Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Artıq nəzərlər şənbə gününə yönəlib. Bunun da bir sıra səbəbləri var. Belə ki, son illərdə qonşu ölkədə Rusiyanın təsirləri yenidən güclənib. Xüsusilə, hakim “Gürcü Arzusu”nun “Xarici agentlərin qeydiyyata alınması barədə Akt”ın qəbuluna nail olmasından sonra Qərbin maliyyə qaynaqları Gürcüstanda çökdü və Kreml daha fəal olmağa başladı.
Xüsusilə, Rusiyanın təsirlərinin ciddi müşahidə olunduğu ölkələr sırasında yer alan Moldovada keçirilən parlament seçkilərindəki nəticələr Gürcüstandakı bələdiyyə seçkilərinə də olan marağı ikiqat edib. Belə ki, hazırkı prezident, Qərbyönlü Maya Sandu 50 faiz civarında səs toplayaraq ilk yeri qazanıb. Sosialist Partiyası (PSRM), Kommunistlər və Moldovanın Gələcəyi partiyalarını birləşdirən rusiyayönlü Vətənpərvərlər Bloku 24,25% səslə ikinci yeri tutub. Özünü avropapərəst adlandıran, lakin keçmişləri Rusiya ilə bağlı olan siyasətçilərin daxil olduğu Alternativ blok isə 7,98% səslə ilk üçlüyü tamamlayıb.
Göründüyü kimi, şimal qonşumuz Moldovada ciddi yara aldı.
Ekspertlər hesab edirlər ki, eyni hal Gürcüstanda da təkrarlana bilər. Amma qonşu ölkədə hakimiyyətdə rusiyayönlülərin yer aldığını nəzərə alıb, bunun əksini düşünənlər də az deyil.
Bu arada qeyd etməyi borc bilirik ki, Gürcüstanda son günlərdə azərbaycanlılara qarşı aparılan qara piar kampaniyası seçkilərə də yansıyıb. Yerli orqanlara keçiriləcək seçkilərdə daha çox hakim partiya tərəfindən hazırlanan siyahılarda soydaşlarımıza qarşı açıq şəkildə ayrı-seçkilik edilir. Xüsusilə, ermənilərə daha çox şans yaradılır. Məsələn, bir siyahıda 10 nəfər yer alırsa, bunun 8-i erməni, 2-i azərbaycanlıdır. Bəzən 10 nəfərdən biri soydaşımızdır. Bu da istər-istəməz Azərbaycan tərəfdə xəyal qırıqlığı yaratmaya bilməz. Çünki son parlament seçkilərində Azərbaycan hökuməti tam şəkildə “Gürcü Arzusu”na dəstək vermişdi. El arasındakı deyim tam olaraq burada yerinə düşür. “Budur, sağ olunuz?”
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, hazırda Kremlin dominantlığı açıq-aydın hiss olunmaqdadır:
“Moldovadan fərqli olaraq Gürcüstanda Qərb dəyərlərinin müdafiəçiləri bu dəfə də bələdiyyə seçkilərində məğlub duruma düşəcəklər. Amma 4 oktyabrda Tiflis və Kutaisidə ümumxalq mitinqinin keçirilməsi gözlənilir. Hər şey həmin mitinqlərin nəticələrindən asılı olacaq. Düşünürəm ki, hakim partiya bu dəfə də Gürcüstandakı seçkilərdə “zorakı qalib” olacaq.
Seçkinin saxtalaşdırılması ənənəsi Gürcüstanda son 10 ildə daha da “inkişaf” edib. Bu da Kremlin Gürcüstandakı “qubernatoru” Bidzina İvanişvilinin səylərinin məhsuludur. Hətta iddialara görə, Gürcüstanın hakim partiyasının seçki texnoloqları əvvəllər Avropada təlimlərə qatılırdılarsa, indi onlar Rusiyada, Moskvada təlim keçirlər. Moskva hər vəchlə çalışacaq ki, indiki Kremlə meyilli hakimiyyət seçkilərdə qalib gəlsin. Qərb də Gürcüstandan uzaqlaşma yolunu tutub. Hələlik bu tendensiya müvəqqəti görünür. Əgər keçmiş prezident Mixeil Saakaşvilini həbsdən azad edə bilsələr, o zaman vəziyyət kökündən dəyişəcək.
Əks halda Qafqazların jandarması sayılan ruslar Gürcüstanı bir-birinə vuracaqlar. Qırmızı dəyənəklər yenidən işə düşəcək. Rus kəşfiyyatı Gürcüstanda azərbaycanlılara qarşı da hərəkətə keçib. Bunun iki səbəbi var. Birincisi, Azərbaycan Rusiyadan üz döndərib, ABŞ-la münasibətləri inkişaf etdirməkdə maraqlıdır. İkincisi, Zəngəzur dəhlizinin açılması ilə gürcülər düşünürlər ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars dəmir yolu xətti arxa planda qalacaq. Bu baxımdan, Tiflis və Moskva ortaq hərəkət edərək oradakı azərbaycanlılar məsələsini Bakıya qarşı təzyiq kartı kimi istifadə etməyə çalışır. Amma unudurlar ki, Bakının əlində təzyiq kartları daha çoxdur.
Birincisi, SOCAR şimal-qərb qonşumuz Gürcüstanın əsas yanacaq tədarükçüsü və istehsalçısıdır. İkincisi, Gürcüstanın Azərbaycanla həmsərhəd rayonlarına, hətta paytaxt Tiflisin bəzi bölgələrini elektrik enerjisi ilə məhz Azərbaycan təmin edir. Eyni zamanda, Azərbaycanın mazut və digər neft məhsulları ucuz qiymətə Gürcüstana satılır”.
Siyasi təhlilçi bu gedişlə rəsmi Bakının Gürcüstan siyasətində müəyyən dəyişikliklər edə biləcəyini də vurğuladı:
“Əgər oradakı azərbaycanlılara qarşı təzyiqlər davam edərsə, ayrı-seçkilik halları artarsa, biz də buradakı gürcülərlə bağlı siyasətimizi dəyişə bilər və Gürcüstanla iqtisadi əməkdaşlıq məsələlərinə yenidən baxa bilərik.
Üstəlik, Gürcüstan son illərin borcunu da Azərbaycana ödəməyib. Yalnız 90-cı illərdən qalan borcların ödənildiyi bildirilir. Bütün bunlar onu deməyə əsas verir ki, istənilən halda Gürcüstan Azərbaycandan asılı ölkədir və Tiflis Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir”.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü isə qeyd etdi ki, Putin hakimiyyəti keçmiş SSRİ məkanında öz nüfuzunu və dominantlığını təmin etmək üçün digər postsovet ölkələrə müxtəlif müdaxilələr gerçəkləşdirir:
“Bura Ukraynaya hərbi təcavüzdən tutmuş, Moldovada seçkilərə müdaxilə cəhdləri və Gürcüstanda gözlənilən seçkilərə qarışaraq istənilən nəticəni əldə etmək də daxildir. Rusiya postsovet ölkələrində öz təsir dairəsini daha çox yaymaq, rusiyayönümlü hakimiyyətlər qurmaq üçün hər cür imkanlardan istifadə edir. Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində də rusiyayönümlü qüvvələrin, xüsusilə hakimiyyətdəki siyasi qrupun öz mövqelərini möhkəmləndirməsi üçün Moskvanın bu və ya digər müdaxilələrinin olacağı istisna edilmir. Şimal qonşumuzun rusiyayönümlü siyasi təşkilat kimi tanınan “Gürcü Arzusu” partiyasına dəstək verəcəyi, bələdiyyə və digər qurumlara seçkilərdə mütləq üstünlük əldə etməsinə çalışacağı gözləniləndir. Əks təqdirdə qərbmeyilli təşkilatlar və qüvvələr üstünlük əldə edə bilərlər. Rusiya üçün bu məqam ciddi bir problem kimi xarakterizə olunur”.
Siyasi şərhçinin fikrincə, bu seçkilərin Azərbaycan və azərbaycanlılar üçün də ciddi əhəmiyyəti var:
“Gürcüstanda çoxsaylı soydaşımızın yaşamasını nəzərə alsaq, seçkilərdə onların fəallığının və qələbə əldə etməsinin çox böyük faydaları ola bilər. Təəssüf ki, biz soydaşlarımızın kifayət qədər siyasi fəallığının şahidi ola bilmirik. Üstəlik, hakim partiya başda olmaqla, qonşu ölkədəki əksər siyasi təşkilatlar azərbaycanlıları öz siyahılarına daxil etməkdə həvəssiz görünürlər. Sanki azərbaycanlılar bu ölkədə çoxluqda olan, əsrlərdir Gürcüstanda yaşayan, çalışan, bu ölkəni inkişaf etdirən bir toplum deyil. Buna rəğmən, ermənilərə münasibətdə tamamilə fərqli mənzərəni görmək mümkündür. Gürcüstanda ermənilərin və azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə namizədlərin siyahısındakı fərqlər, ayrı-seçkilik çox üzücüdür və qəbuledilən deyil.
Bütün bu və digər proseslərin müşahidəsi, təhlili deməyə əsas verir ki, qonşu ölkədə bələdiyyə seçkiləri gərgin atmosferdə keçəcək və sürpriz proseslər olmazsa, hakim “Gürcü Arzusu” partiyası üstünlük əldə edəcək”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ