İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT və Avropa İttifaqından İrana ağır zərbə - Tehran diz çökəcəkmi?

Məlum olduğu kimi, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün – Böyük Britaniya, Almaniya və Fransanın mövqeyindən sonra İrana qarşı 2015-ci ildən dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar qəbul edib. Paralel olaraq, BMT də bu sanksiyaları dəstəkləyib. Bu addım beynəlxalq siyasi gündəmdə yeni gərginlik ocağı kimi qiymətləndirilir.

İrana qarşı sanksiyaların bərpası ölkə iqtisadiyyatına necə təsir göstərəcək? Pezeşkian hökuməti bu təzyiqlər qarşısında hansı siyasəti yürüdəcək - daxildə xalqın etimadını qorumağa, yoxsa beynəlxalq arenada güzəştə getməyə çalışacaq?

Bəzi politoloqlar Pezeşkian hökumətində tezliklə istefalar olacağını deyir.

KENAN.jpg (27 KB)

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a danışıb:

"BMT 2018-ci ildə dondurulmuş nüvə sanksiyalarını bərpa edib. Bu, İrana qarşı daha ağır sanksiyalar deməkdir. Hazırda İranda iqtisadi vəziyyət heç də yaxşı deyil, dollar sürətlə bahalaşır və milli valyuta dəyər itirir, ölkə getdikcə daha da kasıblaşır. Artıq dollar 108 min tüməni keçib. Ancaq hökumətin istefaya getməsini az ehtimal edirəm. Bu, İrandakı sosial-siyasi böhranı daha da dərinləşdirə bilər".

Siyasi şərhçinin fikrincə, İranın Qərb sanksiyaları qarşısındakı yeganə yolu Şərq bloku - Çin, Hindistan, Rusiya və digər ölkələrlə əlaqələri genişləndirməkdir:

"Yalnız bunun vasitəsilə müəyyən qədər sanksiyaların təsirini azaltmaq olar. Lakin problem ondadır ki, Pezeşkian "islahat" qanadındadır, islahatçılar isə necə deyərlər - nicatı Qərblə barışıqda görürlər. Pezeşkian əslində Qərblə barışıq üçün uyğun lider idi, lakin onun bəxtindən ABŞ-da Tramp hakimiyyətə gəldi və barışıq qapıları demək olar ki, bağlandı".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR