstərir.
Zaur Məmmədov əlavə edib ki, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə sənədi imzalayacağı da gözlənilir:“Bu düzəliş 1992-ci ildə qəbul olunmuş, Azərbaycanın maraqlarına zidd olan və ölkəmizə ABŞ hökumətinin birbaşa yardımını qadağan edən ədalətsiz qanun idi. 33 il sonra onun aradan qaldırılması Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bariz göstəricisidir”.
Afaq Mirayiq,
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ