Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin ikinci Ağdam səfəri çərçivəsində səfər iştirakçıları şəhərdə yenicə qurulub, istifadəyə verilən Ağdam Muğam Mərkəzi ilə də tanış olublar.
Musavat.com bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov mərkəzin yaranması, fəaliyyəti haqda səfər iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra təkcə fiziki baxımdan deyil, həm də mənəvi və mədəni müstəvidə sürətli dirçəlişə şahidlik edir. Bu dirçəlişin ən simvolik nümunələrindən biri Ağdam Muğam Mərkəzidir.
Emin Hüseynov həmçinin xatırladıb ki, bu möhtəşəm mədəniyyət ocağının təməli 2023-cü ilin may ayında Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən qoyulub. İki ildən sonra, yəni 2025-ci il mayın 10-da mərkəz istifadəyə verilib.
Mərkəz həm funksionallığı, həm də memarlıq baxımından regionun ən müasir və kompleks mədəniyyət qurumlarından biri sayılır. Kafe, kinozal, kitabxana və iki rəqs zalı burada yaradılan əsas məkanlardandır. Mərkəzin 474 nəfərlik konsert zalı isə yüksək akustika və texniki təchizatı ilə seçilir. Bu zalda təkcə muğam konsertləri deyil, həm də müxtəlif milli və beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur.
Mərkəzdə yaradılmış 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər yardımçı məkanlar isə burada yalnız tamaşaların deyil, eyni zamanda musiqi tədrisinin və yaradıcılıq proseslərinin də aparılmasına imkan yaradır. Buradakı dərs otaqları muğam sənətinin ustad-müəllim ənənəsinə uyğun şəkildə gənc istedadların yetişdirilməsi üçün nəzərdə tutulub.
Emin Hüseynov qeyd edib ki, Mərkəzin istifadəyə verilməsindən sonra ilk olaraq Muğam Müsabiqəsinin iki mərhələsi məhz bu mərkəzdə keçirilib.
Hansı ki, Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən bu müsabiqə illərdir gənc ifaçıların tanınmasında, ustad sənətkarların yolunu davam etdirəcək istedadların üzə çıxarılmasında mühüm rol oynayır. Müsabiqənin Ağdamda, işğaldan azad edilmiş, uzun illər səssizliyə qərq olmuş bir şəhərdə keçirilməsi isə Azərbaycanın mədəniyyətə verdiyi önəmin, Qarabağın ruhunun nə qədər canlı olduğunu bir daha nümayiş etdirdi.
Həmçinin bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi məhz bu mərkəzdə baş tutub.
Daha sonra verilən məlumatda vurğulanıb ki, ərazidə inşa olunmuş 615 nəfərlik açıq havalı amfiteatr isə yay mövsümündə keçiriləcək musiqi bayramları, festivallar və xalq musiqisi gecələri üçün ideal məkandır.
Beləliklə, Qarabağ muğamının beşiyi yenidən canlanır. Xatırladaq ki, Ağdam təkcə tarixi və strateji əhəmiyyəti ilə deyil, həm də Azərbaycanın musiqi paytaxtlarından biri kimi tanınırdı. Bu şəhər muğamın sədaları ilə nəfəs alan, tarzənlərin, xanəndələrin, musiqi ustadlarının yetişdiyi məkandır. İşğal dövründə bu mədəni irs kobudcasına tapdanmış, tar və kamanın səsi susmuşdu. Lakin indi Ağdam Muğam Mərkəzi həmin səsin yenidən ucaldığı, muğamın torpağa qovuşduğu, milli ruhun dirildiyi ünvana çevrilir.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, eləcə də bu sənətin tədrisi və təbliği baxımından mühüm rol oynayayır. Gənc nəslin muğama marağının artırılması, ustad sənətkarların təcrübəsinin gələcək nəsillərə ötürülməsi və Azərbaycanın musiqi diplomatiyasında Qarabağın söz sahibi olması məhz bu Mərkəzin fəaliyyətində öz əksini tapacaq.
Xalidə Gəray
Video, fotolar müəllifindir
Musavat.com
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ