İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qorxu içində: Rus dronları bu dəfə Danimarkada - hər yer iflic durumda VİDEO

Musavat.com xəbər verir ki, Danimarkada pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına müdaxiləsi ilə bağlı ciddi təhlükə yaranıb. Naməlum dronlar Olboraq (Aalborg) hava limanı üzərində müşahidə edilib və hava məkanına maneələr yaratmaqda davam edir. Dronların yerli vaxtla saat 21:44-də göründüyü bildirilir. Hadisədən dərhal sonra hava məkanı bağlanıb, iki təyyarə Kopenhagene, biri isə Karupa yönləndirilib.

Hava limanları bağlanır, F-35 bazası təhdid altındadır

Şimali Yutlandiya polisinin məlumatına görə, dronların sayı və mənşəyi hələ də bəlli deyil. Polis rəhbəri Yesper Beyqaard bildirib:

“İmkan yaranarsa, həmin dronları vuracağıq. Hazırda intensiv istintaq və kəşfiyyat aparılır.”

PUA-lar təkcə Olboraq deyil, həm də Cənubi Yutlandiyanın Esbyerq, Sennerborq və Skrydstup hava limanları üzərində də müşahidə olunub. Xüsusilə “Fighter Wing Skrydstrup” hərbi aviabazası – F-16 və F-35 qırıcılarının yerləşdiyi obyekt – dronların uçuş trayektoriyasına daxil olub.

Rusiyanın “kölgə donanması” şübhəsi – “PUSHPA” radar altında

Danimarka mediası “SEA MAVERICK” və “PUSHPA” adlı iki gəminin Esbyerq şəhərindən təxminən 120 km şərqdə dayandığını və onların Rusiyanın “kölgə donanmasına” aid olduğunu yazır. TV2 telekanalı bildirir ki, “PUSHPA” dronların buraxılmasında əsas şübhəlilərdən biridir. Həmin ərazidə daha əvvəl də pilotsuz uçuş aparatları qeydə alınıb və hazırda istintaq bu istiqamətdə davam edir.

Fövqəladə vəziyyət gündəmdədir

Danimarka hökuməti ölkədə fövqəladə vəziyyət elan etmək ehtimalını müzakirə edir. TV2-nin məlumatına görə, milli təhlükəsizlik səviyyəsinin “informasiyadan əməliyyat mərhələsinə” yüksəldilməsi məsələsi gündəmdədir. Bu, dövlətin ən yüksək hazırlıq səviyyəsinə keçməsi demək olacaq.

Rusiya mesaj verir: “Savaşı Avropaya yaya bilərəm”

Analitiklərin fikrincə, bu hadisə təsadüfi deyil və Rusiya tərəfindən NATO-ya açıq mesajdır. Moskva bilə-bilə NATO hava məkanını pozur, Avropada qorxu və qeyri-müəyyənlik mühiti formalaşdırır. Bundan əvvəl də Polşa, Rumıniya, Almaniya, İsveç və digər ölkələrin ərazilərində oxşar dron hadisələri baş verib. Lakin bu, Danimarka üçün ilk belə hadisədir və Kreml açıq şəkildə “müharibəni istənilən anda və istənilən ölkəyə yaya bilərəm” siqnalı verir.

Hazırda Danimarka polisi və ordusu vəziyyəti nəzarətə götürmək üçün səfərbər olunub. Rəsmi qurumlar əhaliyə sakit qalmağı tövsiyə edir, lakin vəziyyətin nəzarətdən çıxma ehtimalı yüksək olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR