İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil alanların diqqətinə: “Qızıl zəmanət” adı ilə illüziyanı satın ala bilərlər!

Avtomobil satışı salonları yol kənarlarında fəaliyyət göstərən servislərlə əlbir olaraq vətəndaşları aldadırlar. Bu barədə “Bakı-Xəbər” yazıb. Qəzet xəbər verir ki, salon və servis rəhbərləri sövdələşərək rüşvət müqabilində iş görür. Birinci ikinciyə tapşırır ki, “sənin yanına nə qədər avtomobil göndərsəm, müştəriyə de ki, bu avtomobil "Qızıl zəmanət"imiz altındadır". Bu minvalla da avtomobili guya “Qızıl zəmanət”lə müştəriyə satırlar.

Lakin avtomobildə problem çıxanda bəlli olur ki, heç bir zəmanəti yoxdur. Sadəcə, satıcı ilə servis əlbir olaraq müştərini aldadıb, “Qızıl zəmanət”in pulunu alıb. Əvəzində saxta sənədlər təqdim ediblər.

Əslində bu əməl cinayət məsuliyyəti yaradır. Yəni faktiki olaraq bu şəxslər dələduzluq maddəsi ilə ittiham oluna bilər.

Birincisi, vətəndaş ayıq olmalıdır ki, ona verilən sənədin saxtasını orjinalından seçə bilsin və ya bunu bacaran mütəxəssisin xidmətindən istifadə etsin.

İkincisi, müştəri bu “sxem” üzərindən aldadılıbsa da, hüquq-mühafizə orqanlarının köməyi ilə pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparmalıdır.

Digər tərəfdən, hökumət vətəndaşların aldadılması, bunların qarşısını almaq üçün qanunvericilik bazasını daha da təkmilləşdirə bilər. Məsələn, avtomobil zəmanətlərinin reyesterini yaratmaq olar. Qızıl zamanət avtomobil sahiblərinə nə verəcək? Qızıl zəmanət verilməklə avtomobil alanların aldadılmasının qarşısını almaq mümkün olacaqmı?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, avtomobil almaq bir çoxlarının arzusudur: “Amma görünən odur ki, bəzi avtomobil satış salonları bu ümidləri pula çevirmək həvəsindədir.  Salon və yolkənarı xidmət servisləri arasında belə bir razılaşma varsa, bu gizli ittifaq vətəndaşa "Qızıl zəmanət" adı ilə illüziya satmaqdan başqa bir şey deyil. Belə “zəmanət” verənlərin, bu anlaşmada iştirak edən hər kəsin hüquqi məsuliyyəti var. Sadəcə, saxta sənəd tərtib edilir, vətəndaşdan əlavə ödəniş alınır - yəni açıq-aşkar dələduzluq həyata keçirilir. Bu, cinayət əməlidir".

Natiq Ələsgərov deyib ki, Mülki Məcəllə və Cinayət Məcəlləsinə əsasən, saxta sənəd verməklə vətəndaşı aldadaraq maddi zərərə uğratmaq dələduzluqdur: “Belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif olunur. Həm salon rəhbəri, həm də servis sahibləri bu əmələ görə məsuliyyət daşıyır. Əgər ittiham sübut olunarsa, bu şəxslər ciddi cəza ilə üzləşə bilərlər. Belə bir dələduzluqla üzləşən vətəndaşlar təqdim olunan "zəmanət sənədi"ni diqqətlə yoxlamalı, ən yaxşı halda hüquqi və texniki ekspertizaya müraciət etməlidir.  Əgər artıq vətəndaş aldanıbsa, Daxili İşlər Nazirliyinə və ya prokurorluğa müraciət edərək hüquqlarının bərpasını tələb etməlidir".

Natiq Ələsgərov deyib ki, sosial media və mediadan istifadə edərək belə halları ictimailəşdirmək də belə əməllərə imza atanların məsuliyyətə cəlb olunmalarına, cəzalandırılmasına yardım edə bilər: “Burada dövlətin də üzərinə mühüm vəzifə düşür. Qanunvericilikdə  dəyişikliklər etməklə avtomobil zəmanətləri üzrə vahid dövlət reyestrinin yaradılması vəziyyətdən çıxış yolu ola bilər. Məsələn, hər bir "zəmanət" kodlaşdırılmış şəkildə bu reyestrdə qeydiyyata alınmalıdır. Belə olduqda istənilən şəxs zəmanətin gerçək olub-olmadığını yoxlaya bilər. Texniki servislərə lisenziya və akkreditasiya qaydalarının sərtləşdirilməsi də çıxış yollarından biridir. Hər servis bu cür xidmətləri təqdim etmək hüququna malik olmamalıdır. Əgər servis fırıldaqçılıq edibsə, sərt cəza tədbirləri tətbiq oluna bilər. Bu cür hallar təkrarlandıqda müəssisənin fəaliyyəti məhdudlaşdırıla və ya ləğv edilə bilər. Əslində “Qızıl zəmanət” anlayışı müştərinin təhlükəsizliyini və satıcının məsuliyyətini əks etdirməlidir. Bu zəmanət avtomobilin mühərrik, transmissiya, elektrik sistemləri kimi əsas komponentlərinə aid təmir və ya əvəzləmə məsuliyyətini əhatə etməlidir. Amma bəhs edilən halda “Qızıl zəmanət”, sadəcə, qızılı rəngli kağızdan ibarət saxtakarlıqdır".

Natiq Ələsgərov deyib ki, bu tip fırıldaq sxemlərinə qarşı cəmiyyətin bütün təbəqələri, vətəndaş, media, hüquq-mühafizə orqanları və qanunvericilər birgə mübarizə aparmalıdır: “Yoxsa sabah sizin də aldığınız avtomobilin "zəmanəti" kağız üzərində qalacaq".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR