İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayın səfəri - Dövlət başçısı Ağ Evin “qara düzəliş”ə düzəliş etməsinə nail oldu

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə rəsmi səfərinin tarixi əhəmiyyəti ona görə böyükdür ki, səfər bu ölkənin lideri Donald Trampın dəvəti əsasında baş tutub.

Məlum olduğu kimi, dünyanın 200 dövlətinin, demək olar ki, hamısının lideri planetin ən qüdrətli ölkəsinin prezidenti ilə görüşmək niyyətində olduqlarını gizlətmir, buna nail olmağa çalışrlar, ancaq onun son 7 ayda Ağ Evdə görüşdüyü ölkə liderlərinin sayı heç 20-yə çatmır.

Azərbaycanın dövlət başçısına qarşı bu iltifat ölkəmizin regional əhəmiyyətindən, bir də prinsipial duruşundan irəli gəlir. Trampın bundan əvvəl İlham Əliyevin Şuşa Qlobal Forumunda etdiyi çıxışın videosundan fraqment paylaşması göstərirdi ki, Vaşinqtonda Azərbaycana və onun liderinin personasına diqqət artıb.

Prezidentin səfərinin həm Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin müzakirəsi, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı olduğu aydındır.

Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Prezident İlham Əliyev ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırmış, prezidentliyə namizəd D.Tramp haqqında müsbət fikirlər söyləmişdi. Bu hadisə Şuşada keçirilən Qlobal Media Forumunda olmuşdu.

Onu da qeyd edək ki, həmin vaxt cinayət məsuliyyətinə cəlb edilmiş, vaxtaşırı məhkəmələrə çəkilən Trampın prezident seçkisinə buraxılıb-buraxılmayacağı belə sual altında idi. Hətta hesab olunurdu ki, o, həbs olunacaq və bu vəsilə ilə də prezident seçilə bilməyəcək. Ancaq dövlətimizin başçısı böyük uzaqgörənliklə Trampın qələbə qazanacağını proqnozlaşdırmış və cəsarətlə onun namizədliyini dəstəkləmişdi.

Daha sonra Prezident İlham Əliyev bir neçə dəfə D.Trampın prezidentliyi dövründə ABŞ-nin müharibə başlatmadığını qeyd etmişdi.

Tramp isə prezident səlahiyyətlərinin icrasına başlayandan az sonra büruzə verdi ki, namizəd olduğu dövrdə hansı liderlərin ona qarşı çıxış etdiyini, hansı liderlərinsə ona dəstək verdiklərini yaxşı xatırlayır.
Siyasətin qızıl qaydalarından biri də prosesilərin hansı istiqamətdə getdiyini düzgün analiz etmək, mümkün nəticələrə dair dürüst proqnozlara malik olmaqdır. Xoşbəxtlikdən, Prezident İlham Əliyevin analizi də, proqnozu da düzgün çıxdı və bu, son nəticədə ölkəmizin faydasına oldu.

D.Trampın prezident seçilməsidən sonra ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılıb. Hər iki lider arasında telefon danışığı və çoxsaylı məktub mübadiləsi baş tutub. Donald Tramp və İlham Əliyevin üzbəüz görüşü isə, şübhəsiz ki, ABŞ və Azərbaycan arasında neçə ildən bəri davam edən, necə deyərlər, limoni münasibətlərin ilıqlaşmasına, normal məcraya düşməsinə təkan verəcək.
Artıq bu münasibətləri yeni mərhələyə qədəm qoyur. Səfər zamanı imzalanmış strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsinə dair memorandum bunun əyani sübutudur.

Azərbaycan və ABŞ-nin strateji tərəfdaşlığın 3 istiqaməti əhatə edəcəyi məlumdur. Bunlar enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, eləcə də süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətidir. Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq isə üçüncü istiqamətdir.

ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi ölkəmizdə ABŞ-nin iqtisadi fəallığının artması deməkdir və bu, indiki həssas məqamda, geosiyasi durumun gərginləşdiyi, bəzi qonşu ölkələr tərəfində Azərbaycana qarşı iddia və ittihamların artdığı vaxtda çox əhəmiyyətlidir.

Prezident İlham Əliyevlə Prezident Tramp arasındakı uğurlu əməkdaşlığın nəticəsi olaraq ABŞ Prezident tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması isə daha bir uğurlu nailiyyətdir. Vaxtilə haqsız şəkildə Azərbaycana qarşı qəbul edilmiş bu sanksiyanın qüvvədən salınması vacib idi, ancaq ərazisinin 20 faizinin işğala məruz qalmasına, açıq-aşkar hərbi aqressiya nəticəsində müharibə zərərçəkəni olmasına baxmayaraq, ABŞ prezidentlərinin heç biri bu bədnam “düzəliş”ə birdəfəlik düzəliş etmirdilər. Hətta Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi 907 saylı düzəlişi yenidən canlandırdılar və bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Halbuki Azərbaycan sülhməramlıları Əfqanıstanda ABŞ sülhməramlıları ilə çiyin-çiyinə xidmət edirdilər və ABŞ-nin ölkəmizə vəfa borcu vardı.

Şükür ki, nəhayət, sonda Tramp həmin “düzəliş”i yenidən qüvvədən saldı. Yəqin ki, yaxın gələcəkdə bu “dondurulmuş sanksiya” birdəfəlik ləğv ediləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR