İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderlərinə “lakey” söylətdirən Tramp-Putin tandemi və dünyanı gözləyən fəlakət

Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin etika və elementar tərbiyədən uzaq şərhləri, təhdidləri, söyüşləri artıq hamı üçün adi təsir bağışlayan bir məsələdir. Sonuncu açıqlamasında isə müəyyən dərəcədə fərqli bir yanaşma diqqəti cəlb etdi. Kanadada iki gün əvvəl baş tutmuş G7 liderlərinin görüşünə münasibət bildirən Medvedyev bu dəfə ABŞ prezidenti Donald Trampı tərifləyib, eyni zamanda ənənəsinə sadiq qalaraq başqa liderləri “lakey” adlandırıb.

Medvedyev: ” Tramp G7-də başda Makron olmaqla avropalı lakeyləri yerində oturdub. Afərin! O, Rusiyanı qovduqları üçün onları danladı, sanksiyaları müzakirə etməkdən imtina etdi və getdi. G7-nin ölü klub olduğu çoxdan bəllidi. Yadımdadır, biz eyni masada oturmuşduq - o zaman da onların hamısı zombiləşmişdi”. Ümumiyyətlə isə, Böyük 7-lərin toplantısında ABŞ prezidentinin saymazyana şəkildə görüşü yarımçıq tərk etməsini yalnız Medvedyev deyil, Rusiya mətbuatında digər siyasilər də Trampı tərifləyən açıqlamalar verirlər. Bəlkə də son 50 ildə SSRİ və Rusiya tərəfindən Tramp qədər təriflənən, xüsusi ehtiram bildirilən ikinci bir ABŞ prezidenti olmayıb. Səbəbi də çox sadədir. Tramp səlahiyyətlərini icra edəndən bəri işğalçı dövlət başçısı ilə hər telefon danışığından sonra ona xüsusi hörmət və məhəbbət bəslədiyini etiraf etsə də, açıq hiss olunur ki, Putindən çəkinir. Əks halda, G7 liderlərinin altısı Rusiyaya qarşı sərt sanksiya tətbiq etməyə hazır olduğu bir vaxtda Donald Tramp sənədi imzalamaqdan imtina etməzdi. Nəticədə Yeddilər sammiti Ukrayna müharibəsi ilə əlaqədar birgə bəyanat imzalanmadan başa çatdı. Trampın bəhanəsi sənəd mətninin yumşaldılması olsa da, Putindən qorxu və çəkingənlik daha qabarıq görünür. Putinə rəğbət və qorxu kompleksi o qədər güclüdür ki, başqa ölkələrə münasibətdə də Trampın Rusiya prezidentini təqlid etdiyi aydın görünür. Məlumdur ki, Rusiya Ukrayna ilə atəşkəs, sülh razılığına gələndə öncədən elan edir ki, rəsmi Kiyev görüşə kapitulyasiya öhdəliyi ilə gəlsin. İstanbul görüşləri buna sübutdur. Hazırda İsrail-İran qarşıdurmasında guya vasitəçi rol oynayan ABŞ, İranın hücumları dayandırmaq üçün danışıqlara başlamaq təklifini qəbul etmir və görüşə təslim olma öhdəliyi ilə gəlməsini tələb edir. Eynilə Putin siyasəti.

Faktiki olaraq Donald Tramp bir gün əvvəl görüşü tərk etməklə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada liderlərindən sanki Putinin heyfini alırdı. Makronun onun getməsinin İsrail və İran arasında atəşkəslə bağlı olmasını ehtimal etdiyinə cavab olaraq ABŞ prezidenti deyib: "Yanlışdır! Onun niyə indi Vaşinqtona getdiyim barədə təsəvvürü belə yoxdur, amma bu, qətiliklə atəşkəslə bağlı deyil. Daha vacib olanı var! Bilərəkdənmi, ya yox, amma Emmanuel həmişə hər şeyi səhv salır". İndi məlum olur ki, Fransa prezidentinin Kanadaya gələrkən yol üstü Qrenlandiyaya baş çəkməsi Trampı hövsələdən çıxarıb və işğal etməyi planlaşdırdığı Qrenlandiyaya Makronun ayaqüstü girişini belə qısqanaraq qəzəblənib.

Bütün qeyd etdiklərimiz içərisində ABŞ prezidentinin Ukrayna məsələsinə heç toxunmadığı, yada belə salmadığı ortadadır. Məhz Donald Trampla görüşmək üçün Kanada sammitinə dəvət olunan Ukrayna prezidenti Zelenski ilə görüşməkdən yayınması da nəzərlərdən qaçmadı. Elə bu cür münasibətin, siyasətin nəticəsidir ki, Rusiya raketləri birbaşa Kiyevin çoxmərtəbəli yaşayış binasını hədəf alaraq 23 insanın ölümünə, onlarla insanın ağır yaralanmasına səbəb olub. Yeri gəlmişkən, yaralılar içərisində iki azərbaycanlı da var. Ukrayna matəm elan edir, ABŞ isə bu terrora qınayıcı bir münasibət də bildirmir.

Donald Tramp Putinə heç bir təsir edə bilmədiyindən, əvvəldən çox dişsiz bir siyasət apardığından ümidini Belarus prezidenti Lukaşenkoya bağlayıb. Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqu Lukaşenko ilə danışıqlara göndərir və fikirləşir ki, onu saya salmayan Putin bəlkə Lukaşenkonun məsləhətlərinə qulaq asıb atəşkəsə razılıq verər. Daha bilmir ki, büdcəsini Rusiya büdcəsi hesabına formalaşdıran Belarus prezidenti tam olaraq Rusiyadan asılıdır və Putindən də çox qorxur.

Gələn həftə Haaqada NATO dövlət başçılarının sammiti keçiriləcək. Yəqin ki, həvəssiz olsa da, Tramp da sammitə qatılacaq. G7 toplantısından dərs alan liderlər çox qısa çəkən bir sammit keçirəcəklərini elan ediblər. Zelenski də Haaqaya dəvət olunub, amma Tramp onunla görüşmək istəmir, bəlkə də Putin qadağan edib.

Bayden dönəmində guya Ukraynaya verilən 300 milyard dolları geri tələb edən Donald Trampın Kiyevə verilmiş “ Patriot” hava hücumundan müdafiə sistemlərinin də geri alıb İsrailə verə biləcəyi haqqında mətbuatda informasiyalar yayılmağa başlayıb. Həqiqətə yaxın olan bütün bu ehtimallar göstərir ki, Avropa dayanmadan Ukraynaya hərbi, iqtisadi, siyasi dəstəyini gücləndirməli, Putin-Tramp tandeminin qələbəsinə imkan verməməlidir. Bu, yalnız Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyi üçün olduqca vacibdir. Əks halda, NATO Baş katibi Ruttenin dediyi kimi, Avropa rus dilini öyrənməyə hazırlaşsın.

Vəziyyət bununla yekunlaşmayacaq. Ən qorxulusu o olacaq ki, Ukrayna torpaqlarının işğalını genişləndirdikdən sonra Avropa “ pis və ən pis” seçimi məntiqi ilə Kiyevə təslim olmaq üçün təzyiq edəcək. O zaman Rusiya təcrid dövlət statusundan çıxıb yeni təsir bölgələrinin ovuna çıxacaq. Əsas diqqətini postsovet məkanı ilə yanaşı Afrikada və Asiyanın bəzi hissələrində təsirini gücləndirməyə yönəldəcək və Qlobal Cənub dövlətləri ilə yeni ittifaqlar qurmağa başlayacaq. Hələ müharibə getdiyi bir vaxtda BRİKS ittifaqını genişləndirən Rusiya, müharibədən qalib çıxandan sonra yeni ittifaqlar yaradacaq. Tramp o vaxt prezident olmayacaq, çox güman ki, həyatda da olmasın, amma dünya düzəninə vurduğu zərbə ABŞ-nin də zərərindən yan keçməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR