İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı komandanı Bakıya gətirən səbəb

Vaşinqtonla strateji tərəfdaşlıqda yeni səhifə açılır, ABŞ Azərbaycanı dənizdə gücləndirir

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib. Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Admiralla görüşdə xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla bərabər Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov da iştirak edib.

Sonra admiralla müdafiə naziri ayrılıqda görüşüb. Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib. B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Sonda Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.

“Azərbaycanla ABŞ arasında əməkdaşlıqda mühüm məqam ondan ibarətdir ki, tərəflər hərbi sahədə əməkdaşlıq qururlar”.

Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı demişdi. Sirr deyil ki, Trampın Ağ Evə qayıdışı ilə Azərbaycanla ABŞ arasında əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb. Bu, hərbi sferada da özünü göstərməkdədir. Həmçinin bədnam “907-ci düzəliş”in qüvvəsi təzədən dayandırılıb.

Bəs hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığımız hara kimi dərinləşə bilər? Amerikalı admiral Bakıya hansı mesajı gətirmişdi?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin orduya diqqəti çox yüksək səviyyədədir, dünyanın ən müasir silahlı qüvvələri səviyyəsində olması üçün çalışır: “Ordunun güclənməsi, döyüş qabiliyyətinin yüksək olması, regionda liderliyi, ümumiyyətlə, dünya orduları sırasında gücünə görə ən ön sıralarda yer alması istiqamətində addımlar davamlı şəkildə atılır. Ordumuz yeni sistemə keçib, Türkiyə modeli qurulur və NATO dövlətlərinin hərbi strukturunu tətbiq etmişik. Köhnə sovet sistemi Azərbaycan Ordusunda artıq tətbiq edilmir və gələcəkdə də edilməyəcək”.

Hərbi ekspert qeyd etdi ki, ordumuzun nizamnamələri də yaxın gələcəkdə NATO nizamnaməsinə uyğunlaşdırılacaq: “Çünki hazırkı nizamnamə köhnə sovet ordusundan qalma nizamnamələr əsasında formalaşdırılıb. Bilirsiniz ki, ordumuzun 4 nizamnaməsi var. Bunların əsasında ordu fəaliyyət göstərir. Düzdür, həmin nizamnamələrə zaman-zaman xeyli dəyişikliklər etmişik. Ancaq gələcəkdə dəyişiklik tamamilə olacaq. ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması, sıxlaşması hərbi əməkdaşlıq sahəsinə də müsbət impulslar verməkdədir. Hərbi əlaqələrin inkişaf etməyə başlaması müşahidə olunur. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı ABŞ-nin Mərkəzi Komandanlığının komandanı və hərbi dəniz qüvvələri admiralı Bred Kuperi qəbul edib. Kuperin Azərbaycan səfəri çox məhsuldar və vacib səfər olub. Azərbaycan da dəniz sərhədi olan bir dövlətdir. Bizim həm Rusiya, həm İran, həm Qazaxıstan, həm də Türkmənistanla dəniz sərhədimiz var. Dörd ölkə ilə dəniz sərhədi olan dövlətin ABŞ kimi dünyanın bir nömrəli ordusuna sahib ölkə ilə bu istiqamətdə əməkdaşlığı tamamilə təbii və zəruridir. Yəqin ki, yeni FLOTumuzun qurulması istiqamətində təkliflər, addımlar ola bilər. Yəni Azərbaycan hərbi dəniz qüvvələri Xəzər dənizində vacib rol oynayan faktorlardandır”.

Onun fikrincə, bunu Pentaqon da bilir və Azərbaycan hərbi dəniz qüvvələrinin inkişafında maraqlı olduqları cənab Kuperin səfəri və verdiyi açıqlamalardan bir daha təsdiqləndi: “Kpurerin səfəri və Bakıda keçirdiyi ən yüksək səviyyəli görüşlər həm də digər dövlətlərə bir mesaj xarakterli idi. Bu səfərlə bəyan edilmiş oldu ki, ABŞ Azərbaycanla hərbi sahədə, o cümlədən hərbi dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməkdə qərarlıdır”.

Hərbi ekspert vurğuladı ki, ABŞ Azərbaycanı regionda güclü dövlət kimi görür, qəbul edir: “Vaşinqton Azərbaycanı özünün strateji tərəfdaşı olaraq qəbul edir. Strateji tərəfdaşının ordusunun daha da güclənməsində isə təbii ki, Amerika maraqlı olmalıdır. Prosesə bu prizmadan da yanaşmaq lazımdır. Hərbi, hərbi-texniki istiqamətlərdə əməkdaşlıq yəqin ki, bundan sonrakı mərhələdə daha da gücləndiriləcək. Azərbaycan Amerika üçün çox vacib regionda yerləşir. Vaşinqtonun Azərbaycanla hərbi sahədə əməkdaşlığa önəm verməsində bu amil də öz sözünü deyir. Dünyada həm Rusiya, həm də İranla quru sərhədi olan yeganə ölkə Azərbaycandır. Eləcə də, dediyimiz kimi, Azərbaycanın Rusiya və İranla dəniz sərhədləri də var. Bu faktorlar da ABŞ-ni Azərbaycana hərbi sahədə yüksək səviyyədə dəstək verməyə təbii olaraq istiqamətləndirir. Şübhəsiz ki, ABŞ-nin ordusu Azərbaycan ərazisində yerləşdirilməyəcək. ABŞ son beş ildə müharibədə və antiterror əməliyyatlarında yüksək performans, yüksək nəticələr nümayiş etdirmiş Azərbaycan Ordusunun daha da güclənməsinə dəstək verəcək. Admiral Kuperin səfəri də bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu cür səfərlər sıxlaşacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR