İnsanlara hürriyət, millətlərə istiqlal!

Alternativ enerji istehsalı yeni reallıqlar formalaşdırır

Azərbaycan hökuməti və əhali onlara hazır olmalıdır

Azərbaycan hökuməti alternativ mənbələrdən enerji istehsalını, ölkənin enerji təminatında onun payını artırmaq istiqamətində fəaliyyətlərini ciddi şəkildə sürətləndirib. Bu sahədə böyük layihələrin icrası istiqamətində fəaliyyətlər son dərəcə gücləndirilib, son iki ildə xarici investorlarla bu sahəyə investisiyaları nəzərdə tutan mühüm sazişlər imzalanıb. Sonuncu belə sazişlər alternativ enerji istehsalı sahəsində ən qabaqcıl texnologiyaların istehsalçısı olan Çinlə imzalanıb. Belə ki, aprelin ortalarında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 QVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Bərpa olunan mənbələrdən, xüsusilə də günəş və külək enerjisi istehsalını artırmaqla bərabər, əldə olunan enerjinin ümumi sistemə inteqrasiyası, onun alınması, paylanması, ölkədə enerji təchizatının fasiləsizliyinin təmin olunması, nəhayət, satışı ilə bağlı çoxsaylı məsələlərin həllinə ehtiyac var. Energetika nazirinin müavini Elnur Soltanovun dediyinə görə, son iki ildə Azərbaycanda enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində dörd mühüm qanun qəbul olunub. Hazırda üç yeni qanun layihəsi üzərində - istilik, qaz təchizatı və tənzimləyici orqanla bağlı qanun layihələri üzərində iş aparılır. Nazir müavini Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: ”yaşıl artım" və əlaqəliliyin formalaşan qapısı" adlı panel müzakirəsində qeyd edib ki, istilik təchizatı sahəsində əsas diqqət mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafı və istilik nasosları kimi yüksək səmərəlilik təmin edən texnologiyaların tətbiqinə yönəlib. “Tənzimləyici haqqında” qanun isə real bazar tariflərinin formalaşmasına imkan yaradacaq və enerji sektorunda şəffaf və dayanıqlı idarəetməni təşviq edəcək.

Nazir müavini qeyd edib ki, 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payı 30 faizi ötəcək. Hazırda Azərbaycanda fərdi və aktiv istehlakçılar 150 kilovatadək günəş panelləri quraşdıraraq enerji alqı-satqısı həyata keçirə bilirlər. Bu modelin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Soltanov bildirib ki, enerji səmərəliliyi sahəsi Azərbaycanda strateji əhəmiyyətli və yeni bir istiqamət kimi ön plana çıxır. Hazırda binaların və məişət avadanlıqlarının sertifikatlaşdırılması üzrə 12-yə yaxın normativ sənəd hazırlanır. Enerji Səmərəliliyi Fondu yaradılıb və onun maliyyə dayanıqlılığı fosil yanacaqlardan əldə olunan vergilər hesabına təmin olunur. Sovet dövründən qalma binaların enerji baxımından qeyri-səmərəli olması isə bu sahədə böyük potensial yaradır.

E.Soltanovun sözlərinə görə, “Azərbaycanın enerji sistemində davamlılıq üçün əlaqəlilik və modernizasiya vacibdir”. Bərpa olunan enerjinin davamlı olmaması onun inteqrasiyasını çətinləşdirir və bu problemi iki istiqamətdə həll etmək mümkündür: enerji sisteminin ölçüsü və regional əlaqəlilik. Nazir müavini qeyd edib ki, Azərbaycan coğrafi baxımdan böyük ölkə deyil və enerji sisteminin maksimal gücü təqribən 8 qiqavat, illik orta istehlak isə 3 qiqavat civarındadır: “Böyük enerji sistemləri və güclü qonşuluq əlaqələri bu cür çağırışların öhdəsindən gəlməyə kömək edir. Avropa ölkələri bu üstünlüklərdən faydalanır. Lakin İspaniyanın son enerji böhranı göstərdi ki, zəif əlaqəlilik, xüsusən də təkcə bir ölkəyə bağlı olmaq ciddi problemlər yarada bilər”.

Nazir müavini həmçinin bildirib ki, bərpa olunan enerji mənbələrinin maya dəyəri az olsa da, bu enerjinin sistemə inteqrasiyası, şəbəkənin modernizasiyası və dayanıqlığın artırılması əlavə xərclər tələb edir: “Bu xərcləri nəzərə alsaq, bəzi hallarda bərpa olunan enerji qazla işləyən stansiyalarla müqayisədə o qədər də üstün olmaya bilər. Qaz stansiyaları texnoloji elastikliyin verdiyi üstünlüklərə malikdir”.

E.Soltanov əlavə edib ki, planlaşdırılan 2 qiqavatdan artıq bərpa olunan enerji layihələrinin ölkəyə 2 milyard dollaradək xarici və daxili sərmayə gətirəcəyi gözlənilir. Bununla belə, bu cür layihələrin icrası ciddi maliyyə yükü yaradır və əsas sual odur ki, bu yükü kim daşıyacaq: “Xüsusilə Sovet irsindən gələn ictimai gözləntiləri nəzərə alsaq, kommunal xidmətlərin ödənişli olması əhalidə çətinlik yaradır. Ona görə də bu yükü vətəndaşların üzərinə qoymaq asan deyil və yaxşı izah olunmalıdır”.

Nazir müavini beynəlxalq maliyyə institutlarının, o cümlədən EBRD-nin bu məsələlərin həllində və maliyyə yükünün bölüşdürülməsində mühüm rol oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycanda enerji tarifləri hələ də dövlət tərəfindən tənzimlənir. Bu isə enerji istehsalı sahəsinə investisiya cəlbi ilə bağlı müəyyən çətinliklər yaradır. Bu sahədə hazırlanan  yeni qanunverici bazanın 2028-ci ildən qüvvəyə minməsi gözlənilir. Bir çox ekspertlər həmin bazanın əhali üçün enerji tariflərində ciddi artımlara gətirəcəyini nəzərə alaraq, hökumətin aztəminatlı təbəqələr üçün güzəştlər hazırlamalı olduğunu bildirirlər. Nazir müavininin dediklərindən aydın olur ki, hökumət bu reallıqdan xəbərdardır və tənzimləmə yolları üzərində işləyir.

Yazını hazırladı: Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR