Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya rəsmiləri Ukraynada sülh danışıqları çərçivəsində avqust ayında baş tutan görüşlərdə enerji sahəsində bir sıra mümkün sövdələşmələri gizli şəkildə müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” da maraqlı məlumat yayılıb.
Verilən xəbərə görə, həmin sövdələşmələr Kremlin atəşkəsə razı olmasına stimul kimi təklif olunub.
Bununla Vaşinqton da Rusiya rəhbərliyinə qarşı sanksiyaları yumşaltmağa ümid edir.
Üç mənbənin bildirdiyinə görə, danışıqlarda xüsusilə Exxon Mobil şirkətinin yenidən Rusiyanın “Saxalin-1” neft-qaz layihəsinə qayıtması imkanları müzakirə olunub. Həmçinin Rusiyanın ABŞ-dan mayeləşdirilmiş təbii qaz istehsalı üçün avadanlıq alması məsələsi qaldırılıb. Söhbət, o cümlədən, sanksiyalar altına düşmüş “Arktik SPG-2” layihəsindən gedir.
Mümkün razılaşma variantlarından biri də ABŞ-ın Rusiyadan atom buzqıranları almasıdır – bu barədə Reuters daha əvvəl də xəbər vermişdi.
Görüşlər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun avqustun ilk yarısında Moskvaya səfəri zamanı keçirilib. O, Rusiya prezidenti Vladimir Putin və onun investisiyalar üzrə nümayəndəsi Kirill Dmitriyev ilə görüşüb. Məsələ, həmçinin, 15 avqustda Alyaskada keçirilən Rusiya–ABŞ sammitində də qısa şəkildə müzakirə olunub.
Ağ Evdən bildirilib: “Tramp və onun milli təhlükəsizlik komandası rus və ukraynalı rəsmilərlə ikitərəfli görüşün keçirilməsi üçün danışıqları davam etdirir ki, qətllər dayandırılsın və müharibəyə son qoyulsun.” Administrasiya əlavə edib ki, mövzunun ictimai müzakirəsi ABŞ-ın milli maraqlarına cavab vermir.
Kirill Dmitriyevin nümayəndəsi, həmçinin Exxon Mobil şərh verməkdən imtina edib. “Rosneft” və “Novatek” isə Reuters-in sorğularına cavab verməyib.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ