Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 5-də ABŞ prezidenti Donald Tramp Amerika vətəndaşlarını qanunsuz saxlayan ölkələrə qarşı sanksiyaların tətbiqinə şərait yaradan sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı Dövlət Departamenti yayıb.
Bildirilir ki, Birləşmiş Ştatlar Amerika vətəndaşlarının “qanunsuz həbsinə sponsorluq edən ölkələr” anlayışını təqdim edir. Belə ölkələr “sərt məhdudiyyətlər, o cümlədən iqtisadi sanksiyalar”a məruz qala bilər, həmçinin vizaların verilməsi, yardımların göstərilməsi və vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər qoyula bilər.
Prezidentin sənədi imzalamazdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı onun girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beyler bildirib ki, Tramp digər ölkələrdə ən azı 72 Amerika vətəndaşının azad edilməsini təmin edib.
Tramp özü isə "biz bunun üçün heç nə ödəmədik" deyərək yenə sələfi Co Baydeni tənqid edib. Onun sözlərinə görə, Bayden administrasiyası, "beş nəfər üçün 6 milyard dollar" ödəyib.
2024-cü ilin iyununda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə keçmiş ABŞ Prezidentinin girovlarla bağlı xüsusi nümayəndəsi Rocer Karstens etiraf edib ki, Vaşinqton faktiki olaraq digər ölkələrdə hər hansı cinayət törətmiş amerikalıları da “qanunsuz həbs olunan” adlandıra bilər.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ