İnsanlara hürriyət, millətlərə istiqlal!

Adama deyərlər: get, dəhlizi tik, nala-mıxa vurma

Ermənistanın baş naziri bu dəfə BMT tribunasındakı çıxışında “nala-mıxa” vurdu. Sülhdən, Azərbaycan və Türkiyə ilə perspektiv münasibətlərdən danışa-danışa öz aləmində guya “səhv” tutmağa çalışdı. Amma anlamadı ki, bu kimi təftişlər onu və ölkəsini növbəti bəlalara mübtəla edə bilər. Paşinyan ondan qabaq Baş Assambleyanın kürsüsündən Zəngəzur dəhlizi ifadəsinin səslənməsindən təşvişə düşüb və öz aləmində “korrektələr” etməyə girişib. Adama deyərlər…Lənət şeytana!

Deyən gərək: sən bu qədər korrekt idinsə, 2018-ci ildə baş nazir seçiləndən dərhal sonra Şuşada nə gəzirdin? Bu qədər diplomatik etiketi gözləyən, ölkələrin ərazi bütövlüyünə hörmət edəndinsə, 2019-cu ildə Xankəndidə peyda olub “Qarabağ Ermənistandır. Nöqtə”, deməyin nə idi? Üstündən 6 il keçəndən sonra “səhv”lərinin - əslində söhbət ağır cinayətlərdən, beynəlxalq hüququn pozulmasından gedir - günahını sovet ideologiyasının boynuna yıxmağın da səni məsuliyyətdən azad etmir. Sən Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan kimi işğalçı, terrorçu, caniləri günahlandıra bilərsən - bizim hələ onlarla çox işimiz olacaq - amma sənin öz günahlarını hansı dəftərə yazaq?! Erməni gənclərə “nümunə” olmaqdan ötrü oğlun Aşotu, bu gün ərazi bütövlüyünü sözdə (!) tanıdığın Azərbaycan ərazisinə hərbi xidmətə göndərən sən deyildinmi?!

Adamdan soruşarlar: Nikol Vovayi, sən nə cürətlə, nə haqqla Azərbaycan Prezidentinin çıxışını təftiş edirsən?! Sənin buna haqqın və dövlət təminatın çatırmı?! Zəngəzurun şərqindən keçib qərbinə gedəcəyiksə - o gün çox da uzaqda deyil – o əraziyə nə deyək, Zəngəzur dəhlizi adlandırmayaq?! Bəlkə gedib tarix kitablarını oxuyasan, arxivlərə baş vurasan, o ərazinin gerçək adının nə olduğunu öyrənəsən. Əslində tarixdən bixəbər olduğun da inandırıcı deyil, çünki özün 5 ildir ki, ermənilərə “real Ermənistan” qurmağın yeganə yol olduğunu təlqin edirsən, Dəmir Yumruq öz sözünü dedikdən sonra. Bütün bunlardan sonar yenə də “nala-mıxa vurmaq…”

Bir xatırlatma da yerinə düşər: İkinci Qarabağ Müharibəsindən sonra Paşinyan iddia edirdi ki, onun ölkəsinin Qarabağda ordusu yoxdur. Deyirdi guya 10 noyabr razılaşmasına uyğun olaraq Ermənistan ordusu döyüşsüz təhvil verilən 3 rayonu tərk edərkən Azərbaycan torpaqlarını tərk edib. Sonra nələr oldu, hamıya məlumdur…2023-cü ilin bir günlük antiterror əməliyyatında da darmadağın edilən, ağ bayraq qaldıran, silah-sursatı təhvil verib aman diləyən Ermənistan ordusu oldu. Paşinyan 2021-ci ildə onu ittiham edənlərə cavab olaraq demişdi ki, “Əgər birgə bəyanatı imzalamasaydım, qısa müddətdə nəinki Xankəndini itirərdik, 20-30 min əsgər də mühasirəyə düşəcəkdi”. Beləcə, bir-birini təkzib edən açıqlamalar, ziddiyyətli mövqelər…

İlham Əliyev BMT-nin kürsüsündə:” Üç böyük müharibədə…” – Kanal32

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının kürsüsündən nə deyib ki, Nikolun xətrinə dəyib? Xatırladaq: “Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP)”. Burada qeyri-adi, Ermənistanın baş nazirini təşvişə salacaq nə var ki? Paşinyan özü deməyibmi ki, vaxtilə Ermənistan ərazisi 9 min kv.km olub və onun əsas hədəfi tarixdə ilk dəfə Ermənistan sərhədlərinin müəyyənləşdirilməsidir və  “əsl Ermənistan 29 min 743 kvadrat kilometr ərazisi ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır”?..1918-ci ilin 26 mayında Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı və ətraf əraziləri bird aha Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəkləri barədə öhdəlik götürən (!!!) haylara güzəşt etdikdən 2 il sonra, 1920-ci ilin 1 dekabrında, Nəriman Nərimanovun elanı ilə Zəngəzurun qərb hissəsi Azərbaycandan qoparılıb Ermənistana verilmədimi?  

Azərbaycan torpaqları hissə-hissə necə qoparılıb Ermənistana verilirdi -  "İki sahil"

Bununla bitdimi? Xeyr! Professor Musa Qasımlının zaman-zaman qoparılaraq Ermənistana verilən ərazilərimizlə bağlı çox qoymətli araşdırmaları var. Son vaxtlar Ermənistan mediasının Azərbaycan mətbuatını zərrəbinlə izlədiyini dəqiq bilirik. Elə bir neçə gün öncə “Yeni Müsavat”da dərc olunan “Bakıdan İrəvana sərt tələb – o əski parçalarını yığışdır!”, sərlövhəli yazımız Hraparak.am saytında tam şəkildə tirajlanıb. Burada da Zəngəzur və digər ərazilərimizlə bağlı faktları xatırladaq, Paşinyan da oxusun, yaddaşını yeniləsin, “real Ermənistan” qurmaq üçün lazım olar. Beləliklə, tarixçi alim, Milli Məclisin sədr müavini Musa Qasımlının arxiv materiallarına istinad edək: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2 ), Naxçıvan MSSR-dən 657 km2 , Zəngəzurun Mehri rayonundan Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Mehri kəndlərinin Ermənistana verilməsi rəsmən təsdiqlənmişdi. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2 -ə çatdırıldı. 1923-cü ilin iyununda Şuşa, Cəbrayıl, Qubadlının 169 kəndi, sonralar daha 31 kəndi DQMV-ə verildi, bu kəndlərin əksəriyyətində ermənilər yaşamırdılar. Əhalisnin 90 faizi azərbaycanlılardan ibarət olan Göyçə mahalı Ermənistana verildi. Az.K(b)MK-nın 25 dekabr 1924-cü il tarixli iclasında Azərbaycanın Qubadlı və Ermənistanın Zəngəzur qəzası arasında 136 sərhəd mübahisəsinə baxılır və...ermənilərin 13 kənd üzrə tələbi qəbul olunur. Moskvanın təzyiqi, məkrli planları, sırf xristian təəssübkeşliyi, ermənipərəstliyi, imperiya maraqları və “sapı özümüzdən olan baltaların” şərəfsiz xəyanətləri nəticəsində ermənilər dəfələrlə Azərbaycandan torpaq qoparmışdılar; Şuşa qəzası torpaq şöbəsinin müdiri Roqozinin 26 iyul 1923-cü il tarixli məruzəsində göstərilirdi ki, Zəngəzur və Şuşa qəzalarının tərəkəmələri arasında sərhəd mübahisəsinin həlli zamanı silahlı toqquşma baş verməsin deyə, 20 yaylaq ermənilərə verilib”.

Başkənd əməliyyatı — Vikipediya

Yenə də yekunlaşmayıb. Davamı var: 1928-ci ildə Gədəbəyin ən səfalı kəndlərindən - Başkənddən 4400 hektar, 1968-ci il Şınıx zonasında yerləşən Tağlar, Qaravəllilərdən bundan da çox torpağı alıb Ermənistana verdilər. XX əsrin 90-cı llərində hadisələr yenidən başlayana kimi Başkənddə 10 mindən çox erməni yaşayırdı. Bu kəndi kənardan gələn ermənilər alınmaz qalaya çevirmişdilər. Kəndin ətrafinda səngərlər qazılmış, istehkamlar qurulmuşdu. 7 may 1969-cu ildə rəsmi Bakının qərarı ilə Laçının nadir guşələri-Qaragöl və ətraf yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olmuşdu. Ermənilər 20-ci illərə aid xəritələri Bakı, Tiflis və Moskvadakı arxivlərdən oğurlayıb, yerinə düzəltdikləri saxta tarixlə yeni sənədlər tərtib etmişdilər. Faciəyə baxaq; bu sənədlərə qol çəkənlər Azərbaycandan MİK-in o vaxtki işlər müdiri Qadaqçayan, Moskva və İrəvan tərəfdən isə Qriqoryan, İsaxanyan, Qalustyan, Çerekeşvili, Metreveli, Akopcan, Karkaşadze, Matekeviç, Kotyuk, Tatulov və Komarovski olmuşlar. Azərbaycan rəhbərləri bu ümummilli xəyanətdən dövləti cinayətdən guya ki xəbəsizlərmiş kimi adlarını bu imza siyahısına saldırmayıblar, qərar isə ən yüksək səviyyələrdə razılaşdırılmışdı.

Torpaqların qoparılması 80-ci illərədək gəlib çıxır: 1980-ci illərdə Laçın və Qubadlının yenidən ən səfalı guşələri yenə qoparılmışdı. Bunlara müqavimət göstərənləri isə müxtəlif adlarla həbsxanaya atırdılar. Moskvanın təzyiqi qarşısında müti icraçılara çevrilən, bununla da vəzifədə qalma sürəclərini bir az da uzadan, vəzifə kreslosunu vətənə, xalqa yox, Moskva, Yerevan, Tbilisidən gəlmə tapşırıqların itaətkar xidmətçilərinə çevirən respublika rəhbərləri hər torpaq bağışlama prosesində xalqı ayağa qaldırmaq əvəzinə, xalqın qəzəbini, mübarizə ruhunu hər cür inzibati yollarla söndürməyə, gizləməyə çalışırdı. 1980-ci illərdə ermənilərə Zəngəzurda təkcə Qaragöl-İşıqlı səmti deyil, Qubadlının strateji əhəmiyyətli yüksəklikləri, bənzərsiz nadir təbii gözəlliklərlə dolu Şurnuxu, Şamsız, Qurdbulağı, Ağbulaq, Şahverdilər kəndləri, Kəpəz dağı, Çayzəmi, Vəli düzü, Yazı düzünün bir hissəsi də qoparılıb verildi. 

İndi Ermənistanın rəhbərliyi BMT kürsüsündən ad davası edir. Sənə çox baha başa gələr! Günün birində Azərbaycan “val”ı tərsinə çevirər, çərxin çevrilər, tifaqın dağılar! Biz eləcə 1919-cu ilin yanvarında, Paris Sülh Konfransında təsdiqlənən xəritəni masaya qoysaq, bəs edər! Onda anlarsan ki, Zəngəzur dəhlizinin adı nədir. Vaxtilə biz “Xankəndi” deyirdik, Paşinyan və digər yanlar “stepanakert”. Şuşaya, Laçına, digər yerlərə də idbar adlar qoymuşdular, hətta Xocalıya da. İndi Qarabağı da öz adı ilə adlandırırlar. Zəngəzur isə elə Zəngəzurdur! Tramp marşrutu yeni söhbətdir, 8 avqustdan başlayıb. Azərbaycan Prezidenti toponimlərimizə də ərazi bütövlüyümüz qədər həssas münasibəti ilə seçilib hər zaman. Basarkeçər, Qarakilsə...söhbətlərini də unutmamışıq! Prezident tariximizi o qədər gözəl bilir ki, Nikol istəsə, dərsə yazıla bilər... Paşinyan əsassız olaraq iddia edib ki, Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ifadəsini istifadə edir ki, bu ad sənədlərdə yoxdur və Ermənistan üçün ərazi iddiası kimi qəbul olunur. Hay ki, hay...Hələ də anlaya bilmir ki, Azərbaycan Liderinin imzası ilə sözü vəhdət təşkil edir, dedisə müharibə bitdi, demək bitdi! Ərazi iddiası irəli sürmək üçün hansısa ada ehtiyacımız var? Zatən, Ermənistan Azərbaycan ərazilərində elan olunub və Nikolun da etiraf etdiyi kimi, hələ də “kadastr sənədi” yoxdur.

Ermənistan rəhbərliyi neçə il ərzində cığallıq edərək 10 noyabr 2020-ci il bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı bəndin olmadığını iddia edirdi. İndi də deyir Vaşinqton sənədində Zəngəzur məsələsi yoxdur. Sən öhdəliyə əməl et, yarım milyon insanımız 33 ildir əziyyət çəkir, menəsiz gediş-gəlişi təmin elə! Zəngəzurla bağlı bizə inanmırsansa, Fransanın ən köklü qəzetlərindən biri olan “L’Œuvre” (L’oeuvre) qəzetinin 14 iyul 1920-ci il tarixli 1748-ci nömrəsində “Ruslarla ermənilər arasında” (Entre Russes et Arméniens) adlı yazısını arxivdən tap, oxu! Digər tərəfdən, bu gün elə Ermənistanda Zəngəzur Mis-Molibden Kombinatı fəaliyyət göstərir, ey yaddaşı gödəklər! Bəlkə də erməniləşdirməyə vaxtları çatmayıb...Belə görünür Paşinyan Moskvadan sülhü pozmaq üçün hansısa “ev tapşırığı” ilə Nyu-Yorka uçub. Belədirsə, demək paraflanmış sülhü yaxın gələcəkdə təsdiqləmək yerinə, intihar sənədini imzalamış olub...Nə deyirik ki...

Paşinyandan TARİXİ QƏRAR: “Bu ərazilər Azərbaycana qaytarılır, Zəngəzur  dəhlizi açılır… | KONKRET

Bir də ki, Paşinyandan soruşan gərək, Zəngəzur adı narahatlıq doğursaydı, Vaşinqton razılaşmasına şahidlik edən ABŞ lideri Donald Tramp Azərbaycan Prezidentinə “Mən sizinlə fəxr edirəm” deməzdi. Ermənisayağı şantaj işə yaramayacaq, ən yaxşısı get, dəhlizi tik, nala-mıxa vurma! Cənab Prezident necə dedi: Zəngəzur dəhlizini – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR