Onlayn ictimai-siyasi qəzet
ABŞ istehsalçısı Wabtec Qazaxıstanla 4,2 milyard dollarlıq müqavilə bağlayaraq 300 ədəd ES44Aci seriyalı lokomotivin tədarükünü həyata keçirəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb. Reuters-in açıqlamasına görə, Rusiya və Çinlə sərhədləri olan Qazaxıstan Tramp administrasiyasının ABŞ-a ixracata tətbiq etdiyi 25 faizlik rüsumlardan sonra çətinliklərlə üzləşib. Bunun ardınca prezident Kasım-Jomart Tokayev iyul ayında ABŞ Prezidenti Donald Trampa yazaraq ticarət məsələlərində konstruktiv dialoqa hazır olduğunu bildirib. Tariflərin ləğvi barədə hələlik rəsmi xəbər yoxdur.
ES44Aci seriyası xüsusi olaraq MDB bazarı üçün hazırlanmış ixrac variantıdır. ABŞ lokomotivləri adətən 1435 mm standart enində istehsal olunur, halbuki Qazaxıstan və Rusiyada 1520 mm enli rels sistemi tətbiq edilir. 2010-cu illərdə GE Evolution seriyasının oxşar versiyaları (Qazaxıstanda TЭ33A indeksi ilə) yerli müəssisələrdə də yığılmışdı. Yeni müqavilədə lokallaşma dərəcəsi açıqlanmasa da, əsas proqram təminatı və kritik hissələrin ABŞ-dan gətirilməsi qaçılmaz görünür. Bu, Vaşinqton üçün siyasi böhran vəziyyətində təzyiq aləti rolunu oynaya bilər.
300 ədəd lokomotiv isə ölkənin dəmir yolu sistemində ABŞ şirkətinə faktiki monopoliya mövqeyi qazandırır.
Vaşinqton üçün bu müqavilə Mərkəzi Asiyada effektiv soft power vasitəsi hesab olunur. ABŞ lokomotivlərinin seçilməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) idarəçiliyində Vaşinqtona əlavə nəzarət imkanları verir. Servis və ehtiyat hissələri üzərindən ABŞ istədiyi vaxt Qazaxıstan dəmir yolunun mühüm hissəsini işə sala və ya dayandıra bilər.
Ən önəmlisi isə – amerikan texnologiya və standartlarının Avrasiya məkanında möhkəmlənməsidir.
Geosiyasi nəticələr
• Rusiya həm iqtisadi, həm də siyasi itki ilə üzləşir. Qazaxıstan artıq “Transmaşholdinq”in məhsullarını deyil, ABŞ texnologiyasını seçir.
• Çin üçün itki nisbətən azdır: Pekin üçün alternativ marşrutların çoxalması faydalıdır. Amma ABŞ-ın bölgənin strateji logistikasında möhkəmlənməsi uzunmüddətli təhlükə yaradır.
• Avropa İttifaqı qazanc əldə edir: əlavə Asiya marşrutu güclənir, Rusiya üzərindən asılılıq azalır.
• Türkiyə də mövqelərini gücləndirir, çünki yük axınlarının Avropaya keçidi üçün əsas qapı rolunu oynayır.
Bu proses Mərkəzi Asiyanı artıq Rusiyanın “arxa həyəti” olmaqdan çıxarır. Region ABŞ və Çin rəqabətinin açıq arenasına çevrilir. Paralel olaraq Avropa və Türkiyə kimi daha kiçik, amma motivasiyalı oyunçuların çəkisi də artır.
Qafqazdakı ABŞ varlığını və indi Mərkəzi Asiyada qazandığı mövqeləri nəzərə alsaq, geosiyasi mənzərə daha da aydınlaşır: ABŞ həm Cənubi Qafqaz, həm də Orta Asiyada yeni oyun qaydaları qurur.
Mənbə: Reuters
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ